Məhkəmə qərarları › İş №2(060)-1283/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1283/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1283/2024 05.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi bina 7-də yerləşən 17 nömrəli mənzildə yaşayış sahəsini cavabdehin hesabına yenidən əvvəlki vəziyyətinə qaytarılmasını və 7 nömrəli binaya vurduğu ziyan görə ümumilikdə 2179,1 manat dəyən zərərin Cavabdeh tutularaq Komitənin Mənzil İstismar Departamentinə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, Cavabdeh qarşı Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün salınmış 1005 mənzilli Yeni Yaşayış kompleksi bina 7-də yerləşən 17 nömrəli mənzildə yaşayış sahəsinin yenidən qurulması (əvvəlki vəziyyətinə qaytarılması) və binaya dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Resjjublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh yaşadığı Departamentin balansında olan məcburi köçkünlər üçün salınmış Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksində yerləşən 7 nömrəli binanın 17 nömrəli mənzilində binanın əsas divarını sökərək mətbəx sahəsi artırmışdır. Cavabdeh şəxs qeyri-qanuni hərəkəti ilə mənzilində konstruktiv dəyşiklik etməklə mətbəxlə eyvan arasındakı (kommunikasiya xətləri keçən hissə) divarı sökməklə 7 nömrəli binaya ziyan vurmuşdur. Bu barədə polis bölməsinə və FHN-nin qaynar xəttinə müraciət edilmişdir. Lakin Cavabdeh heç bir xəbərdarlıqlara məhəl qoymadan mənzilində qeyri-qanuni konstruktiv dəyşikliyi davam etdirmişdir. Beləliklə Cavabdeh yaşadığı 17 nömrəli mənzildə etdiyi qeyri-qanuni konstruktiv dəyşikliklə 7 nömrəli binaya 2179,1 manat məbləğində ziyan vurmuşdur. İddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək, bərpa işlərini aparacağını bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil-İstismar Departamentinin Sumqayıt şəhər və Şabran rayon Mənzil-Kommunal İstismar Sahəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan : - xx.xx.2019-cu il tarixli xüsusi yaşayəş sahəsinin kirayə müqaviləsindən görünür ki, Cavabdeh 4 nəfər ailə üzvü ilə birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi bina 7-də yerləşən 17 nömrəli 3 otaqlı mənzillə təmin olunmuşdur. - xx.xx.2023-cü il tarixli Sumqayıt şəhər və Şabran rayon MKİS tərəfəndən Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə ünvanlanmış xidməti məlumatdan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi bina 7-də yerləşən 17 nömrəli Cavabdeh mənziliə baxış keçirilən zaman mətbəxlə eyvan arasındakı (kommunikasiya xətləri keçən hissə) divarın söküldüyü, qanunsuz konstruktiv dəyişikliklərin aparılmağa davam edildiyi aşkar edilmişdir. - xx.xx.2023-cü il tarixli aktla tərtib olunmuş dövlət əmlakına dəymiş zərərin smeta dəyəri cədvəlindən görünür ki, ümumi dəymiş zərərin miqdarı 2179,1 manat olaraq müəyyən edilmişdir. -xx.xx.2024-cü il tarixli 10/2375 saylı tikinti-texniki ekspertizasından görünür ki, Cavabdeh yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzil yeni yaşayış kompleksi bina 7-də yerləşən 17 saylı mənzilin daxilində yerləşən mətbəx tikilisi ilə eyvan tikilisi arasında olmuş arakəsmə tikilisi sökülərək eyvan tikilisi mətbəx tikilisinə qatılaraq mənzildə konstruktiv dəyişikliyinin aparıldığı, Cavabdeh yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzil yeni yaşayış kompleksi bina 7-də yerləşən 17 saylı mənzilin daxilində yerləşən mətbəx tikilisi ilə eyvan tikilisi arasında olan arakəsmə divarının sökülməsinə dair müvafiq icra hakimiyəti orqanlarından icazə sənədləri olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı, Cavabdeh yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi bina 7-də yerləşən 17 nömrəli mənzildə sökülmüş arakəsmə divarının bərpası üçün aparılmalıolan tikinti-texniki işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 713 manat məbləğində olduğu müəyyən olunmuşdur. Tətbiq edilən Hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsi; 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 60.1. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 66.3.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq;

67. Mənzil qanunvericiliyi və yaşayış sahəsinin sosial kirayə müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh istifadəsinə verilmiş Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi bina 7-də yerləşən 17 nömrəli mənziliə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mətbəxlə eyvan arasındakı (kommunikasiya xətləri keçən hissə) divarı sökülmüş, qanunsuz konstruktiv dəyişikliklərin aparılmışdır. İddiaçı bu barədə Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi bina 7-də yerləşən 17 nömrəli mənzildə yaşayış sahəsini cavabdehin hesabına yenidən əvvəlki vəziyyətinə qaytarılmasını və həmin mənzilə vurduğu ziyan görə ümumilikdə 2179,1 manat dəyən zərərin Cavabdeh tutularaq Komitənin Mənzil İstismar Departamentinə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı isə həm yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması həm də dəymiş zərərin əvəzinin ödənilməsi bardə ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması dair olan hissədə iddia tələbi rədd edilməli, dəymiş zərərin əvəzinin ödənilməsinə dair hissədə iddia tələbi qismən təmin edilməli Cavabdeh 713 manat alınaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 713 manat alınaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005, VÖEN:**********) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar