Məhkəmə qərarları › İş №2(060)-122/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-122/2023

09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-122/2023 09.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Kərimova Sahilə Orduxan qızına qarşı pul tələbinə dair mülki işə 09 yanvar 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Kərimova Sahilə Orduxan qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin tərəfindən ödənilmiş 171 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Ağaoğlan Rzayev küçəsində yerləşən 450 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2007-ci ildən onun faktiki istifadəsində və sahibliyində olmuşdur. Bildirir ki, o, həmin evin yerləşdiyi torpaq sahəsini 2005-ci ildə almışdır və 2007-cl ilə kimi həmin torpaq sahəsində öz vəsaiti hesabına iki otaqlı ev tikmişdir. O, həmin evdə aiiə üzvləri ilə birlikdə yaşamışdır. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, onlar 2003-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə faktiki nikahlarından üç övladı dünyaya gəlmişdir. Bildirir ki, o, 2018-ci ildə ailəsini dolandırmaq məqsədilə Rusiya Federasiyasına getmişdir. Orda bir müddət işlədikdən sonra cavabdeh ona bildirdi ki, evin bəzi problemləri var, etibarnamə versin ki, evi satsın və başqa bir yerdən ev alsın. Əvvəlcə o, razı olmadı, daha sonra isə cavabdeh onun ailəsi olduğundan o, cavabdehə inanmış və ona etibarnamə vermişdir. Cavabdeh isə ona olan etibarından sui-istifadə edərək, onu aldatmış, evini 27000 manata satmış və pulunu mənimsəmişdir. Belə ki, o, həmin pulun üstünü düzəldərək, öz atasının adına ev almışdır. Ev satıldıqdan sonra isə cavabdeh onunla əlaqəni kəsmişdir. Artıq onlar ailə deyildirlər. Hesab edir ki, cavabdeh onu aldadaraq evini satıb pulunu mənimsədiyindən həmin pulun cavabdehdən alınıb ona verilməsi təmin olunmalıdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, tərəflərin birgə nikahları dövründə alınan torpaq və onun üzərində tikilmiş ev cavabdeh tərəfindən 27000 manata satılmışdır. İlk növbədə onu bildirir ki, fərdi yaşayış evi iddiaçının öz vəsaiti ilə alınıb. Cavabdeh etirazında mənzilin satıldığını etiraf edərək, həmin pulların uşaqların tələbatlarının ödənilməsi üçün xərcləndiyini bildirmişdir. Cavabdeh həmçinin etirazında iddiaçın Rusiyaya getdiyini və uşaqlara baxmadığını qeyd etmişdir. Əgər həqiqətən iddiaçı uşaqlarının qayğısına qalmırdısa və onlara maddi dəstək olmurdusa, onda cavabdeh aliment tələbi ilə məhkəməyə müraciət edərdi. Tərəflər arasında ailə kimi etibarlı münasibət olmuşdur. Bu etibardan sui istifadə edən cavabdehə evin satılmasına dair iddiaçı tərəfindən etibarnamə verilməsinə nail olduqdan sonra ancaq öz həyatını düşünməyə başlamışdır. Ev satıldıqdan sonra həmin vəsait hesabına cavabdehin atasının adına yeni mənzil alınmışdır. Hətta uşaqlara pul vəsaiti ilə babasının evi alındığını bildirmişdirlər. Mübahisəli mənzil iyun ayında satılmış və digər yeni ev isə bir ay sonra- iyul ayında alınmışdır. Əlavə olaraq onu da bildirir ki, tərəflər arasında rəsmi nikah olmadığından mübahisəli evin tərəflərin birgə vəsaiti hesabına alındığını bildirmək mümkün deyil. Əgər cavabdeh tərəf mənzilin tikintisinə pul qoyduğunu bildirirsə, bunu sübut etməlidir, hətta bununla bağlı məhkəməyə qarşılıqlı iddia tələbi ilə də müraciət edə bilərdi. Əslində etiraz ərizəsi məhkəməyə verilənə kimi iddiaçı tərəf kimi işin hallarını sübut etmək üçün məhkəməyə şahid çağırmaq niyyətində idilər. Lakin etiraz ərizəsində qeyd edilən bütün hallar cavabdeh tərəfindən etiraf edildiyindən məhkəməyə şahid dəvət etmək zərurəti aradan qalxmışdır. Əlavə olaraq onu da bildirir ki, mübahisəli torpaq sahəsinə dair ancaq Bələdiyyənin müvafiq sənədi olmuş və həmin sənəddə torpaq sahəsinin iddiaçı tərəfindən alındığı qeyd olunub. Qeyd edir ki, ev Rəhimin adına olmuşdur. Əgər belə olmasaydı, evin satılması üçün cavabdeh iddiaçıdan mənzilin satılması üçün etibarnamənin verilməsini istəməzdi. O, Bələdiyyəninin sənədini hüquqmüəyyənedici sənəd kimi qəbul etmir, amma mübahisəli torpaq sahəsi və mənzil iddiaçının faktiki istifadəsində olmuşdur. Onu da bildirir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh 17 yaşlı övladı üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Uşaqlardan biri atanın yanında yaşayır, məktəbə gedir, təhsildən yayınmır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, cavabdehlə bir müddət ailə kimi yaşamışdırlar və həmin nikahdan 3 övladları olmuşur. 2018-ci ildə Rusiyaya getmiş və həmin dövrdə cavabdehlə aralarında normal münasibət olmuşdur. Təxminən 3 ildən çox o, Rusiyada qalmışdır. O, bu müddət ərzində cavabdehə uşaqları saxlamaq üçün davamlı olaraq pul göndərmişdir. Cavabdehin onun uşaqlara baxmaması və pul göndərməməsi barədə dedikləri yalandır. Cavabdeh hər zaman mübahisəli evin satılmasını və yeni ev alınmasını tələb etsə də, o buna heç vaxt razı olmamışdır. Daha sonra cavabdeh ondan etibarnamə istəmiş, o da ailə olduqları üçün cavabdehə inanmış və etibarnamə göndərmişdir. O, ev alması barədə ona məlumat vermişdir. Belə ki, cavabdeh evin pulunu qardaşının ödədəyini bildirmiş, buna görə də cavabdeh ona işləyib hissə-hissə pul göndərməyi tapşırmışdır. Onun bildiyinə görə mübahisəli mənzil təxminən 11000 manata satılmış, qalan pul isə hissə hissə hər ay 500 manat olmaqla ödənilməli idi. Bundan əlavə o, cavabdehə həmişə pul göndərmiş və hətta cavabdehə evə görə hər ay verilən pulu uşaqlara xərcləməyə razı olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə məhkəmə müraciət edərək işə onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə və yazılı çıxış təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Kərimova Sahilə Orduxan qızına qarşı “pul tələbinə” dair mülki iş hal-hazırda icraatdadır. İddiaçı Kərimova Sahilə Orduxan qızına qarşı məhkəmə qarşısında iddia qaldıraraq, Sumqayıt şəhəri, X8 Rzayev küçəsində yerləşən mənzillərinin satışından əldə olunan məbləğin ona qaytarılmasını tələb etmişdir. Aşağıda qeyd etdiklərini rəhbər tutaraq, göstərilən tələbin təmini ilə bağlı qətnamə qəbul edilməsini Azərbaycan Respublikasının qanunvericiliyinin ciddi pozuntusu hesab edirlər və iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini qanuni hesab edirlər: Bildirmək istəyir ki, iddiaçı ilə aralarında faktiki nikah münasibətləri olmuş və bu münasibətdən 3 övladları dünyaya gəlmişdir. Uzun müddət ailə kimi bərabər yaşamış, tərəfə dəfələrlə aralarında mövcud olan ailə münasibətlərinin rəsmiləşdirilməsinin zərurətindən danışsa da, rəsmi nikah münasibətinə daxil olmaqla bağlı istəyini bildirsə də, iddiaçı onu müxtəlif bahanələrlə aldatmışdır. Uzun müddətdir ki, 3 övladının yaşayışın yaxşılaşması üçün çalışmışdır. Çünki iddiaçı öz atalıq borcunu düzgün yerinə yetirməmiş, dəfələrlə xarici ölkələrə getmiş, uzun müddət də qayıtmamışdır. 3 övladının yaşayışı üçün zəruri olan köməkliyi də göstərməmişdir. Bildirmək istəyir ki, iddiaçı tərəfındən ona Azərbaycan Respublikasında zəruri olan işlərini yerinə yetirmək üçün etibarnamə verilmişdir. Qeyd etmək istəyir ki, iddiaçı ilə aralarında etibarlı münasibətlər olmuş, lakin iddiaçı ailəsini dolandırmaq üçün zəruri olan hərəkətləri yerinə yetirməmişdir. 2018-ci ildə də iddiaçı yenə xarici ölkəyə getmiş və övladlarının yaşayışı ilə maraqlanmamışdır. Dəfələrlə özünə müraciət etsə də, heç bir maddi köməklik göstərməmişdir. O isə son çıxış olaraq, birgə yaşayışları dövründə aldıqları mənzilin satışını həyata keçirmək qərarına gəlmişdir. Ümumiyyətlə bununla əlaqədar bir neçə dəfə bildirmiş və qeyd etmişdir ki, maddi köməkliyin göstərilməməsinin nəticəsində günlük yaşayışları çətinləşmiş və əgər köməklik göstərməklə bağlı hərəkətsizliyi davam edərsə, birgə aldıqları mənzilin satışını həyata keçirəcək. Məhz bu səbəbdən də ona iddiaçı tərəfindən etibarnamə verilmiş və tam səlahiyyət olaraq bildirilmişdir ki, mənzil onun tərəfindən satılsın və ortaq xərcləri üçün xərclənsin. Ortaq aldıqları qərar əsasında birgə aldıqları evin satışını həyata keçirmiş və bundan sonra iddiaçı ilə birlikdə ailənin dolanışığını təmin etmək məqsədilə ortaq xərclərinə, övladlarının ehtiyaclarına və s. xərclənmişdir. Həmin dövrdən etibarən kirayə şərtləri əsasında başqa evdə övladları ilə birgə yaşayır. Mübahisələndirilən mənzilin satışı hissə-hissə həyata keçirilmiş və təhviltəslim aktı ilə rəsmiləşdirilmişdir. Aylıq aldığı ödənişlə kirayə evin aylıq ödənişini və aylıq xərclərini qarşılamışdır. Uzun müddətdir çalışmadığı üçün aylıq xərclərinin qarşılanması evin satışından ödənilən aylıq ödənişlə həyata keçirilmişdir. İndi isə iddiaçı birgə ortaq qərar əsasında satdıqları evin satışından əldə olunan məbləğin qaytarılmasını ondan tələb edir. Bu isə tamamilə qanunsuz və əsassız tələbdir. Belə ki, iddiaçı tərəfindən ona verilmiş etibarnamə tamamilə qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Qanunvericiliyin tələbinə əsasən isə mövcud iddia ilə bağlı məhkəməyə müraciət edilməsi əsassızdır. Belə ki, mənzil etibarnamə ilə satıldığından həmin etibarnamə də qanunvericiliyin tələblərinə əsasən verildiyindən satışdan əldə olunan gəlirin tələb olunması hüquqları pozan haldır. 2. AR MM-in 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Oxşar müddəa Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında da göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin ətibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bildirmək istəyir ki, adıçəkilən mənzilin satılması zamanı iddiaçının iradə ifadəsi olmuşdur və birgə aldıqları mənzil ortaq razılıqları əsasında satılmışdır. Belə ki, məhz iddiaçının razılığı ilə mənzilin satılması və ona bunun üçün etibarnamənin verilməsini öz iradəsi əsasında həyata keçirmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Qərarında da qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkənı münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilelərin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalannı tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin tələbinə əsasən, Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanımn aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Bu baxımdan bildirmək istəyir ki, iddiaçı tərəfindən ona qanunun tələblərinə əsasən etibarnamə verildiyindən və bu etibarnamə əsasında da ona adıçəkilən mənzilin satılaraq ortaq xərcləri üçün satılması barədə tapşırıq verilmişdir. Bu da tərəfindən icra olunmuşdur. Hal-hazırda da iddiaçı tərəfındən övladlarının yaşayışı üçün maddi dəstək göstərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Kərimova Sahilə Orduxan qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil etiraza uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mübahisəli ev cavabdeh tərəfindən ailənin və uşaqların tələbatlarının ödənilməsi məqsədi ilə satılmışdır. Ev satıldıqdan sonra əldə edilmiş pul ailənin xərcləri üçün sərf olunmuşdur. İlk növbədə qeyd edir ki, mübahisəli mənzilə dair heç bir hüquqmüəyyənedici, yəni torpağın evin kimin mülkiyyətində olmasına dair sənəd olmamışdır. Bələdiyyə tərəfindən verilmiş sənədin isə heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, sözügedən torpaq sahəsi zəbt edilmiş olsaydı da, bələdiyyə tərəfindən belə bir arayış veriləcəkdi. Torpağın iddiaçı tərəfindən allınması belə şübhəlidir. Hesab edir ki, iddiaçı ilk növbədə torpağı kimdən və neçəyə aldığını sübut etməlidir. Əslində onlar evin satılmasını etiraf edirlər. Lakin əldə edilmiş pul ailənin və uşaqların tələbatları üçün xərclənmişdir. Belə ki, tərəflər ailə kimi yaşamışdırlar və birgə nikahdan olan övladların tələbatını da iddiaçı ödəməli idi. Lakin bunu etmədiyinə görə cavabdeh məcbur qalaraq həmin pulu uşaqlar üçün xərcləmişdir. Bundan əlavə sözügedən mənzil tərəflərin birgə vəsaiti hesabına tikilmişdir və belə olan halda cavabdehin də həmin evə hüququ var. İddiaçı tərəfindən verilmiş etibarnamə tək mənzilin satılması üçün verilməmişdir. Hazırda cavabdehin atasının özünə mənzil almasının isə bu məsələyə heç bir aidiyyatı yoxdur. Əlavə olaraq onu da bildirir ki, cavabdeh uşaqları saxlamaq üçün heç vaxt aliment tələbi ilə məhkəməyə müraciət etməmişdir. Lakin hazırda cavabdeh yetkinlik yaşına çatmayan övladı üçün aliment tələbi ilə məhkəməyə müraciət edir və məsələyə mediasiya prosesində baxılır. Hazırda uşaqlardan biri cavabdehə məlum olmayan səbəbdən iddiaçının yanında qalır, məktəbə getmir və atasının yanında işləyir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhəri X2 xx.xx.2022-ci il tarixli 61 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi Agaoğlan Rzayev küçəsində sənədsiz 450 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2007-ci ildən İddiaçı məxsus olub və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayıb. 2007-ci ildən torpaq vergisi və əmlak vergisi ödəyicisi kimi X3 qeydiyyata alınmışdır. 2020-ci ildə İddiaçı razılığı əsasında həyat yoldaşı (xanımı) tərəfindən torpaq sahəsi və fərdi ev digər bir vətəndaşa satılmışdır. İşdə olan Azərbaycan Respublikasmın İqtisadiyyat Nazirliyi yanmda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********20 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 16 saylı mənzil Sumqayıt şəhər 4 saylı notariat kontorunun xx.xx.2020-ci il tarixli, 4Ə-1391 reyestr nömrəli alqı satqı müqaviləsi əsasında X4 adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan şəxsin sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı sonuncu dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2018-ci il tarixdə, sonuncu dəfə dövlət sərhədinə girişi xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında Kərimova Sahilə Orduxan qızı ilə X6 arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Sahilə Kərimova Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə, Yeni yaşayış massivində yerləşən həyət evini həyətyanı sahəsi ilə birlikdə həyat yoldaşı İddiaçı ona veriyi etibarnamə əsasında 26000 manata (ilkin ödəniş 9500 manat, qalan pulu isə hər ay 500 manat ödəmək şərti ilə) X1. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər 2003-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdurlar və onların birgə nikahlarından üç övladları olmuşdur. Tərəflər arasında rəsmi nikah yoxdur. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən 27000 manata satıldığını və həmin pulun onun tərəfindən mənimsənildiyini iddia edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onunla bağlı notarial qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Lakin cavabdehin etirazına və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına əsasən tərəflərin istifadəsində olan torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən etibarnamə verilməsi və həmin torpaq sahəsinin satılması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxsəldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İddiaçı iddia tələbinin əsası kimi cavabdehin onun etibarından sui istifadə edərək mübahisəli mənzili satdığına və əldə edilmiş pul vəsaitini mənimsədiyinə istinad etmişdir. Lakin məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu və digər halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və ilkin məhkəmə iclaslarında verdiyi izahatlarında mübahisəli mənzilin hissə-hissə ödəmək şərtilə satılmasını bildiyini qeyd etməmişdir. Lakin xx.xx.2022-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatında evə görə hər ay ödənilən 500 manat məbləğində pulu cavabdehə uşaqları üçün xərcləməyə razılıq verdiyini bildirmişdir. Beləliklə iddiaçı evin satışından əldə olunan pulun nəinki cavabdeh tərəfindən uşaqların ehtiyacları üçün xərcləndiyini bilmiş, hətta buna özü razılıq vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının cavabdehin onu aldatması, ona məxsus pulu mənimsəməsi barədə iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmır. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Kərimova Sahilə Orduxan qızına qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Kərimova Sahilə Orduxan qızına qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar