Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-127/2023 27.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2, Cavabdeh3, X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7439.33 AZN əsas borc, 27.42 AZN faiz, 37.23 AZN cərimə borcu olmaqla, ümumilikdə 7503.98 AZN və 95.04 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 10442.71 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 29 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il avqustun 12-dək Cavabdeh1 banka 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7439.33 AZN əsas borc, 27.42 AZN faiz, 74.45 AZN cərimə borcu olmaqla ümumilikdə 7541.2 AZN borcu vardır. Cavabdeh1 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 74.45 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 37.23 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımmca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh3 ilə 2019-cu ildə iki müqavilə bağlanmışdır, amma müqavilə tərəfləri fərqlidir. Bir müqavilədə Cavabdeh3 əsas borclu, digərində isə zamin qismində çıxış etmişdir. Müqavilələrin tarixinin eyni gündə olub-olmadığını dəqiq bilmir. Hazırda mübahisəli sözügedən müqavilə 25 avqust 2019-cu ildə bağlanmışdır, həmin müqavilə üzrə əsas borclu Cavabdeh1dur. Tərəflər arasında bağlanmış əvvəlki müqavilə Prezidentin məlum Fərmanının təsiri altına düşmüşdür. Lakin həmin müqavilənin tarixini dəqiq bilmir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Onun hazırkı müqavilə üzrə zamin olmasından xəbəri yoxdur. Onun özünün də əsas borclu kimi iddiaçı bankla müqaviləsi var. Ola bilsin ki, bu müqavilə üzrə sənədləri onun özünün bağladığı müqavilənin sənədləri kimi imzalatdırıblar. Belə ki, o, öz adına olan kredit müqaviləsi banka borclu olduğu 4000 manat məbləğində borcun restruktizasiyası məqsədilə banka yaxınlaşmışdır. Çox güman ki, həmin vaxt Cavabdeh2 ona bu müqavilə ilə əlaqədar zaminlik müqaviləsinə də qol çəkdirmişdir. İş üzrə Cavabdeh2 onun keçmiş həyat yoldaşıdır, onlar 2019-cu ildə boşanıblar. Bir daha bildirir ki, onun Banka getmək səbəbi öz adına olan kredit müqaviləsinin restruktizasiya edilməsi olmuşdur. Onun bu zaminlik müqaviləsindən hər hansı məlumatı yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilsə də, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 oğlunun və Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, 2015-ci ildə onunla müqavilə bağlansa da, pulu dostu Cavabdeh2 götürmüşdür. Əvvəllər onun tərəfindən banka ödənişlər edilsə də, sonradan ödənişlər edilməmişdir. Onun isə bundan xəbəri olmamışdır. Daha sonra Bank pulun ödənilməsi üçün ilk növbədə onu xəbərdar etmiş və borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun adına olan borc restrukturizasiya edilmiş, bundan sonra Rauf cinayət məsuliyyətinə cəlb olunana kimi ödəniş etmiş, daha sonra isə Raufun atası ödənişlər etmişdir. Lakin ödənişləri dayandırdıqları üçün hazırda bank məhkəməyə müraciət etmişdir. Bildirir ki, kredit onun adına götürülsə də, həmin puldan Rauf istifadə etmiş, aylıq ödənişləri də o etmişdir. Cavabdeh2 barəsində Bakı Ağır Cinayətlər məhkəməsində cinayət işi olub. Həmin iş üzrə o şahid qismində məhkəmə proseslərində iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsi və 1 saylı Əlavədən görünür ki, İddiaçı ASC Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 10442.71 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli zaminlik müqavilələrindən görünür ki, borclu Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 10442.71 manat məbləğində kredit verilmiş və sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi imzalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 7439.33 manat əsas borc, 27.42 manat faiz borcu, 74.45 manat cərimə borcu olmaqla, ümumilikdə 7541.2 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, KBD-8268 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq ünvanlanmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Cavabdeh1 24 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit vermişdir. İşdə olan Problemli kreditlərin Kompensasiyasına dair xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə (Nikoyl İKB ASC) olan 10442.71 manat borcu restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilmişdir. İşdə olan AZ İ 311053 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 65 nömrə ilə qeyd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə “Yelo Bank ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Daha sonra həmin müqavilə Azərbaycan Respublikasının Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” 28 fevral 2019-cu il tarixli Fərmanın təsiri altına düşdüyündən Cavabdeh1 İddiaçı ASC-yə (Nikoyl İKB ASC) olan 10442.71 manat borcu restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilmiş və nəticədə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsi, eyni zamanda sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixli zaminlik müqavilələri imzalanmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsini təmin etməmiş, beləliklə müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlərin Cavabdeh1 Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia tələbi cavabdehlərdən müştərək qaydada deyil, yalnız Cavabdeh2 münasibətdə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli 1(101)-63/2021 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə Cavabdeh2 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 9 yanvar 2018-ci il tarixli hökmü ilə Cavabdeh2 təyin olunmuş 3.000 manat cərimə cəzasının çəkilməmiş hissəsi olan 2.550 manat cərimə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilərək ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və 2.550 manat cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli 1(101)-63/2021 saylı hökmündən (vər.149-160) görünür ki, Cavabdeh2 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib təkrarən hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında və qeyrisinin köməkçiliyi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmiş, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə rəsmi sənədlərə tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, həmin vəzifədə işləyərkən vəzifə təlimatına əsasən, təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi etibar olunmuş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə ələ keçirmək məqsədilə digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Cavabdeh1 adına 25 avqust 2015-ci il tarixdə rəsmiləşdirilmiş 10.000 manat məbləğində pul vəsaitlərini şəxsən almaqla, yəni "xxxx" X3 ASC-nin əmlakını külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. AR MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 adına rəsmiləşdirilmiş 10000 manat pul məbləğinin onun tərəfindən deyil, Cavabdeh2 Qaçay oğlu (və onunla əlbir olan bir qrup şəxs) tərəfindən mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Hazırda borc tutulması tələb edilən xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsi isə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin Azərbaycan Respublikasının Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq restrukturizasiya edilməsi məqsədilə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 adına rəsmiləşdirilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə verilən kreditin Cavabdeh2 Qaçay oğlu (və onunla əlbir olan bir qrup şəxs) tərəfindən ələ keçirilərək mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapdığından, xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsi isə xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin restrukturizasiyası məqsədilə bağlandığından hazırkı iddia tələbi yalnız Cavabdeh2 Qaçay oğluna münasibətdə təmin edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə yaranmış 7439.33 manat əsas, 27.42 manat faiz borcu Cavabdeh2 Qaçay oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırda cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə tələb etdiyi 37.23 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, 37.23 manat məbləğində dəbbə pulu Cavabdeh2 Qaçay oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsində imzanın ona məxsus olmadığını bildirmiş, bununla əlaqədar Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5862/202 saylı, 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2022-ci il tarixli, 4/1550 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 11-12–ci vərəqələrində Cavabdeh3 adına olan xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli zaminlik müqaviləsində “zamin” qarfalarındakı imzalar ilə mülki işin 50-ci vərəqində Cavabdeh3 eksperimental imza nümunələri–Eyni bir şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindəki imzanın Cavabdeh3 məxsus olduğu ekspert rəyi ilə təsdiqləndikdən sonra Cavabdeh3 özünün əsas borclu olduğu başqa bir kredit müqaviləsinin restrukturizasiyası məqsədilə "xxxx" ASC-yə getdiyini, həmin vaxt restrukturizasiya müqaviləsini imzaladığını, çox güman ki, həmin sənədləri imzalayarkən keçmiş həyat yoldaşı Cavabdeh2 onun xəbəri olmadan belə bir zaminlik müqaviləsini ona imzalatdırdığını bildirmişdir. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazının dəlillərini inandırıcı hesab edir. Belə ki, Azərbaycan Kredit Bürosundan Cavabdeh3 adına olan çıxarışdan görünür ki, Cavabdeh3 "xxxx" ASC-yə olan 2140,76 manat borcuna dair kredit müqaviləsi xx.xx.2019-cu ildə, yəni iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi ilə eyni gündə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin yalnız Cavabdeh2 Qaçay oğluna münasibətdə təmin edilməsi iş üzrə müəyyən edilmiş hallara uyğun olmaqla qanuni və ədalətlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia yalnız Cavabdeh2 Qaçay oğluna münasibətdə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 95,04 manat da Cavabdeh2 Qaçay oğlundan alınmalı və iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə iddia tələbi Cavabdeh2 Qaçay oğluna münasibətdə təmin edildiyindən keçirilmiş ekspertiza xərci də ona aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 126 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7439,33 (yeddi min dörd yüz otuz doqquz manat otuz üç qəpik) manat əsas borc, 27,42 (iyirmi yeddi manat qırx iki qəpik) manat faiz borcu, 37,23 (otuz yeddi manat iyirmi üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7503,98 (yeddi min beş yüz üç manat doxsan səkkiz qəpik) və 95,04 (doxsan beş manat dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh2 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-127/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-127/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver