Məhkəmə qərarları › İş №2(060)-1297/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1297/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1297/2024 14.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə 14 mart 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivi, ev 2-də yerləşən 37 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, Cavabdeh1 ilə xx.xx.2001-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş, həmin vaxtdan cavabdehin ailə üzvü kimi Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivi, ev 2-də yerləşən 37 saylı 2 otaqlı mənzilə gəlin köçmüş və onlaın birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü Əliağa adında bir övladları anadan olmuşdur. O, dövlət fondunda olan bu mənzildə 23 ildir ki, yaşayır, lakin bu mənzilə istifadə hüququ əldə etsə də, cavabdehlər onun mənzilə qeydiyyata düşməyi barədə ərizə vermədikləri üçün o, mənzilə qeydiyyata düşə bilməmişdir, halbuki onun bu mənzilə istifadə hüququ yaranmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı onun Sumqayıt şəhəri, Z.Tağıyev qəs, Dəmiryol yaşayış massivi, ev 2-də yerləşən 37 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Həmin iddiaya etiraz edərək bildirir ki, iddiaçı qeyd edir ki, 23 ildir bu mənzildə yaşayır, lakin bu mənzilə qeydiyyata düşə bilmir və s. Qeyd edir ki, mübahisəli orderli mənzil atası Müğbilə işlədiyi yer tərəfindən verilmişdir və orderdə olan - istifadə hüququ olan şəxslərdən biri də odur, o evdə böyüyüb boya başa çatmış, həmin mənzildə ailə quraraq yaşamağa başlamış və yoldaşı Ramilə ilə nikahlarından iki övladları var, övladları bu evdə böyüyüb, artıq, biri həmin mənzilə yaxın məktəbdə təhsil alır, o biri də körpədir. İllərdir ki, ögey anası, Məhbubə onun orada yaşamamağı üçün əlindən gələni edir, həyat yoldaşını döyür, söyür, qızıllarını da əlindən alıb, bir dəfə də dözməyərək 102 xidmətinə zəng vurmuşdurlar və araşdırılma aparılıb, yenə də atasının xətrinə bağışlamışdırlar və şikayətlərini geri götürmüşdürlər, hər dəfə onları evdən çölə atdırır ki, onlar o evdə qalmasınlar, hansı ki, onların qalmağa başqa yaşayış yerləri yoxdur, yeganə istifadə edə biləcəkləri yaşayış yerləri buradır, hər dəfə onları çölə atırlar, orda burda 3-5 gün, 1 ay qalırlar, təzədən bu evə gəlirlər, yenə dava qırğın salırlar ki, evdən çıxsınlar. Hətta məlumatları da var ki, iddiaçının yeganə məqsədi onu bu evdən qeydiyyatdan çıxartmaqdır ki, evi asanlıqla özəlləşdirə bilsinlər və onları da paylarını, hüquqların əllərindən alsınlar. Yoldaşını hamilə vəziyyətdə də döyüb ki, o məcbur qalıb ailəsini bu vəziyyətdən xilas etmək üçün evdən çıxsınlar. Ən azından məhkəmədən xahişi budur ki, bu hallar nəzərə alınsın. Bildirir ki, Arxivə sorğu göndərilsə, məlum olar ki, atasının və ögey anasın da adına başqa fərdi yaşayış evləri var (bağ kitabçası və s..) lakin onlar bu gün ögey anasına görə çölə atılırlar və məqsədləri onları yeganə yaşayış yerləri olan, qeydiyyatda olduqları bu mənzildən çıxartmaqdır. Qeyd edir ki, bağ evlərindən birinə (Yaşma Başları ərazisində yerləşən) xərci özü çəkmişdir ki, normal şəraitli ev olsun. İndi isə görür ki, məqsəd nədir. O, potensial mülkiyyətçidir və mülkiyyətçi ola biləcəyi halda iddiaçı çalışır ki, onun o evlə bağlı bütün hüquqları əlindən alınsın. Yuxarıda da dediyi kimi, onun yeganə yaşayış yeri bu evdir və ailəsi, uşaqları əziyyət çəkməsin deyə bu evdə yaşamağa məcburdur. Bu ev onların gələcəyidir, məktəbləri bağçaları da bu evlərin yanındadır. Odur ki, iddiaçının qanuna zidd olan tələbini nəzərə almamağı, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh1 ilə 23 ildir ki, ailəlidirlər. Belə ki, onunla 2001-ci ildə ailə həyatı qurmuşdur. Hazırda iddia ərizəsində qeyd edilən evə qeydiyyata düşmək istəyir. Bunun üçün ərinin əvvəlki nikahından olan uşaqlarının da razılığı lazımdır. Daha sonra ərinin əvvəlki nikahından olan qızı bu məsələyə razılıq versə də, Cavabdeh2 razılıq verməmişdir. Halbuki ərinin digər nikahdan olan uşaqlarının hər ikisinə o, baxmış, onları böyütmüşdür. 23 ildən çoxdur ki, mübahisəli ünvanda yaşasa da, yaşadığı mənzilə qeydiyyata düşə bilmir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddiaçı onun yoldaşıdır. 2001-ci ildə onunla ailə qurmuşdur. Həmin vaxtdan etdibarən iddiaçı mübahisəli mənzildə yaşayır. O vaxt səhlənkarlıq edərək yoldaşını yaşadığı evə qeydiyyata salmamışdır. Hazırda iddianın təmin edilməsinə, iddiaçının yaşadıqları evə istifadə hüququnun tanınmasına etiraz etmir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının özünə məxsus 2 fərdi yaşayış evi var. İddiaçı həmin evlərin birinə qeydiyyata düşə bilər. Hazırda iddiaçının yaşadıqları mənzilə istifadə hüququnun tanınmasına etiraz edir. Belə ki, hesab edir ki, bundan sonra iddiaçı onu həmin mənzildən məhrum edəcək. İddiaçı atası ilə 2001-ci ildə ailə qurub və həmin vaxtdan da birlikdə yaşayırlar. Həmin vaxt onun təxminən 9 yaşı var idi. Elə ilk vaxtlardan aralarında mübahisələr yaranırdı. Onu da qeyd edir ki, iddiaçı onun yoldaşını döymüş və qızıllarını əlindən almışdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınamsını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 11/206 nömrəli orderin surətindən görünür ki, ünvan 1 Cavabdeh1 və onun ailə üzvlərinə ayrılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı 2001-ci ildən bu günə kimi ünvan 1 ünvanında yaşayır. İşdə olan AZ-İ 143370 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev Əliağa Muğbil oğlu xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhrində doğulmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1, övladları Quliyev Əliağa Muğbil oğlu və Hacıyeva Günel Müqbil qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşdə olan Vİİ JQ 440543 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.2001-cı il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 426 nömrəli qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İH-nin MKTİB-nin 23 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli 955 saylı arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı 2001-cı ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş, həmin tarixdən sonuncunun yaşadığı ünvan 1 ünvanına gəlin köçmüş və həmin vaxtdan hal-hazıradək sözügedən ünvanda yaşayır. Mənzil hal-hazırda dövlət mənzil fonduna aid olmaqla orderli mənzildir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququ vardır. Belə ki, ünvan 1 İddiaçı tərəfindən 20 ildən artıqdır ki, yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı və cavabdehlər mübahisəli evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. İddiaçının mübahisəli mənzilə istifadə hüququ yarandığı halda, onun bu hüququnun hal-hazıradək tanınmaması İddiaçı mənzil hüququnun pozulmasına səbəb olur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının istifadə hüququnun tanınması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivi, ev 2, 37 saylı mənzilə istifadə hüququ tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar