Məhkəmə qərarları › İş №2(060)-1357/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1357/2021

09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1357/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2050 manat, 16 ay müddətində sifarişi icra etmədiyi üçün və gecikdirilmiş müddət ərzində işlərinin ləngiməsi səbəbindən ona dəyən zərərin məbləği 656 manat, hüquqi yardımdan istifadə üçün 1000 manat olmaqla, ümumilikdə 3706 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən iddiaçıya məxsus qeyri yaşayış obyektinə mebel yığılması sifariş edilmişdir. Sifarişə əsasən sifariş edilmiş mebellərin ümumi dəyəri 3460 manat təşkil etmişdir. Həmin məbləğdən müxtəlif vaxtlarda xx.xx.2019-cu il tarixdə 1600 manat, xx.xx.2019-cu il tarixdə 450 manat vəsait cavabdehə verilmişdir. Cavabdeh sifariş edilən avadanlıqları hələ də iddiaçıya təhvil verməmişdir. xx.xx.2019-cu ildə cavabdeh iddiaçıdan 2 dəfə vəsait aldığına və xx.xx.2019-cu il tarixdə bütün sifari edilən mebel avadanlıqlarını təhvil verəcəyinə dair qəbz imzalamışdır. Cavabdeh təhvil verəcəyi mallar aşağıdakılardan ibarətdir: Otaq 1 üçün dolab - 350 manat, kiçik mətbəx mebeli - 280 manat, kamod - 120 manat, taxt - 250 manat, Otaq 10 üçün dolab – 350 manat, küçük mətbəx mebeli – 280 manat, TV stend – 350 manat, taxt – 250 manat, kamod – 120 manat, Otaq 11 üçün dolab – 350 manat, kiçik mətbəx mebeli – 280 manat, TV stend – 350 manat, taxt başlığı – 130 manat. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəöndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən iddiaçı xx.xx.1973-cü ildə, cavabdeh isə xx.xx.1978-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh hazırda Sumqayit şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 171 ünvanında qeydiyyatdadır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya məxsus oteldə mebel düzəldəcəyi ilə bağlı xx.xx.2019-cu ildə iddiaçıdan 1600 manat, xx.xx.2019-cu ildə 4500 manat pul vəsaiti vəsait qəbul etmişdir. Həmçinin xx.xx.2019-cu il tarixində cavabdeh tərəfindən imzalanmış iltizamda cavabdeh iddiaçıdan mebel düzəldilməsi ilə bağlı xx.xx.2019-cu ildə iddiaçıdan 1600 manat, xx.xx.2019-cu ildə 4500 manat pul vəsaiti vəsait qəbul etdiyini etiraf etmiş və sifarişi xx.xx.2019-cu il tarixinə kimi təhvil verəcəyini öhdəsinə götürmüşdür. Mübahisənin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında olan münasibətlər podrat münasibətləridir. Bu səbəbdən mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (752.1. və 752.2.). İşdən göründüyü kimi cavabdeh iddiaçıdan mebel düzəldilməsi ilə bağlı pul vəsaiti vəsait qəbul etdiyini yazılı iltizam əsasında etiraf etmişdir. Bu səbəbdən həmin iltizama borcun etirafı haqqında müavilə kimi qiymət verilməlidir. Mülki Məcəlləyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya mebel avadanlıqlarının sifarişinin təhvil verilməməsi barədə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. İşdən göründüyü kimi iddiaçı cavabdehə 450 manat və1600 manat ödəniş etmiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, sifarişini qəbul etdiyi mebel avadanlıqlarını iddiaçıya təhvil verməmişdir. Buna görə də iddia həmin hissədə təmin edilməli, 2050 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında şifahi razılaşmaya əsasən cavabdeh iddiaçının restoranına mebellerin quraşdırılması, iddiaçı isə ona buna görə müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşlər. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 2050 manat pul ödənilmişdir. Cavabdeh isə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Hazırda iddiaçı cavabdehə ödədiyi 2050 manat məbləğində pulu cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). İddiaçı hesab edir ki, cavabdeh işlərinin ləngiməsi səbəbindən iddiaçıya maddi zərər vurmuşdur. Bu səbəbdən iddiaçı əldən çıxmış fayda kimi ona vurulan zərəri tələb edir. İddiaçı cavabdehdən 656 manat tələb edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (107). Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir (115.0.6.). Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır (121.1.). İddiaçı hüquqi yardımdan istifadə üçün cavabdehdən 1000 manat pulun tutulmasını tələb edir ki, məhkəmə həmin məbləğin real olmadığı üçün azaldılaraq 300 manat məbləğində müəyyən edilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2050 manat məbləğində əsas borc, gecikdirilmiş müddət ərzində işlərinin ləngiməsi səbəbindən dəyən zərərin məbləği olaraq 656 manat, hüquqi yardımdan istifadə üçün 300 manat olmaqla, cəmi 3456 (üç min dörd yüz əlli altı) manat pul Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar