Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1265/2022 26.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3500 manat məbləğində pulun və 55 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 14 yanvar 2021-ci ildə kredit müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə görə, iddiaçı cavabdehə 3500 manat borc vermişdir. Cavabdeh krediti 14.02.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan bu günə kimi cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş və iddiaçıya heç bir ödəniş etməmişdir. Dəfələrlə iddiaçı ona borcun ödənilməsi barədə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymamış və müqavilə öhdəliklərinə əməl etməkdən və müqavilənin icrasından yayınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh onun tanışının qayınanasıdır. Ailəvi problemlərlə bağlı olaraq iddiaçıdan borca pul istəmişdi. Lakin sonradan telefonlara cavab verməmiş və ona olan borcunu geri qaytarmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1986-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1943-cü ildə, Zəngilan rayonu, Göyərcik kəndində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Tərəflər arasında ünvan 4.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 3500 manat məbləğində pul vermiş, cavabeh isə həmin pulu 14.02.2021-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən kredit müqaviləsinə görə iştirakçılardan biri (kredit verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit verənə qaytarmağı öhdəsinə götürür (739.1). Kredit müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul kredit verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (kreditlu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə kreditludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi kreditlunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdehə 3500 manat kredit vermişdir. Cavabdeh müqavilənin ikinci bəndinə görə aldığı borcu 14.02.2021-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürsə də, bu günə qədər aldığı borcu qaytarmamışdır. Buna görə də iddia təmin edilməli, 3500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 55 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3500 (üç min beş yüz) manat məbləğində pul və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1265/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1265/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver