Məhkəmə qərarları › İş №2(060)-1303/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1303/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1303/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 650 manat pulun, 2020-ci ilin aprel ayından həmin ilin oktyabr ayına qədər yol haqqı olaraq 300 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020- ci ilin aprel ayında tarixdə dəmir qapı düzəltmək məqsədi ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ”Daş Bazar” adlanan ərazinin girəcəyində yerləşən dəmir qapılar düzəldən sexə yaxınlaşmışdır. Orada uzun müddət çalışan Cavabdeh adlı ustaya dəmir qapı düzəltmək istədiyini bildirmişdir. O, da sexdə müxtəlif növ qapıların olduğunu və istədiyi formada qapı düzəldə biləcəyini bildirdi. Elə həmin gün onunla şifahi razılığa gələrək ümumi qiyməti 650 manat məbləğində dəmir qapı sifariş verdi. Cavabdeh də 10 gün ərzində qapını hazırlayıb təhvil verəcəyini bildirdi. 10 gün sonra cavabdehə yaxınlaşanda ölkədə baş verən sərt karantin rejimi ilə əlaqədar olaraq qapının düzəlməsində bir neçə gün gecikmə olacağını dedi, onu tələsdirməməyi xahiş etdi. Bir neçə gün qapı hazır olmadığına görə iddiaçı narahat olmağa başlamış, həmin sexi icarəyə verən şəxslə söhbət aparmış və ona bildirmişdir ki, bu sahədə dəmir işləri apaırldığından bu sahə üzrə heç bir karantin rejimi tətbiq olunmamışdır. Cavabdehə etdiyi zənglər və müraciətlər cavabsız olaraq qalırdı. İddiaçı Yaşma bağları ərazisində yaşadığına görə karantin rejimi ilə əlaqədar olaraq Sumqayıt şəhərinə tez-tez gedibgəlməyi mümkün olmamışdır. Amma arada sms icazə vasitəsi ilə onun sexinə gəlmiş, vəziyyəti ilə maraqlanmışdır. Sonuncu dəfə 2020-ci ilin sentyabr ayının 2-də sexə getdiyi zaman aralarında böyük mübahisə yaranmışdır və tez zamanda qapı hazır olmazsa, polis orqanlarına müraciət edəcəyini bildirmişdir. Bundan qorxan cavabdeh öz qeyd dəftərində iddiaçıya olan 650 manat məbləğində borcu sentyabrın 12-si ödəyəcəyi ilə bağlı yazı yazdı və həmin yazının sonunda hər iki tərəf də imzalarını çəkmişlər. Cavabdeh həmin yazını yazarkən iddiaçı onu öz razılığa videoya çəkmişdir. Sentyabrın 14-ü sexə yaxınlaşarkən qapının yenə hazır olmadığını görmüş və orada çalışan, lakin adını bilmədiyi qaynaqçı mübahisəyə qarışaraq qapının tam hazırlanıb qutraması üçün materiala ehtiyacı olduğunu bildirdi. Qalan 200 manatı ödəməyini və tez bir zamanda qapını təhvil verəcəklərini bildirdilər. İddiaçı qapının tez hazır olması üçün qapının 200 manat pulunu da ödəmişdir. Lakin qapı yenə də cavabdehin dediyi zamanda hazır olmadı. İddiaçı xx.xx.2020-ci il tarixində DİN 102 xidmətinə müraciət etmişdir. Şikayət Sumqayıt Şəhər Pİ-nin 1-ci PB-də araşdırılarkən aydın olmuşdur ki, tək onu yox onun kimi bir çox vətəndaşa qarşı da bu cür dələduzluq etmiş, pulları alaraq sifarişlərini düzətməmişdir. Cavabdeh nə polis idarəsinə gəlmiş, nə də bu şikayətlə bağlı izahat vermişdir. AR DİN SŞPİ-nin 1-ci Polis Bölməsinin 124-15913H-1220 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçının ərizəsində göstərilənlər mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. İddiaçı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1969-cu ildə, anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 1651 saylı arayışda göstərilmişdir ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdəki video görüntüdə cavabdeh iddiaçıya borclu olduğunu etiraf etmiş və bu barədə özündə yazılı qeyd aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcun qaytarmaq öhdəliyi yaranmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1.). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (752.2.). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1.). İddiaçı bildirir ki, dəmir qapının hazırlanması üçün cavabdehlə şifahi müqavilə bağlamış və bunun üçün ona 650 manat pul vermişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və qapını iddiaçıya təhvil verməmişdir. Bu səbəbdən iddiaçı ödədiyi məbləği geri tələb edir. İddiaçı cavabdehin tapşırığı gecikdirməsi səbəbindən bir-neçə dəfə yaşadığı Sumqayıt şəhəri, Yaşma bağları ərazisindən həmin qapı sexinə gəlib-qayıtmış və bunun üçün əlavə xərclər çəkmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən iddia ərizəsində göstərilən qapının hazırlanması üçün ödənilmiş 650 manat və iddiaçının yola çəkilən xərcləri 300 manat olmaqla, 950 manat pul tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehə ödənilmiş 650 (altı yüz əlli) manat və çəkilmiş əlavə xərclər üçün 300 (üç yüz) manat olmaqla, 950 (doqquz yüz əlli) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (manat) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar