Məhkəmə qərarları › İş №2(060)-1276/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1276/2022

30.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1276/2022 30.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2570,08 manat ziyana görə və 47 manat dövlət rüsumuna görə pul alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 20 sentyabr 2021-ci il tarixdə, saat 21:00-da Şəmkir şəhərində idarə etdiyi “X4” markalı, ** DE *** dövlət nömrə nişanlı avtomaşını ilə hərəkət edərkən “Hyundai İX 35” markalı avtomobillə toqquşmuş, zərbənin təsirindən “Hyundai İX 35” markalı avtomobil iddiaçının dayanıqlı vəziyyətdə olan “VAZ- 21099” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomaşınını vurmuş və nəticədə onun avtomaşınına 3341 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehin həmin əməlinə görə o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İddiaçıya məxsus olan avtomaşına dəymiş ziyanın 1570,92 manat hissəsi sğorta şirkəti tərəfindən ödənilmiş, qalan hissəsini isə hazırki vaxtadək cavabdehdən dəfələrlə tələb etməyinə baxmayaraq o, iddiaçıya dəymiş ziyanı aradan qaldırmaqdan yayınmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa iddiaçıya məxsus olan avtomaşın təmirdə olduğu müddət ərzində hər gün 15 manat olmaqla, cəmi 800 manat taksi xidmətinə pul ödəmişdir. Taksiyə ödədiyi pulu cavabdehin təqsiri ucbatından ödədiyi üçün həmin pul da cavabdehdən tutularaq ona verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, Vəkil izahat verərək bildirdi ki, iddia əsassızdır. Tərtib edilən qüsur aktının həqiqiliyi şübhə doğurur. Ekspert rəyi ilə razı deyil, çünki məbləğ çox şişirdilib. Ekspert rəyi qüsur aktına əsasən nəzəri hesablama yolu ilə hesablanıb. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1956-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1965-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Rəçad Təhyməzov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara əsasən cavabdehin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Dövlət Sığorta Kommersiyası Şirkətinə (bundan sonra – Sığorta Şirkəti) göndərilmiş məhkəmə sorğusuna əsasən xx.xx.2021-ci i tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş “Hyundai İX 35” markalı, **-CG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə aid sığorta işi üzrə toplanmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin materiallarla müəyyən edilir ki, cvabdeh ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında xx.xx.2020-ci il tarixli sığorta müqaviləsi bağlanaraq, “X4” markalı, ** DE *** dövlət nömrə nişanlı avtomaşın 1 il müddətinə avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində “X4 minik” markalı avtomobilin mülkiyyətçisi və hadisı baş verən anda sürücüsü olmaqla cavabdehin təqsiri üzündən “VAZ-21099” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomaşının zədələnməsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Bununla bağlı cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ziyan aktına əsasən “VAZ-21099” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyan 3341 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3279 saylı ekspert rəyində ekspert belə nəticəyə gəlmişdir ki, nəzəri hesablama yolu ilə, “X1” tərəfindən tərtib edilmiş nöqsan aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “VAZ-21099” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 3041 maat müəyyən edilir. Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli məxaric orderinə əsasən 1570,92 manat sığorta ödənişi “Azərsığorta” DSKŞ tərəfindən iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Göründüyü kimi xx.xx.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin təqsiri üzündən iddiaçıya maddi ziyan vurulması işin mübahisəsiz halıdır. Göründüyü kimi cavabdehlə sığorta şirkəti arasında bağlanmış sığorta müqaviləsində əmlaka vurulmuş ziyanla bağlı sığorta ödənişinin maksimum məbləği 5000 manat müəyyən edilmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində digər avtomobilin də mülkiyyətçisinə sığorta ödəniş edildiyindən iddiaçıya cəmi 1570,92 manat sığorta ödənişi edilmişdir. Ekspert rəyində isə iddiaçıya məxsus avtomobilə dəymiş ziyan məbləği 3041 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Göründüyü kimi iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın iş üzrə ekspert rəyində müəyyən edilmiş məbləği cavabdehin nümayəndəsi tərəfindən mübahisələdirilsə də, həmin rəyin əsassızlığı ilə bağlı iş materiallarında hər hansı sənəd mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya sığorta şirkəti tərəfindən ödənilmiş məbləğ ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən çıxılmaqla, qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı əldən çıxmış fayda qismində 800 manat pulun da cavabdehdən tutulmasını tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumunun 20 manatı və 100 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1470 (min dörd yüz yetmiş) manat 08 (səkkiz) qəpik pul və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar