Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1268/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-5316/2014 saylı 04.08.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan 21.09.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 08 iyul 2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladı vardır: 21.09.2012-ci il təvəllüdlü X5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5316/2014 saylı 04.08.2014-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 21.09.2012-ci il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən olunması, birgə nikahlarından olan 21.09.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana kimi 50 manat maddi yardımın tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edir ki, birgə nikahlarından olan 21.09.2012-ci il təvəllüdlü X1 21.09.2015-ci il tarixdə 3 yaşı tamam olub. Ona görə də Sumqayıt şəhər məhkəməsinin 2(060)-5316/2014 saylı 04.08.2014-cü il tarixli qətnaməsi ilə uşaq üç yaşa çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə xitam verilib. Hazırda o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-5316/2014 saylı 04.08.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş 103 manat alimenti alır. Qeyd edir ki, o, 103 manat məbləğində alimentlə oğlunu saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-5316/2014 saylı 04.08.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan 21.09.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SS766391822AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan AZ-İİİ 443221 doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 21.09.2012-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. İş materiallarında olan 23.10.2014-cü il tarixli AZ-İ 203344 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X10 qızı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 432 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Nuriyeva soyadı verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30.12.2021-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci X10 qızı tərəfindən ödənilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli 2(060)-5316/2014 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə X7 arasında 08 iyul 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, X6 ilə X3 birgə nikahlarından anadan olmuş 21.09.2012-ci il təvəllüdlü X1 anası X3 yanında qalması, Cavabdeh 21.09.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 (bir yüz üç) manat məbləğində alimentin və Cavabdeh 21.09.2012-ci il təvəllüdlü X1 üç yaşına çatanadək saxlanılması üçün 50 (əlli) manat məbləğində maddi yardımın tutularaq X4 ödənilməsi qət olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli 2(060)-5316/2014 saylı qətnaməsi qəbul olunduğu vaxt 21.09.2012-ci il təvəllüdlü X1 təxminən 2 yaşı olmuşdur. Hazırda isə onun on yaşı var. Bu isə uşağın saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli 2(060)-5316/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 2022-ci ilə görə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumuna uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli 2(060)-5316/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 21.09.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 qızına ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1268/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1268/2022
11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver