Məhkəmə qərarları › İş №2(060)-133/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-133/2022

19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-133/2022 19.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 İddiaçı və cavabdeh X3 iştirakları ilə İddiaçı cavabdeh X4 qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladı 10.02.2008-ci il təvəllüdlü X1 üçün cavabdeh X2 hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2014-cü il tarixli, 2(060)-3848/2014 nömrəli qətnaməsi (hakim C.Məmmədov) ilə İddiaçı və cavabdeh X7 arasındakı nikah pozulmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsinə əsasən 06.05.2014-cü il tarixdən başlayaraq onların birgə nikahından doğulmuş 10.02.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 103 manat miqdarında alimentin X2 tutularaq ona verilməsi qət olunmuşdur. Qətnamədən göründüyü kimi aliment məbləği “X12 Azərbaycan Respublikası Qanunu ilə 2014-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində müəyyən edilmişdir. Cavabdeh X3 iş yeri və qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olduğundan cavabdehin nə qədər qazancı olmasını müəyyən edə bilmir və bu səbəbdən də hesab edir ki, cavabdehdən tutulan aliment Azərbaycan Respublikasında 2021-ci il üçün X12 Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə, sabit pul məbləği şəklində tutulmalıdır. Göstərilənləri nəzər alaraq, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladı 10.02.2008-ci il təvəllüdlü X1 üçün cavabdeh X2 hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçı ilə 16 fevral 2008-ci il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ilə ailə həyatı qurmuşlar. Birgə nikahdan 10.02.2008-ci il təvəllüdlü X9 anadan olmuşdur. Sonradan münasibətləri normal olmadığı üçün aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 10.06.2014-cü il tarixli qətnaməsi ilə pozulmuş və ondan iddiaçının xeyrinə 103 manat aliment tutulması qət edilmişdir. O, üç aydan çoxdur ki, kəsilən alimentdən artıq yəni 150 manat ödəniş etmiş və hazırda da bacardığı qədər maddi köməklik göstərir. Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən artıq ödəniş edə bilmir. Belə ki, o, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan iki uşağı vardır. Lakin buna baxmayaraq o, ayda 120-130 manat ödəniş edə bilər. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh X3 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin İş № 2(060)-3848/2014 saylı, 10 iyun 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə X7 arasında 08 fevral 2008-ci il tarixdə Sumqayıt Şəhər VVAQ şöbəsində bağlanmış, 131 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 10.02.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması və 06 may 2014-cü il tarixdən başlayaraq hər ay X3 qazancının və (və ya) başqa gəlirlərindən 10.02.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 103 (bir yüz üç) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ №077897 saylı, 06.03.2008-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 10.02.2008-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 948 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 13.12.2021-ci il tarixli arayışdan görünür ki, X7 01.05.2021ci il tarixdən hal-hazırki dövrə kimi Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən “Yaxta” restoranında nəzarətçi peşəsində işləyir. Aylıq əmək haqqısı 250 manat təşkil edir. İş materiallarında olan AZ-İİ №080144 saylı, 26.01.2016-cı il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X7 ilə X8 arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 26 yanvar 2016-cı il tarixdə bağlanmış və 229 nömrəylə qeyd olunmaqla sonuncuya “Rüstəmova” soyadı verilmişdir. İş materiallarında olan, AZ-İİİ №708182 saylı, 23.02.2016-cı il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 26.01.2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 1798 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİ №392714 saylı, 01.11.2014-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 19.10.2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 1702 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün “X12” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 10.02.2008-ci il təvəllüdlü X6 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3848/2014 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 10.02.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 150 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3848/2014 saylı 10 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 10.02.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. X2 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar