Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1283/2022 12.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 3174 manat məbləğində pulun və ödənilmiş 52 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh 3646 manat məbləğində pulun və ödənilmiş 52 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh etibarından sui-istifadə edib ona qarşı dələduzluq edərək ona məxsus 2974 manat pulu ələ keçirmişdir. Bu əməlinə görə Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin 20.04.2021-ci il tarixli 1(105)269/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh ona dəymiş ziyandan çox cüzi hissəsini ona ödəmiş zərərçəkmiş şəxs kimi ona vurulmuş 3174 manat maddi ziyanı bu günə qədər ona ödəməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 17 mart 2022-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh saxta vəsiqə ilə özünü Prezident Administrasiyasının üzvü kimi təqdim etmiş və insanların problemləri ilə maraqlanmaq adı ilə onu aldatmış və onun ayağında zədə olduğundan pensiya almağı üçün ona kömək edəcəyini bildirmişdir. Hazırda cavabdeh 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Qeyd edir ki, cavabdeh 3174 manat puldan 950 manatını ona qaytarmışdır. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(060)-38/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlin törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-269/2021 saylı 20.04.2021-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(060)38/2021 saylı hökmünün dəyişdirilməsi, Sumqayıt şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(060)38/2021 saylı hökmü ilə Cavabdeh təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, Cavabdeh barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 20 aprel 2021-ci il tarixdən hesablanması, qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş hökm və qərarın məzmunundan görünür ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı İsmayıl oğlunun etibarından suiistifadə edərək ona əlillik pensiyası və sığortasını düzəldəcəyini vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 14.06.2019-cu il tarixdə saat 13:00-da Sumqayıt şəhər avtovağzalında 100 (bir yüz) manat, 24.06.2019-cu il tarixdə saat 11:00-da Sumqayıt şəhər avtovağzalında 150 (bir yüz əlli) manat, 2019-cu ilin iyul ayının əvvələrində Sumqayıt şəhər 40-cı məhəllə ərazisində yerləşən “Kapital” bankın yaxınlığında 200 (iki yüz) manat, 08.07.2019-cu il tarixdə saat 16:00-da Şirvan şəhərində yerləşən çayxanada 600 (altı yüz) manat, Əliqardaş İsmayılovun 17.07.2019-cu il tarixdə saat 12:05-də Şirvan şəhərində yerləşən “Kapital bankdan X1 adına köçürdüyü 424 (dörd yüz iyirmi dörd) manat pulu Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Kapital” bankın banomatından 17.07.2019-cu il tarixdə saat 12:10-da, 22.07.2019-cu il tarixdə saat 15:30da Əliqardaş İsmayıl oğlunun 22.07.2019-cu il tarixdə saat 15:12-də Şirvan şəhərində yerləşən “Kapital” bankdan X1 adına köçürdüyü 700 (yeddi yüz) manat pulu 27.07.2019cu il tarixdə saat 15:00-da, 27.07.2019-cu il tarixdə saat 13:02-də Əliqardaş İsmayıl oğlunun Şirvan şəhərində yerləşən “Kapital” bankdan X1 adına köçürdüyü 400 (dörd yüz) manat pulu 27.07.2020-ci ildə saat 13:05-də Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Kapital” bankın bankomatından əldə etməklə zərəçəkmiş İddiaçı ümumilikdə 2974 (iki min doqquz yüz yetmiş dörd) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində cavabdehdən 3174 manat pul tutulmasını xahiş etsə də, Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(060)-38/2021 saylı hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(15)-269/2021 saylı 20.04.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı İsmayıl oğluna 2974 (iki min doqquz yüz yetmiş dörd) manat məbləğində ziyan vurulmuşdur. Bundan əlavə İddiaçı İsmayıl oğlu məhkəmənin 17.03.2022-ci il tarixli iclasında Cavabdeh tərəfindən ona vurulmuş ziyan üzrə 950 manat pul ödənildiyini etiraf etmişdir. Məhkəmə qeyd edilənləri və məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 2024 (2974-950) manat məbləğində pul tutulub İddiaçı İsmayıl oğluna ödənilməlidir. Məhkəmə iddia tələbinin əlavə olaraq iddiaçı tərəfindən xərclənmiş 472 (300+172) manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı hesab edir ki, iddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı Şirvan şəhərindən Bakı şəhərinə neçə dəfə gəlməsi, həmçinin şəhər daxilində marşurutlardan istifadə etməklə nəqliyyat, yemək, poçt, telefon danışıqları üçün sərf etdiyi xərclərlə bağı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi məhkəməyə gedib gəlməklə bağlı xərclərlə əlaqədar cavabdehdən əlavə olaraq 472 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2024 (iki min iyirmi dörd) məbləğində pul tutulub İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 60% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 52 manat dövlət rusumunun 32 manatı cavabdehdən tutulmalı, 20 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 113-cü maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır (113.1). İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir (113.2). Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehdən 3646 manat tutulması (56,46 manat dövlət rüsumu ödənilməli olduğu halda) barədə ərizə ilə məhkəməyə müraciət etsə də, həmin məbləğə görə rüsumun kəsirini ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı 4,46 manat (56,46 manat – 52 manat) rüsumun kəsir məbləği alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2024 (iki min iyirmi dörd) manat məbləğində pul və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı 4,46 (dörd manat qırx altı qəpik) manat dövlət rüsumunun kəsir məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1283/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1283/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver