Məhkəmə qərarları › İş №2(060)-1310/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1310/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1310/2021 27.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı Ağaəmi oğlunun iştirakı ilə, İddiaçı Ağaəmi oğlunun Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağaəmi oğlu (bundan sonra - iddiaçı) Cavabdeh oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15850 manat vəsaitin, eləcə 25 oktyabr 2019-cu il tarixdən hazırkı vaxta qədər həmin puldan qanunsuz faydalandığına görə bank faizinin uçot dərəcəsi əsas götürülməklə faiz əlavə edilməklə iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı iki ildən bir az çoxdur ki, Neftçilər metrosunun yanında iddiaçının mobil telefon mağazasını işlətdiyi vaxtdan tanış olmuşlar. Tanış olduqları qısa müddət ərzində cavabdeh onun etibarını qazanmış və ondan müxtəlif qiymətlərlə, müxtəlif markalı telefonlar alıb apararaq ayrı-ayrı şəxslərə satmışdır. O, 2019-cu ilin aprel ayının 23-dən başlayaraq, həmin ilin oktyabr ayının 25-dək olan müddətdə xeyli miqdarda mal götürdüyünə görə aralarında olan danışığa əsasən iddiaçıya 22000 manat pul verməli idi. Cavabdeh həmin puldan müəyyən qismini qaytarmış, nəticə etibarı ilə iddiaçıya 15850 manat faktiki olaraq borclu qalmışdır. Həmin vaxt cavabdeh həmin malları satdığını etiraf edib pulunu qısa müddətdə qaytaracağına söz vermişdir. Lakin sonradan gecikdirdiyinə görə iddiaçı dəfələrlə pulunu istəsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış və pulunu qaytarmamışdır. İddiaçı qeyd edilən halla bağlı 10 avqust 2020-ci ildə Xətai RPİ-nə rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizə üzrə araşdırma aparan Xətai RPİ-nin müstəntiqi toplanmış material əsasında 22 avqust 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarmışdır. Həmin qərarın məzmununda işin mülki xarakter daşıdığından məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Araşdırma zamanı izahatı alınan cavabdeh iddiaçıya qeyd edilən məbləğdə pul borclu olduğunu etiraf edərək, bu ilin sentyabr ayından başlayaraq qısa müddətə ödəyəcəyini söz versə də, hazırkı vaxta qədər bir manat belə ödəməmişdir. Cavabdeh uzun müddətdir ki, ididaçıya çatası puldan qanunsuz faydalanmağa davam edir. O, şərtləri pozmuş və dəfələrlə xəbərdar edilməsinə baxmayaraq , hazırkı vaxta qədər iddiaçıya məxsus satılmış malların satışından əldə etdiyi pul vəsaitindən qanunsuz faydalanmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1984-cü ildə, Bakı şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1984-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Xətai rayon Polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 cinayət işinin başlanmasının ərdd edilməsi haqqında qərarından görünür ki, iddiaçının cavabdeh barəsində verdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 22.07.2021-ci il tarixli məktubunda iddiaçının şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin surətləri Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, cavabdeh Bakı şəhəri Xətai rayon Polis idarəsində verdiyi izahatında cavabdeh iddiaçıdan həqiqətən müxtəlif markalı telefonlar alaraq satdığını, lakin iddiaçıya olan borcunu tam qaytara bilmədiyini və iddiaçıya 15850 manat məbləğində pul verməli olduğunu etiraf etmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mahiyyət etibarilə mülki qanunvericilikdə nəzərdə tutulmuş ticarət nümayəndəsi (agent) və ya kommersiya konsessiyası müqavilələrinə uyğun gəlsə də, qanunvericilikdə həmin müqavilələrin yazılı formada bağlanması nəzərdə tutulmuşdur. Lakin, tərəflər arasında hər hansı yazılı müqavilə mövcud olmamışdır. Bu səbəbdən məhkəmə tərəflər arasında münasibətlərə alqı-satqı müqaviləsinə aid müddəalarının tətbiq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). Göründüyü kimi iddiaçı cavabdehə sonradan ödənilmək şərti ilə mobil telefonlar satmış, cavabdeh isə həmin telefonların dəyərini tam şəkildə iddiaçıya ödəməmiş və nəticədə 15850 manat borcu qalmışdır. Həmin faktı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsində aparılmış araşdırma zamanı verdiyi izahatında etiraf etmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir. İddiaçı həmçinin həmin puldan faydlanmağa görə cavabdehdən faizlərin tutulmasını tələb edir. Mülki Məcəllədə 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı cavabdehdən illik faizləri də tələb etməsinə baxmayaraq cavabdehə konkret olaraq hansı tarixlərdə, hansı dəyərdə telefonlar satdığını iddia ərizəsində göstərməmiş, həmin məsələlərlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Yəni, cavabdehin pul məbləğindən faydalanma dövrünün müəyyən edilməsi qeyri-mümkündür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15850 (on beş min səkkiz yüz əlli) manat məbləğində pul və 15 manat dövlət rüsumu Cavabdeh oğlundan tutularaq İddiaçı Ağaəmi oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar