Məhkəmə qərarları › İş №2(060)-132/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-132/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-132/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2662 manat pulun X1 xeyrinə, 3237 manat pulun İddiaçı xeyrinə və 1000 manat kompensasiya pulunun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıların qardaşı Zalov İslamın keçmiş arvadıdır. Cavabdeh Zalov İslamla evləndiyi gündən boşandığı günə kimi10-30 faiz tanışlarından sələmə pul götürmüşdür. Bunu məhkəmədə cavabdeh özü də etiraf etmişdir. Maddi vəziyyətinin çətin olmasına baxmayaraq, ailə dağılmasın deyə borcları iddiaçılar ödəmişdirlər. İddiaçı cavabdehə 250 manat+2400 manat+500 manat+87 manat= 3237 manat borca pul vermişdir. Digər iddiaçı Zalova Şəhla da cavabdehə 2000+562+100=2662 manat borca pul vermişdir. Cavabdeh ailələrinə maddi ziyan vurmuş, borclarını bu günə qədər qaytarmamışdır. Bu illər ərzində çəkdikləri əzabəziyyətlərə görə, dəfələrlə Sumqayıta gedib-gəlməklərini nəzərə alaraq 1000 manat kompensasiya pulunun da verilməsini tələb edirlər. Məhkəmə iclasında İddiaçı izahat verərək, yalnız bank vasitəsilə cavabdehə göndərdiyi 502 manat məbləğində pulun iddiaçıdan tutulmasını xahiş etdi. Belə ki, digər məbləğlərin verilməsini sübut edə bilmədiyini, bu halı təsdiq edən dəlillərinin olmamasını bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, bank vasitəsilə 502 manat pulun ona deyil, keçmiş ərinə, iddiaçıların qardaşına avtomobil almaq üçün yardım olaraq göndərildiyini bildirdi və məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Digər iddiaçı X2 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -xx xxxx 2018-ci il tarixli köçürmənin göndərilməsi barədə bildirişdən görünür ki, İddiaçı Cavabdeh “xxxx” KB ASC 10 saylı filialı ilə 502 manat məbləğində pul köçürmüşdür. Köçürmənin nəzarət nömrəsi: UT**********-dir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı bank vasitəsilə xx xxxx 2018-ci il tarixində Cavabdeh 502 manat məbləğində pul köçürməsi göndərmişdir. Cavabdeh pulu almış, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və aldığı pulları qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, iddiaçı bank vasitəsilə cavabdehə 502 manat məbləğində pul göndərmiş, sonuncu aldığı borcu qaytarmamışdır. Ona görə də iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə cavabdehin 502 manat pulun İddiaçı tərəfindən ona deyil, keçmiş əriiddiaçıların qardaşı İslam Zalova sonuncunun avtomobil alması üçün kömək məqsədilə göndərməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, həmin pulun göndərilməsinə dair bildirişdə onu alan şəxsin Cavabdeh olduğu göstərilmiş, habelə cavabdeh həmin köçürməni almasını təkzib etməmişdir. Göstərilən vəsaitin keçmiş ərinin avtomobil almasına sərf olunmasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, iş materialları ilə təsdiq olunmadığından, iddiaçılar tərəfindən mötəbər sübut təqdim edilmədiyindən iddianı digər hissələrdə əsassız sayır və belə qənaətə gəlir ki, həmin tələblər təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 502 manat borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 502 manat borc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar