Məhkəmə qərarları › İş №2(060)-1347/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1347/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1347/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 04 may 2013-cü il tarixdə yazılı qəbzə əsasən 2000 manat pul vermişdir. Qəbz cavabdehin öz dəst-xətti ilə tərtib edilmişdir. Cavabdeh aldığı borcdan 50 manatı 2022-ci ilin yanvar ayında uzun sözsöhbətdən sonra qaytarmışdır. Hal-hazırda Cavabdeh ona yazılı qəbzə əsasən 1950 manat ödənilməmiş borcu qalmışdır. Ona dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, o hər dəfəsində borcu ödəyəcəyinə yalandan vəd verir. Cavabdeh tərəfindən borc qaytarılmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh yazılı qəbzlərə əsasən onun xeyrinə 1950 ( min doqquz yüz əlli ) manat pul və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək İddiaçı ona qarşı 1950 manat borc tələbinə dair eləcədə ödənilmiş 40 manat dövlət rüsumu üzrə xərclərin cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.Bildirmişdir ki, borc alan kimi şəxs olaraq o, borc verən şəxs İddiaçı ilə heç bir təmasda olmamış və onu tanımamışdır. Bütün borc pul ilə bağlı haqq-hesab və aldımverdimdə vasitəçi olmuş Əsmət Əsgərovanın iştirakı ilə keçirilmişdir. Belə ki, 2013-cü ilin may ayında ona borc pul tələb olunduğu üçün yaxşı tanıdığı Əsmət Əsgərovaya müraciət etmiş, o da ona kömək etmək məqsədi ilə borca pul verən şəxsin onun iş yoldaşı olduğunu qeyd etmiş və Əsmət xanım iddiaçı ilə danışıqlar aparmış, borc pul və faiz dərəcəsi ilə razılığa gəlmiş və beləcə onun iş yoldaşı olan hazırki iş üzrə İddiaçı 2000 manat məbləğində borc pulu götürərək ona vermişdir. O da öz növbəsində 2000 manata dair yazılı qəbz vermişdir. Həmin borc məbləği razılığa gəldikləri şəkildə və vaxtda Əsmət xanım vasitəsi ilə borc sahibi olan iddiaçıya qaytarmışdır. Məhkəmədən vəsatətin təmin olunmasını, X1 hazırki iş üzrə məhkəmə baxışına şahid kimi iştirakına şərait yaradılmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki iddia ilə İddiaçı məhkəməyə müraciət etsə də, qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı borc pul tələbinə dair iddia tələbi üzrə icraata iddia müddətinin tətbiq edilməsini və tələbin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. 2013-cü il tarixdə pul vermişdir. Cavabdehin qohumu onunla birgə məktəbdə işləmiş,oğlanları ilə birgə məktəbə gəlib və getmişdir. Əsmət xanım ona bildirmişdir ki, oğlu İsraildə müalicə alır, xəstədir, imkanı yoxdur, pul tapa bilmir. Münasibətləri yaxşı olduğuna görə ona 2000 manat pul vermişdir. Demişdir ki, 1 ay müddətində qaytaracaqdır. İddiaçı uzun müddət xəstə olmuş, 2 dəfə əməliyyat olunmuş və bu səbəblərdən qaytarmaq söhbəti olmamışdır. Sonra özü ilə görüşmüş və xahiş etmişlər ki, hissə-hissə ödəsin. Yoldaşı ilə razılaşmış və ayda 50 manat ödəyəcəyi barədə razılığa gəlmişlər. Bu barədə razılıq şifahi formada olmuşdur. 1 dəfə 50 manat pul qaytarmışdır. Ondan sonra isə iddiaçı evinə getmiş, lakin cavabdeh evindən köçmüş və tapa bilməmişdir. Yoldaşı dəfələrlə ona zəng etmiş və demişdir ki, məhkəməyə verəcəkdir. Cavabdeh isə demişdir ki, hara istəyirsən orada şikayət et. Pulu Əsmət xanım vasitəsi ilə vermiş lakin cavabdeh həmin zaman onun yanında olmuşdur. 50 manat pulu İlqarın iş yoldaşı İnqilab ona toyda vermişdir. İlqar müəllimdən tələb olunan məbləğdən toyda qaytarılmışdır. Bir neçə dəfə İlqarın qapısına getmişdir. Lakin evdə tapılmır. Yoldaşı dəfələrlə zəng etmiş və cavabdeh bildirmişdir ki, verəcəkdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil izahatında bildirdi ki, cavabdeh bildirmişdir ki, Əsmət xanımın vasitəsi ilə vermişdir. Əsmət xanımın şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 1950 manat borc tələbi ilə çıxış edir. Mülki Məcəllənin 372.3-cü maddəsinin tələbinə görə müddətin hesablanma qaydası vardır. Həmin borcun verilməsi müddətinə baxdıqda borcun verilməsi müddəti bir neçə dəfə ötürülmüş sayılmalıdır. Həmin müddətdən 10 il keçmişdir. Borc müqaviləsi ilə bağlı tələblərə 3 il müddət şamil edilir. Ona görə də iddia müddətinin tətbiq olunması barədə ərizənin təmin edilməsini və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, 50 manat pulu Əsmət xanımın rəhmətə gedən oğlu vermişdir. 2019-cu il tarixdə İnqilabın qardaşının toyunda pul vermişdir. 2022-ci il tarixdə pul verməmişdir. Vəkilinin dediklərini təsdiq edərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə İddiaçı, Cavabdeh, onun vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında şahidin ifadəsini dinləyib, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Şahid qismində məhkəmə iclasında iştirak edən X2 izahatında bildirmişdir ki, Aidə xanımı tanıyır, 39 nömrəli məktəbdə bir yerdə işləmişlər. İlqar onun baldızının oğludur. İlqara 2000 manat məbləğində pul lazım olmuşdur. Oda demişdir ki, tapacaqdır. Məktəbdə müəllimədən alacaqdır. Sonra isə Aidə müəlliməyə demiş, Aidə müəllim isə demişdir ki, kağızda 2000 manat pul lazımdır cümləsini yazsın. İlqara demişdir ki, kağızda yaz. İlqar kağızda yazdıqdan sonra 2000 manat pulu almışdır. Hər ay İlqar 120 manat pul vermiş və o da o pulu iddiaçıya vermişdir. 19 ay 120 manatdan pul vermişdir. 50 manatı oğlu vermişdir. İmza etdirməmişdir. İmza etdirmək ağlına gəlməmişdir. Lakin özündə qeyd etmişdir. Borcu faizlə vermişdir. 2280 manat qaytarmış, 200 manat da o vermiş, cəmi 2480 manat qaytarmışdır. Azərbaycan Respublikası DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikası, Sumqayıt Şəhərində anadan olmaqla ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Tikinti Kooperativinin 232 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. Tərəflər arasında yazılı şəkildə imzalanmış qəbzdən görünür ki, Cavabdeh Aidə müəllimədən 04 may 2013-cü il tarixdə 2000 manat borc pul götürmüşdür. Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE № 07932282-dir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması işin araşdırılan halları, çəkişmə prinsipinə əsasən tərəflərin verdikləri izahatlara, Cavabdeh yazılı iltizam imza etməklə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməyərək götürdüyü pulu geri qaytarmaması ilə ifadə olunmuşdur. Nəticədə cavabdehin İddiaçı 1950 manat borcu yaranmışdır. Cavabdeh yazılı iltizama imza etməklə gütürdüyü pulu məhkəmə iclasında etiraf etsədə, iddia tələbinə dair etirazının əsasını nədən ibarət olmasını sübut edə bilməmiş, pulu qaytardığını bildirsədə, həmin qeyd etdiyi etirazın dəlillərini işin araşdırılan halları ilə təsdiq olunmayaraq, onun gətirdiyi dəlillərin əsassız olmasına qənaətinə gəlməyə imkan yaratmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə müddətin tətbiq olunması ilə bağlı cavabdehin verdiyi ərizəyə münasibət bildirərək qeyd olunmasını zəruri hesab edir ki, yazılı iltizama imza etməklə üzərinə öhdəlik götürdüyündən, Cavabdeh tələb olunan pulun 50 manatını (tərəflərin mübahisə etmədikləri əsaslarla) qaytarmaqla, məhkəmənin müddətin tətbiq olunmasına dair ərizənin əsassız olması qənaətinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 550-ci maddəsinə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 1950 manat məbləğində pul və 40 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1950 (min doqquz yüz əlli) manat məbləğində pul və 40 (qırx) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar