Məhkəmə qərarları › İş №2(060)-1274/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1274/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1274/2025 17.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı «X1» ASC-nin xeyrinə 292,72 manat əsas overdraft borcunun, 39,21 manat hesablanmış cərimə borcunun, cəmi 331,93 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsi ilə təsdiq edilmiş xx.xx.2021 -ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən bank müştərinin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanm 6.4.1-ci maddəsinə əsasən müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.” Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

Tədqiq olunan sübutlar:

3. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 973626 nömrəli cari hesablar üzrə xidmət müqaviləsindən görünür ki, bank müştəriyə cari hesabların açılması və hesab üzrə bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilə və onun ayrılmaz hissəsini təşkil edən qüvvədə olan tariflər əsasında ona göstərilən xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür.

4. "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, UB- SUM/ƏB/1384 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində 292,72 manat overdraft borcu yaranmış, bu borc üzrə xx.xx.2024-cü il tarixində 5,29 manat vəsait cərimə faizinə ödənilmiş, xx.xx.2024-cü il tarixi üçün ümumi borcu 292,72 manat təşkil etmiş, borc ödənilmədiyinə görə əsas borca hesablanan faiz borcu 21,46 manat yaranmış, xx.xx.2024-cü il tarixinə Cavabdeh "xxxx" ASC qarşısında olan kredit borcu 314,18 manat təşkil etmişdir.

5. Unibank» X2 Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 6994ovSUM/24 saylı kredit müqaviləsi üzrə 292,72 manat əsas borc, 39,21 manat cərimə borcu olmaqla, cəmi 331,93 manat borcu vardır.

6. 22.08.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı «X1» ASC tərəfindən cavabdehə müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv olunması təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

9. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

10. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh «X1» ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmiş və onun ödəniş kartı ilə aparacağı əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmənin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyini qəbul etmişdir.

11. Qeyd olunan ümumi ofertanın 5.11-ci bəndində qeyd edilmişdir ki, müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda “Müştəri”nin “Bank” qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyən edilmiş vaxtda “Müştəri” “Bank” qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illikcərimə ödənişi hesablana bilər. Yaranmış borc və ona hesablanmış cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda “Bank”, “Müştəri”ni xəbərdar etmədən kartla əməliyytların aparılmasını dayandıra bilər.

12. İş materiallarında olan "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, UB-SUM/ƏB/1384 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində 292,72 manat overdraft borcu yaranmış, bu borc üzrə xx.xx.2024-cü il tarixində 5,29 manat vəsait cərimə faizinə ödənilmiş, xx.xx.2024-cü il tarixi üçün ümumi borcu 292,72 manat təşkil edir, borc ödənilmədiyinə görə əsas borca hesablanan faiz borcu 21,46 manat yaranmış, xx.xx.2024-cü il tarixinə Cavabdeh "xxxx" ASC qarşısında olan kredit borcu 314,18 manat təşkil edir.

13. Cavabdehin hesabından çıxarışdan cavabdeh tərəfindən overdrafta yol verməsi, yəni bank kartında olan vəsaitdən artıq vəsait çıxarması təsdiq edildiyindən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən iddia əsaslıdır və təmin edilməlidir.

14. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 39,21 manat təşkil edən cərimə məbləğinin 10 (on) manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

15. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 292,72 manat məbləğində overdraft borcu, 10 manat cərimə borcu olmaqla, 302 (üç yüz iki) manat, 72 (yetmiş iki) qəpik pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul vəsaiti tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir.

Nəticə:

16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 292,72 manat məbləğində overdraft borcu, 10 manat cərimə borcu olmaqla, 302 (üç yüz iki) manat, 72 (yetmiş iki) qəpik pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul vəsaiti tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar