Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1305/2022 29.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 1065,60 manat zərərin cavabdehddən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 iyun 2021-ci il tarixində, Bakı dairəvi avtomobil yolunun 7-ci kilometrliyində cavabdehin idarə etdiyi “Daimler Chrysler” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 52 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmışdır. Həmin hadisə nəticəsində iddiaçıya 6065,60 manat məbləğində zərər vurulmuşdur. Faktla bağlı cavabdehin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmiş və iddiaçıya dəymiş zərər barəsində məlumat verilmişdir. Tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemində və sürücünin izahatlarında avtomobilin metal təhlükəsizlik səddinə dəyməsi nəticəsində maddi zərərin vurulması qeyd edilmişdir. Bakı dairəvi avtomobil yolunun 7-ci kilometrliyində “Daimler Chrysler markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 52 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmaqla, dövlət vəsaiti hesabına inşa edilmiş yol təsərrüfatına 6065,60 manat məbləğində zərər vurulmuşdur. Qəza törədən “Daimler Chrysler” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili icbari qaydada sığortalandığı “Qalasığorta” tərəfindən iddiaçıya ümumi dəymiş zərərin 5000 manatı ödənilmişdir. Lakin hazıradək cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyanın qalan 1065,60 manatının ödənilməsi təmin edilməmişdir. İddiaçı məhkəməyə ünvanlanmış ərizəsində işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə verdiyi izahatında ziyanın həqiqətən onun tərəfindən vurulduğunu və ziyanın ödənilməyən hissəsinin ödənilməsinə hazır olduğunu bildirdi. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışna əsasən cavabdeh xx.xx.1971-ci ildə, Ermənistan Respublikası, Krasnoselo rayonu, Əmirxeyir kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Daimler Chrysler” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil “X2” MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. 11 iyun 2021-cı il tarixində, Bakı dairəvi avtomobil yolunun 7-ci kilometrində, Daimler Chrysler markalı, 53 AC-351 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının balansında olan yol təsərrüfatına vurulmuş zərər barədə arayışa əsasən iddiaçıya cəmi 6065,60 manat məbləğində zərər vurulmuşdur. İş materiallarına əlavə edilmiş cavabdehin izahatına əsasən 11 iyun 2021-cı il tarixində, saat 05:30 radələrində idarə etdiyi “Daimler Chrysler markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax dairəvi yolunun 6-cı kilometrliyində Lökbatan istiqamətində hərəkət edərkən idarə etməni itirmiş, avtomobil yolun soluna çıxıb qoruyucu səddə çıxpılmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Həmin hadisə avtomobilə və yolun qoruyucu səddinə zərər yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin təqsirli olduğu yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya ziyan dəymişdir. Həmin ziyan məbləği yol təsərrüfatına vurulmuş zərər barədə arayışa əsasən ümumilikdə 6065,60 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatında ziyanın onun tərəfindən vurulduğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia ərizəsində göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1065 (min altmış beş) manat 60 (altmış) qəpik pul Cavabdeh tutularaq iddiaçı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1305/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1305/2022
29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver