Məhkəmə qərarları › İş №2(060)-1245/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1245/2024

29.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1245/2024 29.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işçisinin təqsiri nəticəsində dəymiş zərərin əvəzi olaraq 5195 (beş min yüz doxsan beş) manat maddi zərərin və ödənilmiş 100 manat məbləğində dövlət rusumunun, ümumilikdə 5295 (beş min iki yüz doxsan beş) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olan idarə etdiyi "Kamaz 53212” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Sumqayıt şəhəri, Koroğlu prospekti ilə hərəkətdə olan zaman svetoforun qırmızı işığının tələbini pozaraq hərəkətini davam etdirərkən əks istiqamətli yolda hərəkətdə olan "Mersedes" markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, daha sonra idarəetməni itirərək soldan hərəkətdə olan onun idarə etdiyi "Vaz 21723" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zəncirvari, eyni zamanda xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəyən zərər müvafiq qüsur aktı ilə qiymətləndirilmiş və yekun olaraq ona 6500 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Həmin zərərdən 1305.66 manat "xxxx" ASC tərəfindən ödənilmişdir. Qalan zərər bu günə qədər dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq ona ödənilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ona ziyan vuran şəxs "xxxx" zavodunun işçisidir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı müəssisəyə müraciət etdikdə idarə günahı sürücüdə görmüş, sürücü isə zavodu günahlandırmışdır. Baş vermiş hadisə ilə əlaqədar inzibati cərimə zavodun sürücüsünə yazılıb. Hadisə nəticəsində onun maşınına 6000 manat ziyan dəymişdir. Həmin ziyandan Sığorta şirkəti tərəfindən ona cəmi 1305 manat ödəniş olunub. Belə ki, hadisə vaxtı bir neçə zərərçəkən olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) məlumat verilsə də, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı Sumqayıt Dəmir- Beton zavodunun işçisi barəsində protokol tərtib edildiyini bildirir. Hesab edir ki, sığorta şirkətinin nəyə görə 1305 manat ödəniş etməsi aydınlaşdırılmalıdır. Belə ki, hadisə nəticəsində bir neçə zərərçəkmiş şəxs olması barədə onun məlumatı yoxdur. Bu səbəbdən bununla bağlı sığorta şirkətinə sorğu verilməlidir. Hadisə törədən sürücünün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi olması barədə əmək müqaviləsi və digər sənədləri isə o, məhkəməyə təqdim edəcəkdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2023-cü il tarixli Mərcan Firması tərəfindən verilmiş qüsur aktına əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "Vaz 21723" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 6500 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə X4 idarə etdiyi Kamaz 53212 markalı, **-AE-*** dövlət nişanlı yük avtomaşını ilə Sumqayıt şəhəri, Koroğlu prospekti ilə hərəkətdə olan zaman svetaforun qırmızı işığının tələbini pozaraq hərəkətini davam etdirdikdə əks istiqamətli yolda hərəkətdə olan Mercedes markalı, **-RT-*** dövlət nişanlı avtomaşına çırpılmış daha sonra, idarəetməni itirərək soldan hərəkətdə olan İddiaçı idarə etdiyi Vaz 21723 markalı, **-VS-*** dövlət nişanlı nişanlı avtomaşınla toqquşaraq zəncirvari eyni - zaman xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı hal-hazırda Sumqayıt ŞPİ -nin Təhqiqat Şöbəsində araşdırma aparılır. İş materiallarında olan 160 nömrəli yol vərəqindən görünür ki, 01 sentyabr 2023-cü ildən – 01 yanvar 2024-cü il tarixədək "Kamaz 53212” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Azərbaycan Respublikası ərazisində idarə etmək üçün X2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yol vərəqi verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 1305.66 manat pul ödənilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli işə dair sığorta ödənişi aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus "Kamaz 53212” markalı, 50-AE911 dövlət qeydiyyat nişanlı yük avtomobili "Meqa Sığorta” ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək "ANVSMMİS" növü üzrə sığortalanmışdır. Həmin avtomobili yol vərəqəsi əsasında X3 idarə edir. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində İddiaçı idarə etdiyi Vaz 21723 markalı, **-VS-*** dövlət nişanlı nişanlı avtomaşına 6500 manat məbləğində ziyan dəymiş, 1305.66 manat "xxxx" ASC tərəfindən İddiaçı hesabına köçürülmüşdür. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi Sumqayıt Dəmir-Beton-12 Açıq Səhmdar Cəmiyyətinə məxsus "Kamaz 53212” markalı, 50-AE911 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Vaz 21723 markalı, **-VS-*** dövlət nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü H.Mədətov ayıq olmuş, avtonəqliyyat vasitəsini yol vərəqi ilə idarə etmək hüququ olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələri nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus, yol vərəqi əsasında X3 tərəfindən idarə olunan "Kamaz 53212” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili İddiaçı məxsus olan “Vaz 21723” markalı, **-VS-*** dövlət nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomobilə ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. Beləliklə, Mülki Məcəllənin 1099-cu maddəsinin məzmununa əsasən işəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlər məcmu şəkildə mövcud olmalıdır: - mülki hüquq pozuntusu törədən şəxs hüquqi şəxsin işçisi olmalıdır; - hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43 və 44-cü maddələrinin mənasına görə, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanan və özündə həmin Məcəllənin 43-cü maddəsində göstərilən bütün şərtləri və məlumatları, o cümlədən işçinin əmək funksiyalarını ehtiva edən yazılı razılaşmadır. İşçinin əmək funksiyası isə Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində konkretləşdirilmiş və müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarından görünür ki, X3 hadisədən sonra verdiyi izahatında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi olduğunu və yol vərəqi əsasında "Kamaz 53212” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etdiyini bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsinə X1 hadisə baş verən tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi olubolmaması barədə sənədlərin təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi olması barədə sənədləri məhkəməyə təqdim edəcəyini bildirsə də təqdim etməmiş, ümumiyyətlə H.Mədətovun cavabdeh müəssisənin işçisi olması faktını mübahisələndirməmiş, yalnız dəymiş ziyanın məbləğini mübahisələndirmişdir. Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (78.1). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Həmin Məcəllənin 106-cı maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (106.3). Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Mülki-prosessual qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Bu səbəbdən cavabdeh “Sumqayıt Dəmir-Beton-12" ASC-nin işçisi tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçıya məxsus “Vaz 21723” markalı, “**-VS-***” dövlət nişanlı avtomaşının təmir-bərpa xərci ilə bağlı ekspertiza təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2024-cü il tarixli, 9/3104 nömrəli rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Mərcan” firması tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Vaz 21723” markalı, “**-VS-***” dövlət nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 5800 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 3600,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 2200,00 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4854,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 2654,00 manat; təmir-bərpa işlərinin qiyməti - 2200,00 manat. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilənlərə əsasən, iddia qismən təmin edilməli, iddiaçıya sığorta şirkəti tərəfindən 1305.66 manat ödənilməsi nəzərə alınmalı, cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 3548.34 (4854- 1305,66) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 70% həcmində) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən alınmalı və iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərcinin 35 manatı cavabdehə, 15 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi X3 tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 3548,34 (üç min beş yüz qırx səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq cavabdeh "xxxx" ASC-dən 35 (otuz beş) manat, İddiaçı isə 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar