Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1291/2022 23.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13690 (on üç min altı yüz doxsan) manat məbləğində əsas borcun, dövlət rüsumu kimi ödənilmiş 133,40 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh - N saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu Cavabdeh özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin də sənədini girov qoyaraq yaranmış problemlərin həlli ilə bağlı xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almış və sonradan hərbi hissədə yoxlamaların aparıldığını bəhanə gətirərək həmin sənədləri iddiaçıdan geri götürməklə özünün sürücülük vəsiqəsini və xarici pasportunu girov qoymuşdur, o az miqdarda-1470 manat ödəniş etdikdən sonra onun iddiaçıya 13690 manat borcu qalmışdır. İddiaçı dəfələrlə cavabdehdən iddiaçıya olan borcunu qaytarmasını tələb etmiş, lakin o hər dəfə bir bəhanə gətirməklə iddiaçıya olan borcunu qaytarmamışdır. İddiaçı bundan sonra cavabdeh barəsində bir sıra hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmiş və sonuncu dəfə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də araşdırma aparılmış və həmin araşdırma zamanı cavabdeh iddiaçıdan cəmi 10000(on min) manat məbləğində pul aldığını və həmin pulu da guya hissə-hissə olmaqla qaytardığını bildirmişdir. Halbuki cavabdeh iddiçıdan 15160 manat pul almış, həmin puldan da az bir hissə ödəniş etməklə hazırda iddiaçıya qalan borcu 13690 (on üç min altı yüz doxsan) manat təşkil edir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də cavabdeh barəsində cinayət işinin başlamasının rədd olunması barədə qərar qəbul edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. Qeyd etdiki, Samir ondan borc pul istəyərkən onlarda 15000 manat pul olmuş və o, həmin ərəfədə atasının pensiyasınıda aldığı üçün ümumilikdə 15160 manatı Samirə borc vermişdir. Samir həmin borcdan 1470 manat qaytarsada qalan borcu qaytarmamışdır. Samir borcu qaytarmaqdan yayınmağa başladıqda dəfələrlə Samirə whatsapp vasitəsi ilə mesajlar yazaraq pulu tələb etmiş, Samir isə cavab olaraq borcu və borcun məbləğini qeyd etməklə, hər dəfə bir bəhanə gətirərək yaxın zamanlarda borcu tam qaytaracağını qeyd etmişdir. Buna baxmayaraq bu günədək qalan 13690 manatı qaytarmamışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkili Vəkil iddia tələbini müdafiə etdi. Bildirdi ki, təqdim etdikləri sənədlərlə cavabdehin iddiaçıdan pul aldığı aşkardır. Lakin cavabdeh borcun olmaması, yaxud borcun ödənilməsi ilə bağlı heç bir sübut təqdim edə bilmir. Cavadehin və onun şahidlərinin qeyd etdikləri məbləğlərin heç biri idiaçının anasının kart hesabında öz əksini tapmır, habelə cavadbeh borcu ödəmişdirsə, o zaman sənədlərini niyə iddiaçıdan almamışdır. Belə olan halda iddia tələbi təmin edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi. Bildirdi ki, iddiaçıdan aldığı 10000 manat pulu ona ödəmişdir. Həmin pulun bir qismini xidmət yoldaşları üçün almışdır, onlarda həmin borcu iddiaçının anasının kartına ödəmişlər. Özü üçün götürdüyü pulu isə bir qismini İddiaçı nəğd vermiş, bir qisminidə iddiaçının anasına məxsus bank hesabına hər dəfə 250 manat olmaqla ödənişlər etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etmədi. Bildirdi ki, cavabdeh iddiaçıdan almış olduğu pulu ona tam olaraq qaytarmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, Elşadla yoldaş-dost münasibətindədir. 2018-2019-cu illərdən bəri onu digər dostu Əhlimanov Elşad vasitəsilə tanıdığını bildirdi. Cavabdeh şəxsən tanımadığını, yalnız hərbiçi yoldaş kimi gördüyünü bildirdi. Bu məsələ ilə bağlı yalnız onu bilir ki, Samirin İddiaçı borcu var, lakin həmin borcu ödəmir. Özünün İddiaçı borcu olmadığını, yalnız lotereya oynadığını, həmin lotereya ödənişlərini Elşadın anası Zalıyeva Məryəmə məxsus karta göndərdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, İddiaçı bacısının əridir. Zaliyevin əvvəllər Sumqayıtda daha sonra Bakıda işlədiyini, hazırda yeni işə düzəldiyini bildirdi. Cavabdeh tanıdığını bildirdi. Pul məsələsi ilə bağlı Samir Elşadın evinə gəlmiş, hətta bu zaman Samir arvadının adına olan sənəd gətirmişdir. Lakin Zaliyev həmin sənədin Samirə yox onun arvadına məxsus olduğunu bildiyindən həmin sənədi qəbul etməkdən imtina etdi. Bundan sonra Samir onlar tərəfindən edilmiş zənglərə cavab verməmiş, sonrasında borcunun olduğunu inkar etmişdir. Daha sonra polisə şikayət edilmiş, orada da Samir pulu aldığını, lakin ödədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi vəkilinin ona verdiyi suala cavab verərək bildirdi ki, pulu İddiaçı Cavabdeh vermiş, Samirin həmin pulu kimə yaxud kimlərə verməsi, ümumiyyətlə həmin pulu nə üçün istifadə etməsi ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi İddiaçı onun oğludur. Cavabdeh Əhlimanov Elşada pula ehtiyacı olduğunu bildirmiş, Əhlimanov Elşad da Samirə pul lazım olduğunu, ona bununla bağlı kömək etməsini İddiaçı xahiş etmişdir. Oğlu Elşad pulu Samirə vermiş, Samir pulu qaytarmamışdır. Dəfələrlə Samirdən pulu tələb etsələr də, Samir pulu verməkdən imtina etmişdir. Bir gün Samir onların evlərinə gələrək bildirmişdir ki, ona verilən pulun bir qismini borclarına vermiş, həmçinin ev tikdirdiyini, evinin tikilisinin yarımçıq qaldığını bildirmişdir. Mart ayında hərbiçilərə pul veriləcəyini, oradan 3000 manat verəcəyini, daha sonra may ayında evi sataraq borcunu qaytaracağını bildirmişdir. Daha sonra Samiri tapmadıqlarını, aidiyyatı orqanlara müraciət etdikdən sonra Samiri tapdıqlarını bildirmişdir. Özünün təqaüdçü olduğunu, kapitalbankdan təqaüd aldığını, tanışları ilə lotereya oynadığını, təqaüd kartına lotoreya pulullarının göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, İddiaçıı Samir vasitəsilə pul götürdüyü şəxs kimi tanıyır. O zamana qədər İddiaçı tanımamışdır. Zaliyev pulu Samirə vermiş, Samir də ona (X4) vermişdir. Elşaddan Samir vasitəsilə 2500 manat pul aldığını, buna görə də xidməti vəsiqəsini, mülki vəsiqəsini və maaş kartını Samirə vermiş, Samir də onları İddiaçı vermişdir. Daha sonra 2500 manat pulu Zaliyevə qaytarmış, onda olan sənədlərini götürmüşdür. Hər ay həmin borcdan, yəni 2500 manat borcdan 250 manat faiz məbləğini terminal vasitəsilə Zaliyevin anasına məxsus olduğunu bildiyi karta ödəmişdir. Sonradan ona yenə pul lazım olduğundan bu dəfə İddiaçı 1500 manat pul aldığını, bu dəfə heç bir sənəd vermədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, Cavabdeh 2016-cı ildən tanıyır, münasibətləri yaxşıdır, İddiaçıı qiyabi olaraq tanıyır. Məhkəmənin sualına cavab verərək bildirdi ki, Samirin boru olmuş və Samir onun yanında 500 manat faiz məbləğini terminal vasitəsilə borc sahibinə ödəmişdir. Cavabdeh nə qədər borcu olduğundan, ödənişi kimə etdiyindən xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, Zalıyev Elşadı ümumiyyətlə tanımır. 2018-ci ilin avqust-sentyabr aylarında avtomobil qəzası törətdiyi üçün pul lazım olduğunu Samirə bildirmişdir. Samir də ona bir tanışının pul verə biləcəyini söyləmişdir və ondan şəxsiyyət vəsiqəsini və hərbi biletini almışdır. Samir ona 1000 manat pul vermiş və o, hər ay 100 manat məbləğində ödəniş etdiyini, pulun bir qismini Samirə qaytarmış, digər qismini Samirin ona dediyi karta köçürmüşdür. 11-ci ayda tamamilə borcunu bağlayaraq sənədlərini Samirdən geri almışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Pİ-nin 1-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə izahat verərək 2018-ci il tarixdə İddiaçı hissə-hissə ümumilikdə 10000 manat ppulu borc alması və xx.xx.2020-ci il tarixədək olan müddət ərzində həmin pulu hissə-hissə artıqlaması ilə qaytarmasını qeyd etmişdir. - Cavabdeh ilə X12 arasında olan WhatsApp yazışmalarının surətindən görünür ki, cavabdehin iddiaçıya 13690 manat məbləğində borcu vardır. - Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-2115 saylı, X1 adına olan çıxarışdan görünür ki, İddiaçı anası X1 bank kartına müxtəlif məbləğlərdə mədaxil və məxariclər edilmişdir. Həmin madaxillərə baxdıqda hər ay mütamadi olaraq 250 manat, 500 manat və 100 manat məbləğində mədaxillər müəyyən edilmir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, Cavabdeh özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin sənədini girov qoyaraq xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almış və sonradan hərbi hissədə yoxlamaların aparıldığını bəhanə gətirərək həmin sənədləri iddiaçıdan geri götürməklə özünün sürücülük vəsiqəsini və xarici pasportunu girov qoymuşdur, o az miqdarda-1470 manat ödəniş etdikdən sonra onun iddiaçıya 13690 manat borcu qalmışdır. Cavabdeh iddiaçıya olan borcunu ödədiyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim edə bilmir. Cavabdehin və cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin qeyd etdikləri məbləğlərin iddiaçın anası Məryəm Zalıyevanın kart hesabına mədaxil edilməsi, "xxxx" ASC-dən götürülmüş məlumatlarda əksini tapmır, bu halda qeyd edilən şəxslərin izahat və ifadələrinin həqiqəti əks etdirmədiyi nəticəsinə gətirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən - Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən- Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən - Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən - Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar əsasında cavabdehin ona 13690 manat borcu olduğu müəyyən edilir, ona görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, Cavabdeh ödənilmiş 133,40 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 13690 manat pul və ödənilmiş 133,40 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1291/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1291/2022
23.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver