Məhkəmə qərarları › İş №2(060)-1227/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1227/2022

06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1227/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmir-tikinti işlərinə çəkilmiş xərcin alınmasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə (mənzilə) onun tərəfindən təmir-tikinti işlərinə çəkilmiş 27.000 manat xərcin və ödənilmiş 183 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanına o, digər ailə üzvləri ilə cavabdehlərin razılıqları əsasında köçürülmüşdür. Həmin mənzildə dəfələrlə öz vəsaiti hesabına əsaslı təmir-tikinti işləri aparmışdır. 2014-cü il tarixdə məhkəmənin qətnaməsi əsasında (cavabdehlərin iddiası üzrə) onun digər ailə üzvləri qeyd edilən mənzildən çıxarılmışlar, cavabdehlər onu isə mübahisəyə qoşmayaraq mənzildən istifadə edib yaşamağa şərait yaratmışlar. Belə ki, cavabdehlər mənzili ona verəcəklərini də vəd etmişlər. Buna baxmayaraq bir müddətdən sonra onu da mənzildən çıxarılmasına dair iddia irəli sürmüşlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən etiraz verilmişdir. Etirazda bildirilmişdir ki, onlar iddianı qəbul etmirlər. İddiaçı mübahisəli mənzili 29.07.2019-cu ildə qanunsuz olaraq zəbt etmiş və sonra da məhkəmədə həmin evə istifadə hüququnun tanınması barədə iddia qaldırmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 27.09.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 21.02.2020-ci il tarixli qətnaməsi ilə şikayət təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı artıq istifadə hüququnun olmadığı təsdiqlənən bu mənzili könüllü boşaltmır və bu səbəbdən də onlar həmin mənzilə daxil olaraq orada yaşamaq hüququndan məhrum edilmişlər. Artıq iki ildir ki, iddiaçı onların mənzilində yaşamaqla onların mənzildən məhrum olmalarına və başqa ünvanlarda müvəqqəti yaşamaq məcburiyyətində qalmaqlarına səbəb olmuşdur. İddiaçı hətta hədə-qorxu gələrək bildirmişdir ki, əgər onlar həmin evə yaxın gəlsələr onları məhv edəcəkdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-367/2014 saylı, 28.02.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının qohumları – anası Həsənova Şükufə və qardaşları Həsənov Firdovsi və Həsənov Novruzun onlara məxsus olan ünvan 1-dən çıxarılmaları qət edilmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İllərlə davam edən icra hərəkətlərindən sonra nəhayət ki, qətnamə icra edilmiş və 29.07.2019-cu il tarixdə iddiaçının qohumları mənzildən çıxarılmış və mənzilin açarları cavabdehə təqdim olunmuşdur. Mənzildə iddiaçının qohumlarına məxsus olan bəzi əmlakların qalması və onlar tərəfindən götürüləcəyi barədə akt tərtib olunmuş və cavabdehlər tərəfindən qətnamə ilə qət edilmiş 3.500 ABŞ dolları məbləğində pul Şükufə Həsənovaya ödənilmişdir. Lakin hazırki iş üzrə iddiaçının qohumları mənzildən çıxan kimi mənzilə qanunsuz şəkildə, mənzilin pəncərəsindən 20 nəfərlə zorla daxil olmuş və qətnamədə iddiaçının adı olmadığı üçün icra məmuru iddiaçını mənzildən çıxara bilmədiyini demişdir. İddiaçının qohumları əvvəlki məhkəmə prosesində mənzilin təmir xərclərinin cavabdehdən tutulması barədə iddia qaldırmış, lakin məhkəmə həmin iş üzrə ekspertiza təyin etmiş, ekspert mənzildə hər hansı bir təmir işlərinin olmaması ilə bağlı rəy vermiş və məhkəmə də iddiaçının qohumlarının iddia tələblərini rədd etmişdir. İddiaçı iddia tələbində bu mənzilə sərf edilmiş təmir- tikinti xərci olaraq cavabdehdən 27.000 manat pul tələb edir, halbuki bu mənzil dövlət tərəfindən tikilmiş, binanın 1-ci mərtəbəsində yerləşir və mənzilin heç bazar qiyməti 27.000 manat deyildir, onun bu iddiası absurd və cəfəngiyatdır. O, heç vaxt iddiaçıya bu mənzili verəcəyini vəd verməmiş, belə olsaydı 9 ildən artıq məhkəmə mübahisələri davam etməzdi. İddiaçı mənzilin qanunsuz yaşayışçısı olmaqla yanaşı cavabdehə bir sıra maddi məhrumiyyətlər yaşatdığı, onu və ailə üzvlərini mənzilindən çıxardığı və mənzilin boşaldılması barədə qətnaməni icra etmədiyi halda onlara qarşı hazırki iddia tələbini qaldırmışdır. Əvvəla həmin mənzildə iddiaçı tərəfindən təmir işləri aparılmamışdır, bu faktı təsdiqləyən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi də vardır, digər tərəfdən hətta əgər iddiaçı bu işləri görmüşdürsə, cavabdeh bunu ondan xahiş etməmiş, aralarında bununla bağlı müqavilə bağlanılmamışdır. 24 ildir ki, mənzil iddiaçının və onun ailə üzvlərinin istifadəsində olmuşdur və onun hazırki iddia tələbi süni surətdə bu məsələni uzatmağa xidmət edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, iddiaçının tələbi əsassız olduğunu və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid X1 ifadə verərək bildirdi ki, sözügedən mənzili o təmir etmişdir. Təmiri Bəhruzun qardaşı Novruz sifariş etmişdir. Təmirin xərclərini Novruz ödəmişdir. Təmir bitdikdən sonra təhvil-təslimi də Novruz etmişdir. Təxminən iddiaçının qardaşından 3.000-4.000 manat pul almışdır. Materiallara nə qədər vəsait xərcləndiyini bilmir. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirdi ki, o, Bəhruzu 2017-ci ildə tanımışdır. 2018-ci ildə Bəhruz ona demişdir ki, mənzilini təmir etdirmək istəyir. Sözügedən mənzilə iddiaçının istəyi ilə elektrik xətlərinin dəyişilməsi işini görmüşdür. Gördüyü işə görə Bəhruz ona 300 manat usta haqqı ödəmişdir. Materialların pulunu da Bəhruz özü vermişdir. Bəhruzun materiallara nə qədər xərc çəkdiyi yadında deyildir. O, mənzildə təkcə elektrik işini görmüşdür. Məhkəmə, tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4983/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh İddiaçı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 2-dən çıxarılması, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə köçürülməsi qət edilmiş və qarşılıqlı iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərə verilmiş orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-354/2022 saylı, 02.02.2022-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4983/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsindən qarşılıqlı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4983/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7314/2019 saylı, 27.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı X5 və qeyrilərini maraqlı şəxs qismində cəlb etməklə mənzildən istfadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-473/2020 saylı, 21.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7314/2019 saylı, 27.09.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7314/2019 saylı, 27.09.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd olunmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4709/2020 saylı, 08.10.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 473/2020 saylı, 21.02.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-473/2020 saylı, 21.02.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-176/2018 saylı, 27.07.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 X6, X3 və X7 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi və X4 və X2 Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi ziyana görə təzminatın ödənilməsi tələbinə dair qarşılıqlı idddia ərizələri rədd edilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2063/2021 saylı, 15.12.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, ev 1, 2 saylı mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2132/2021 saylı, 09.12.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin Uçotu Şöbəsinə qarşı cavabdeh orqan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin Uçotu Şöbəsinin hərəkət (hərəkətsizliyini) qanunsuz hesab edib, Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 2 ünvanına dair iddiaçı ilə kirayə (sosial) müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. - Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 20.04.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə başlanılmış ********* №li cinayət işinin icraatına hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli mənzildə onun tərəfindən təmir işlərinin aparılmasını, bununla əlaqədar çəkilmiş xərcin miqdarını sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Belə ki, cavabdehlərin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliklərinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmir-tikinti işlərinə çəkilmiş xərcin alınmasına dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmir-tikinti işlərinə çəkilmiş xərcin alınmasına dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar