Məhkəmə qərarları › İş №2(060)-1254/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1254/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1254/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3500 manatın, eləcə də ödənilmiş 198 manat dövlət rüsumunun və vəkil xidməti olaraq ödənilmiş 320 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin 35000 manat kimi qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, əmisi X4 ilə birlikdə ticarətlə məşğul olarkən Sumqayıt şəhər sakinləri olan cavabdehlər Sehran və Şahinlə tanış olmuşdur. Onlar bank maklerliyi ilə məşğul olurdular, insanlara girov qoyub pul götürməkdə köməklik edirdilər, ona görə də tez-tez alver etdikləri bazara gəlib müştəri axtarırdılar. Öz evini girov qoyub kredit götürmək istədiyi üçün xx.xx.2015-ci il tarixdə çayçıda cavabdehlərlə görüşmüşdür. İstəyini onlara bildirdikdə cavabdehlər dedilər ki, mənzilini “NBC” banka girov qoyub onun üçün 46000 manat kredit ala bilərlər. Bu işi görməkdən ötrü cavabdehlər ondan 6000 manat alacaqlarını bildirdilər. O da razılaşıb dedi ki, ona kömək etsələr, onlara 6500 manat verəcəkdir. Sehran onun yanında bir şəxslə telefonla danışdı, həmin şəxsin bank işçisi olduğunu dedi və bildirdi ki, evin sənədlərini hazırlamaq üçün 500 manat vermək lazımdır. 2 gün sonra, xx.xx.2015-ci il tarixdə ev sənədlərini hazırlamaq üçün onlara 500 manat verdi. Həmin pulu Sehran götürdü, Şahin də yanında idi. xx.xx.2015-ci il tarixdə Şahin zəng edib onunla görüşdü, bankla danışıldığını, ona 46000 manat kredit veriləcəyini və bunun üçün 6500 manat pul verilməli olduğunu dedi. Bundan sonra Şahin bildirdi ki, öz evini də girov qoyub kredit götürmək üçün ona 4000 manat lazımdır, həmin pulu üstündə də 1800 manat artıq olmaqla, krediti alandan sonra ona qaytaracaq. Həmin günü 20 radələrində Şahinlə yenidən görüşmüş, danışdıqları kimi üstündə 1800 manat artıq qaytarmaq şərtilə Şahinə 4000 manat vermişdir. Pulu Şahinə verəndən sonra Şahin ondan aralananda gördü ki, kənarda duran Sehranla birlikdə maşına minib getdilər. Təxminən 4-5 gün sonra özünü “NBC” bankın işçisi kimi qələmə verən bir şəxs evin girov qoyulub kredit verilməsi üçün mənzillərin şəkillərini çəkərək getdi. xx.xx.2015-ci il tarixdə cavabdehlərlə görüşmüş, onlar bildirdilər ki, həm onun evinin, həm də böyük məbləğdə kredit götürülməsi üçün daş karxasının şəkillərini çəkib sənədlərini hazırlamaq üçün 3000 manat lazım olduğunu bildirdilər. Cəmi 1500 manat verə biləcəyini demişdir. Lakin onlar təkidlə həmin 3000 manatı istəyərək sonda kreditə görə onlara verəcəyi 6500 manatdan 3000 manatı çıxacaqlarını dedilər, o da işin düzəlməsi üçün əlacsız qalıb həmin günü axşam cavabdehlərə 3000 manat vermişdir. Bu vaxt pulu Sehran götürdü, Şahin də onun yanında idi. xx.xx.2015-ci il tarixdə cavabdehlə görüşləri zamanı ona Elman və Elçin adlı şəxslərin adına olan daş karxanasının sənədlərini göstərib dedilər ki, bu karxananı banka girov qoyub küllü miqdarda kredit götürəcəklər, amma bunun üçün 25000 manat pul lazımdır. Həmin pulu onlara versə, aldıqları küllü miqdarda kreditdən ona 13500 manat xeyir də verəcəklər. O da xeyrini görüb onlara 25000 manat verməyə razılaşmışdır. Həmin günü Ağdam çayçısı yaxınlığında 25000 manat pulu onlara vermişdir. Həmin zaman orda cavabdehlər və taksi sürücüsü kimi olan Anar adlı şəxs olmuşdur. Pulu taksidə Şahinə vermiş, Şahin pulu sayıb Sehrana vermiş, Sehran da pulu taksinin bardoçokuna qoymuşdur. Onlar bildirdilər ki, pulu Bakıda Yavər və Yusif adlı bank işçilərinə verməlidirlər. O dedi ki, pulu verəndə iştirak etmək istəyir. Bu məqsədlə birlikdə Bakıya, Yasamal rayonunda Kaktus testoranının qabağına gəldi. Sehran 25000 manatı bardoçokdan götürüb restoranda həmin şəxslərə vermək üçün düşəndə, o da onunla getmək istədiyimi bildirdi, amma Sehran dedi ki, onu görsələr bank işçiləri “hürkəcəklər”, ona görə də özü tək keçib pulu onlara təklikdə verməlidir. O da işin xətrinə içəri keçməyib çöldə Şahinlə birlikdə gözlədi. Yarım saat sonra Sehran restorandan çıxdı, birlikdə Sumqayıta qayıtdılar. Yol boyu Sehran və Şahin hər ikisi danışırdılar ki, 28-29 noyabrda kredit məsələsi, 30 noyabrda isə daş karxanasına görə 350000 manat kredit məsələsi həll ediləcək. 30 noyabr 2015-ci il tarixdə kreditin vəziyyətini öyrənmək üçün Seharana zəng etmiş, Sehran cavab vermədiyi üçün Şahinə zəng etmiş, Şahinlə görüşəndə o, bildirdi ki, kredit məsələsi bir qədər gecikir, dekabrın 10-na qədər çəkəcək, 2-3 günə Sehran özü onunla əlaqə saxlayacaq. Həmin ərəfədə Yavər adlı şəxslə əlaqə saxlayanda bildirdi ki, Sehran ona pul verməmişdir. Artıq cavabdehlərdən şübhələnməyə başladı. xx.xx.2015- ci il tarixdə Sehran onunla əlaqə saxlayıb, kreditin dekabrın 10-na qədər uzanmasını bildirdi, müəyyən problemlərin həlli üçün əlavə 3000 manat istədi, o da bütün işlərin batmaması üçün çarəsiz qalıb ona 3000 manat verdi. Sehran pulu ondan götürüb, dekabrın 10-na kimi həm onun, həm də karxananın kredit məsələsinin düzələcəyini bildirdi. xx.xx.2015-ci il tarixdə Şahinlə görüşüb işin nə yerdə olduğunu soruşanda, Şahin işi boynundan atmağa başladı, Sehranın qaçıb gizləndiyini dedi. Bundan sonra başa düşdü ki, onlar pulunu alıb mənimsəyiblər. Bu məqsədlə polisə şikayət etdi, polisdə onların əməlində dələduzluq cinayətinin əlamətləri olduğunu nəzərə alaraq onlar barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2. maddəsi ilə cinayət işi qaldırıldı, barələrində təqsirçilik elan edildi. Lakin uzun illər davam edən araşdırmadan sonra onların ondan ümumilikdə 35000 manat pul almaları öz təsdiqini tapsa da, əməllərində cinayət tərkibi olmadığı, bu mübahisənin mülki xarakter daşıması əsas gətirilərək, müstəntiqin son xx.xx.2024-cü il tarixli qərarına əsasən, cavabdehlərin əməlində cinayət tərkibi olmadığı üçün barələrində olan cinayət təqibinə xitam verilməsi və onun mülki qaydada məhkəməyə müraciət etməli olduğu qərara alındı. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdehlər ona və digər şəxslərə kredit götürülməsi və müqabilində ona əlavə pul verəcəkləri barədə qarşısında öhdəlik götürmüş, lakin həmin öhdəliyi yerinə yetirməmişlər. Onların ondan bu pulu almaları istintaq araşdırması zamanı onlara həm özlərinin qismən etirafedici ifadələri, eləcə də şahid ifadələri, səsyazıları, yazışmalarla tam sübut edilib. Belə olan halda cavabdehlər buna görə ondan aldıqları 35000 manatı geri qaytarmalıdırlar. Lakin cavabdehlər könüllü olaraq pulunu qaytarmadıqları üçün məhkəmə qaydasında həmin pul cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməlidir.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən qəbul edilmiş 01 fevral 2024-cü il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh2 və Cavabdeh1 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olmadığından başlanmış cinayət təqibinə xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə Cavabdeh2 və Cavabdeh1 təqsirləndirilən şəxs qismində, İddiaçı isə zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən tərəflər arasında yaranmış mübahisə mülki hüquq normalar ilə tənzimlənən mübahisə olduğundan tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunması qərara alınmışdır.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

11. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 1, mənzil 17-də yaşayan İddiaçı Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldadılaraq 35690 manat məbləğində pulunun ələ keçirilməsi barədə müraciəti ilə bağlı toplanmış material Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. Sumqayıt ŞPİ-nin İŞ-nin 01 fevral 2024-cü il tarixli qərarı ilə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır.

12. Sumqayıt ŞPİ-nin İŞ-nin həmin qərarında qeyd edilmişdir ki, telefon danışıqlarına baxış protokoldan görünür ki, diskə baxışın keçirilməsinə dair xx.xx.2016-cı il tarixli protokoldan görünür ki, şərti olaraq işarələnmiş «2 nömrəli» faylada Cavabdeh2 Eldar X1 söhbət edirmiş. Söhbət zamanı Etibarın «Şahin səninlə Sehrana ikinizə iş üçün 25000 manat pul verilib, düzdü?» sualına Şahin «hə» cavabı verir. X11 Etibara «İş gördüyüm adamla iş görürəm, iş görmədiyimləsə isə görmürəm, nə almışamsa qaytaracam. Sehranla birlikdə gedib mənim arxamca iş görürsünüz»-deyə bildirir. Şərti olaraq «4» rəqəm ilə işarələnmiş faylda Şahindən «Ağdama gətirib 25000 manat pul verdim. Sən o işdə var idin?» sualına Şahin «mən o işdə başdan var idim, ində yoxam.»-deyə cavab verir. Şahindən bir daha «25000 manat pulu verəndə sən orada idin?» sualına Şahin bəli orada idim-deyə cavab verir. xx.xx.2016- cı il tarixdə səsyazmanın təqdim edilməsi barədə protokoldan görünür ki, Cavabdeh1 diskdə bir səsyazmada olan şəxsin onunla Eldarın arasında olan danışığıdır. Orada üçüncü şəxsi isə tanımır və həmin şəxs Eldarın tanışıdır. xx.xx.2016- cı il tarixli səsyazmanın təqdim edilməsi barədə protokoldan görünür ki, Cavabdeh2 5 səsyazma faylda olan səslərin onunla Eldarın danışığı olduğunu və həmin səsyazmalardan aydın olur ki, o, pul almamış və Sehranın pulu aldığını bildirmişdir. xx.xx.2016-cı il tarixli səsyazmanın təqdim olunması protokolundan görünür ki, İddiaçı diskdə olan səsyazmaları özü yazmış, səsyazmalardan olan səslərin 5-i Cavabdeh2lə olan danışıqdır, 1-i isə Sehranla olan danışıqdır. Sehranla olan danışıqda Sehran adını bilmədiyi başqa bir nəfərə şəxsə özünü bankdan kredit düzəldən kimi təqdim edərək kredit çıxarmanın yollarını və «şapka» pulu almaq barədə söhbət edirmiş. Şahinlə olan səsyazılarda isə Şahin məsuliyyətdən yayınmaq üçün özünü elə aparırmış ki, sanki pullar hamısı Sehrandadır. 2015-ci ilin noyabr ayından 2015-ci ilin dekabr ayının sonuna kimi İddiaçı istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrindən X3 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Cavabdeh2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-**, X5 istifadəsində olmuş ***-***-**-** və X2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələrinə giriş-çıxış zəngləri olmuş, İddiaçı istifadəsində olmuş mobil telefon nömrəsindən Cavabdeh2 və Cavabdeh1 mobil telefon pul tələbinə dair sms mətnləri daxil olmuşdur. 13 iyul 2016-cı il tarixli mobil telefona baxış protokolundan görünür ki, X3 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsindən İddiaçı istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə pul almasına dair etiraf edici mesajı daxil olmuşdur. Məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2016-cı il tarixli, 26194 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd «PRİNCO» markalı, CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissələrindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd «PRİNCO» markalı, CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd «PRİNCO» markalı, CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılan mətn və mətn hissələrində «Kİ» kimi işarə olunmuş diktorun səsi və nitqi - Cavabdeh1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd «PRİNCO» markalı, CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə yazılan mətn və mətn hissələrində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi - İddiaçı məxsusdur. ekspertizaya təqdim olunmuş 1 ədəd «PRİNCO» markalı, CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə yazılan mətn və mətn hissələrində «K5» kimi işarə olunmuş diktorun səsi və nitqi - Cavabdeh2 məxsusdur.

13. Beləliklə, cavabdehlərin iddiaçının hesabına əsassız varlanması halı təqdim edilmiş sübutlar (yuxarıda adı qeyd edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, cavabdehlərin həmin qərarda verdikləri izahatları, məhkəməyə təqdim edilmiş səs yazısı) əsasında öz təsdiqini tapmışdır. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif məzmunlu ərizələr isə qeyri müəyyən olmaqla, izahatları aydın deyildir. Məhkəmə iclaslarında iştirak etmədiyinə görə qeyd olunan ərizələrdəki izahatlarını da aydınlaşdırmaq mümkün olmamışdır.

14. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı münasibətlərini, eyni zamanda qeyd edilən halları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdirlər.

15. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

16. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

17. Beləliklə hazırki işdə Sumqayıt ŞPİ İŞ-nin Cinayət işinin icraatına xitam verilməsi haqqında yuxarıda adı qeyd olunan qərarı əsasında cavabdehlərin heç bir hüquqi əsas olmadan 35000 manat məbləğində pul vəsaiti əldə etdikləri təsdiq olunur. Qarşı tərəflər isə qeyd olunan dəlilləri təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının hesabına əsassız varlanması halı təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapdığından, iddia təmin edilməlidir.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 35000 (otuz beş min) manat pul vəsaiti və 198 (yüz doxsan səkkiz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 35000 (otuz beş min) manat pul vəsaiti və 198 (yüz doxsan səkkiz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar