Məhkəmə qərarları › İş №2(060)-1337/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1337/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1337/2023 11.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin borc olaraq ondan aldıqları 11000 ABŞ dolları pul vəsaitinin, həmçinin 2005-ci ildən hesablanmaqla qeyd edilən pul vəsaitinin məbləğindən məhkəmə qərarının çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin və ödənilmiş 150 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İddiaçının dedikləri yalandır. O, 1989-cu ildən Rusiya Federasiyasında yaşamışdır. Bacısı ticarətlə məşğul olduğundan iddiaçıdan ticarət məqsədilə faizlə borc pul almış və həmin pulları iddiaçının özünə qaytarmışdır. Bacısı borc alarkən evini və qızıllarını girov qoymuşdur. Bacısının iddiaçıdan borca aldığı pulun məbləğini bilmir. O, iddiaçını qardaşı vasitəsilə tanımışdır. O, Kalininqrad şəhərində yaşamışdır. Cavabdeh1 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və Cavabdeh2 izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdehlərin hər birinə qarşı yönələn tələb konkret göstərilməmiş, müvafiq tələbin bilavasitə hansı cavabdehə qarşı qaldırılması əks olunmamışdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır.İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 13-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən AR MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmiş, hazıradək həmin nöqsan iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan vəziyyətdə mülki işə baxılması və ərizənin həll edilməsi qeyri-mümkündür. Odur ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki iş materiallarından görünür ki, ərizəyə 150 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki mülki iş AR MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanıldığından, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 259.0.12, 260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 150 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar