Məhkəmə qərarları › İş №2(060)-1285/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1285/2021

12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1285/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş qaynanasıdır. Onunla cavabdehin oğlu X3 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və yetkinlik yaşına çatmayan uşağa görə cavabdehdən onun xeyrinə 160 manat məbləğində aliment tutulması qət edilmişdir. Sonradan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aliment miqdarı artılaraq 170 manat müəyyən edilmişdir. X7 əvvəllər uşağı ona verməkdən imtina edirdi. Lakin, sonradan uşağı ondan almışdır. İqbal Əliyev hazırda alimenti ödəməkdən imtina edir. Bu səbəbdən aliment nənə olaraq cavabdehdən tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, keçmiş həyat yoldaşı İqbal Əliyev hazırda Rusiya Federasiyasındadır. Məhkəmə qətnaməsinə əsasən ondan alimentin tutulması qeyri-mümkündür. İqbal Əliyev nikahları pozulduqdan bir müddət sonra onunla barışmış və 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək Rusiyada yaşamışlar. Sonra isə o ölkəyə qayıtmışdır. Bundan sonra isə İqbal Əliyev ona bildirib ki, Rusiyada ailəsi vardır və ona aliment ödəməyə imkanı yoxdur. X4 nikahda olduqları dövrdə kredit götürmüşlər ki, hazırda krediti o ödəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ilə oğlu ailə qurduqdan sonra ipoteka ilə ev götürmüşdülər. Sonradan ailə münaqişəsi yarandı. Kredit borcunun xeyli hissəsini ö ödəmişdir. Belə ki, onun “Karvan” Ticarət Mərkəzində mağazası vardır. Lakin, karantin rejimi səbəbindən xeyli müddətdr ki, mağaza işləmir. Onun aliment ödəməyə imkanı yoxdur. Məhkəmə qətnaməsinə əsasən aliment onun oğlundan tutulmalıdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1990-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Məcburi köçkün vəsiqəsinə əsasən iddiaçı məcburi köçkün olmaqla Sumqayıt şəhərində məskunlaşmışdır. Cavabdeh isə xx.xx.1971-ci ildə anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3746/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə X3 arasında xx.xx.2016-cı ildə bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanması və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin X1 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4341/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə həmin aliment artırılaraq 170 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə İqbal Əliyev arasında olan nikah xx.xx.2019-cu il tarixində pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). İşdən göründüyü kimi müvafiq məhkəmə qətnamələrinə əsasən X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 iddiaçının xeyrinə alimentin tutulması qət edilmişdir. Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, yetkinlik yaşına çatmayan şəxslər öz valideynlərindən yardım ala bilmədikdə buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Hazırda iddiaçı İqbal Əliyevin aliment ödəməkdən yayındığını əsas gətirərək həmin alimentin cavabdehdən tutulmasını xahiş edir. Lakin, işdən göründüyü kimi məhkəmə qətnamələrinə əsasən həmin aliment İqbal Əliyevdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı cavabdehin qeyd edilən məbləğdə alimenti ödəməyə maddi imkanının olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün İqbal Əliyevdən aliment alınmasının qeyri-mümkünlüyünü də sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, İqbal Əliyevdən həmin alimentin tutulması məhkəmə qətnaməsinə əsasən müəyyən edildiyindən X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün eyni zamanda cavabdehdən də alimentin tutulması qanuni və əsaslı sayıla bilməz. Bununla yanaşı iddiaçıya izah edilməlidir ki, aliment barədə qətnamənin icası məsələləri ilə bağlı müvafiq icra qurumuna müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar