Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1284/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyanla bağlı 900 manat məbləğin cavabdeh tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına (“X1 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Xəzər bağları ərazisində müvafiq icra hakimiyyəti orqanının rəyi, torpaq mülkiyyətçisinin qərarı və götürmə vərəqi olmadan d=16 sm olan 1 ədəd zeytun ağacının köklə birlikdə torpaqdan çıxarılaraq fərdi yaşayış evinin həyətyanı sahəsində əkilməsi faktı aşkar olunmuşdur. Faktla bağlı fərdi yaşayış evinin sahibi cavabdeh barəsində protokol tərtib edilərək zeytun ağacına aqrotexniki xidmət göstərilməsinə dair icrası məcburi göstəriş verilmişdir. xx.xx.2023-cü il tarixdə məcburi göstərişin icra vəziyyəti yoxlanılarkən zeytun ağacının quruduğu və cavabdeh tərəfindən çıxarılaraq yerinə yeni ağacın əkildiyi müəyyən edilmişdir. Nəticədə İXM-nin 541-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verməyə dair ptorokol tərtib edilmiş, cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinərək fiziki şəxs qismində 600 manat məbləğində cərimə olunmuş və cərimənin bir qismini ödəmişdir. Həmçinin 1 ədəd zeytin ağacının məhv edilməsi nəticəsində təbiətə 900 manat məbləğində ziyan dəymişdir. Cavabdeh bu günə qədər təbiətə dəymiş ziyan məbləğini könüllü olaraq ödəməkdən imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh X1ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinərək törətdiyi əmələ görə 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 79523 №-li aktdan görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində müvafiq icra hakimiyyəti orqanının rəyi, torpaq mülkiyyətçisinin qərarı və götürmə vərəqi olmadan d=16 sm olan 1 ədəd zeytun ağacının köklə birlikdə torpaqdan çıxarılaraq fərdi yaşayış evinin həyətyanı sahəsində əkilməsi faktı aşkar olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən Sumqayıt şəhəri, Xəzər bağları ərazisində müvafiq icra hakimiyyəti orqanının rəyi, torpaq mülkiyyətçisinin qərarı və götürmə vərəqi olmadan d=16 sm olan 1 ədəd zeytun ağacının köklə birlikdə torpaqdan çıxarılaraq fərdi yaşayış evinin həyətyanı sahəsində əkilmiş, sonra isə məcburi aqrotexniki xidmət göstərilmədiyindən təbiətə ümumilikdə 900 manat məbləğində zərər dəymişdir. Cavabdeh X1ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 421 saylı Qərarında qeyd olunmuşdur ki, diametri 16 santimetr götürülmüş (kəsilmiş), zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın dəymiş ziyanın məbləği 300 manat müəyyən olunmuş və Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyan miqdar üç dəfə artırılmaqla hesablanır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən təbiətə maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri habelə dəymiş zərərin məbləğinin 900 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 900 manat məbləğində dəymiş ziyan iddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 900 manat məbləğində pul tutularaq iddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (“X1 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) bank hesabına ödənilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1284/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1284/2024
20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver