Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1329/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ********* saylı 11.12.2019-cu il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 11.11.2020-ci il tarixinə yaranmış 179 manat əsas borc, 53 manat cərimə, ümumilikdə 232 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11.12.2019-cu il tarixli müddətli alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Kenwood” markalı ətçəkən maşına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla cəmi 229 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq sonuncu 12.01.2020-ci il tarixində 50 manat ödəniş etmiş və qalıq qalmış 179 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə əsasən gecikdirilən aylıq borc məbləğinə hər gün üçün 1 faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da 05.10.2020-ci il tarixdən 11.11.2020-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 faizlə hesablanmış cərimə məbləği 53 manat təşkil edir. Beləliklə cavabdehin 11.11.2020-ci il tarixə cavabdehə olan borcu 179 manat əsas, 53 manat cərimə, cəmi 232 manat təşkil etmişdir. Cavabdeh tərəfindən 10.12.2020-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 11.12.2019-cu il tarixdə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan 12 ay müddətində ona hər ay 20 manat ödəməklə, ümumilikdə 229 manat ödəmək şərtilə “Kenwood” markalı ətçəkən maşını almışdır. 11.12.2019-cu il tarixdə 50 manat ilkin ödəniş etmişdir. 12.01.2020-ci il tarixdə ona verilən cədvəl üzrə 20 manat deyil, 50 manat ödəniş etməli olduğu bildirilmişdir. İddiaçının satdığı mal qüsurlu olmuşdur. Belə ki, malı aldığı vaxtdan 1 ay keçməmiş ondan istifadə etdikdə ətçəkən maşın normal işləməmiş, əti sanki geriyə qaytararaq çəkmişdir. Bu barədə iddiaçıya məlumat vermiş, 28.01.2020-ci il tarixdə mal iddiaçıya təhvil verilmişdir. Bu səbəbdən iddiaçı ödənişləri dayandırmışdır. Təxminən 3-4 ay sonra məhsulun düzəldildiyi barədə məlumat vermişlər. Yerində yoxladıqda yenidən normal işləmədiyindən onu götürməkdən imtina etmişdir. İddiaçı istifadə etmədiyi məhsula görə 100 manat da ödəniş etmişdir. İddiaçının əməkdaşları borcun dondurulduğunu bildirmişdilər. Sumqayıt Şəhər Məhkəməsinin 10.12.2020-ci il tarixli, 2(060)-7026/2020 saylı qərardadı ilə hazırkı iş üzrə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh xx.xx.1967-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 11.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı “Kenwood” markalı ətçəkən maşını cavabdehə satmış və cavabdeh iddiaçıdan aldığı həmin məhsulun dəyərini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin 05.11.2020-ci il tarixinə əsas borc üzrə 179 manat, cərimə borcu üzrə 53 manat məbləğində borcu qalmışdır. Ödəniş cədvəlinə əsasən cavabdeh 11.12.2019-cu il tarixli müqavilə üzrə “Kenwood” markalı ətçəkən maşın üçün 12 ay müddətində 11 ay ərzində hər ay 20 manat, sonuncu ay 9 manat ödəməli idi. İş materiallarına cavabdeh tərəfindən mübahisəli məhsulun fotoşəkili əlavə edilmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı olaraq bildiriş (xəbərdarlıq) göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş “müştəri müraciəti”ndən görünür ki, cavabdeh “Kenwood” markalı ətçəkən maşını 28.01.2020-ci il tarixində qüsurla işləməsi səbəbindən iddiaçının servis mərkəzinə təhvil vermişdir. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi həyata keçirilmişdir. Mülki Məcəllədə həmçinin nəzərdə tutulmuşdur ki, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur (581.1.). Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir (582.2.). Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır (583.1.). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, göstərilmişdir ki, komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır. İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır (maddə 6). Tərəflər arasında bağlanmış 11.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin 3.2.5-ci bəndində qeyd edilmişdir ki, alıcı bu müqaviləyə əsasən aldığı əmlakın dəyərini tam ödəyənədək əmlakda hər hansı bir nasazlıq yaranarsa, nasazlığı aradan qaldırmaq üçün alıcı əmlakı yalnız zəmanət talonunu vermiş rəsmi səlahiyyətli təmir xidmətinə təqdim edə bilər. Rəsmi səlahiyyətli təmir mərkəzindən kənar heç bir yerdə əmlak üzərində hissə dəyişikliyi, imei dəyişdirilməsi və həmçinin proqram təminatı dəyişikliyi edilə bilməz. İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh də müqavilə üzrə nəzərdə tutulmuş ödənişi həyata keçirmişdir. Lakin, müqavilə müddəti bitmədən cavabdehə verilmiş malda qüsur aşkar edilmişdir. İddiaçıya bununla bağlı məlumat verilmiş, iddiaçı malı təmir edilməsi üçün cavabdehdən təhvil almış, qüsur aradan qaldırıla bilməmiş və indiyədək onu geri qaytarmamış, nə də onu dəyişdirərək yenisi ilə əvəz etməmişdir. Bu səbəbdən həmin malın dəyərinin cavabdehdən tələb edilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 11.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 05.11.2020-ci il tarixinə yaranmış 179 manat əsas borc və 53 manat cərimə olmaqla, cəmi 232 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1329/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1329/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver