Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-136/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 25697,90 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6762/2021 saylı, 28.09.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 30.12.2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İşin müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.04.2018-ci il tarixli, 1(101)-109/2018 saylı hökmü ilə cavabdeh Azərbaycan respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.01.2019-cu il tarixli, 1(105)-20/19 saylı qərarı ilə həmin hökm dəyişdirilmiş, cavabdehə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17.06.2021-ci il tarixli, 1(102)-205/21 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmiş, cavabdehin üzərində 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Cavabdeh tərəfindən məhkəməyə 24.01.2022-ci ildə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir . Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında müqavilənin bağlanma vaxtının 2013-cü il olmasını nəzərə alaraq 9 ildən çox bir müddət keçmiş və cinayət işi üzrə 2013-cü il tarixdə müqavilə bağlanmış, barəsində 2016-cı il tarixdə cinayət işi başlandıqda zərərçəkmiş şəxs qismində tanınmış və onun Bakı Ağır Cinayıtlər Məhkəməsində mülki iddia qaldırmamış və məhkəmə hökmü 2018-ci ilin 04 aprelində qəbul edilmişdir. Mülki mübahisə yaranan gündən sonra 9 il , məhkəmə hökmü çıxandan sonra 3 il keçdikdən sonra cavabdehə qarşı pul təlbinə dair mülki iddia qaldırımışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddiaçının iddia tələbinə iddia müddəti tətbiq edilərək rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən cavabdehin dələduzluq yolu ilə onun 25697,90 manat pulunu mənimsəməsi sübuta yetirilir. Həmin cinəyət işi daxilində mülki iddia verilməmişdir. Bu səbəbdən həmin məbləğ cavabdehdən onun xeyrinə tutumalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, M.F.Axundov küçəsi,ev 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışna əsasən cavabdeh 23.05.1979 ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Yuxarıda qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, cavabdeh öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMCnin direktoru işləyərkən Sumqayıt şəhərinin 12-ci mikrorayon ərazisndə yerləşən 72 kvadratdan ibarət “Stomotoloji Kabinet» obyektinin genişləndirilməsinə və vergi cərimələrinin həll edilməsində köməklik göstərməsi üçün ona müraciət etmiş iddiaçıya özünü vəkil kimi təqdim edərək obyektini genişləndirilməsinə razıhq alacağına dair və vergi cərimələrinin ləğv elətdirilməsi barədə məhkəmə qərarı alacağına dair yalan vəd verib aldadaraq, vahid qəsdlə 08 yanvar 2013-cü il tarixdə "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «Arzu» şadlıq sarayında icarəyə götürdüyü ofisində 1500 manat pulu aldıqdan bir müddət sonra, Sumqayıt bələdiyyəsində keçiriləcək tenderi udmaq üçün bələdiyyə ilə danışdığını, bunun üçün əlavə pul lazım olduğunu bildirərək, 08 fevral 2013-cü il tarixdə ofisində həmin vaxt qüvvədə olan məzənnəyə uyğun olaraq 11772 manat olan 15000 ABŞ dollar, bundan sonra vahid qəsdini davam etdirərək sonuncunun obyektini genişlənldirilməsi üçün əlavə pul lazım olduğunu bildirməklə 11 fevral 2013-cü il tarixdə ofisində 3000 manat, bir müddət sonra vahid qəsdini davam etdirərək çertyojun çəkilməsi üçün əlavə pul lazım olduğunu bildirərək 2013- cü ilin fevral ayının sonlarınla ofisində 400 manat, bundan sonra vahid qəsdini davam etdirərək kadastr idarəsinə vermək üçün əlavə pul lazım olduğunu bildirməklə həmin vaxt qüvvədə olan məzənnəyə uyğun olaraq 784,50 manat təşkil edən 1000 ABŞ dolları, bundan sonra vahid qəsdini davam etdirərək Arxitektura İdarəsi ilə danışdığını, istismara təhvil aktının alınması üçün əlavə pul lazım olduğunu bildirməklə 2013-cü ilin avqust ayının axırında ofisində 1000 manat və həmin tarixə Azərbaycan manatına olan ekvivalenti 941,40 olan 1200 ABŞ dollar, vergi cərimələrinin bir hissəsini ödəyəcəyini və bir hissəsini isə məhkəmə yolu ilə ləğv elətdirəcəyini bildirməklə 2013-cü ilin sentyabr ayında Sumqayıt şəhərinin 12-ci mikrorayon ərazisndə yerləşən “Stomotoloji Kabinet» obyektində 1500 manat, bundan sonra vahid qəsdini davam etdirərək DƏDRX-i ilə danışdığını, bunun üçün əlavə 4000 manat pul lazım olduğunu bildirməklə 2015-ci ilin iyul ayında 4000 manat və məhkəmə tərəfindən əlavə cərimə edilməməsi üçün məhkəmyə pul vermək lazım olduğunu bildirməklə 800 manat pulunu ələ keçirərək, ümumilikdə iddiaçıya külli miqdarda, yəni 25697,90 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 25697,90 manat məbləğində maddi ziyan vurulması cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edilir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də iddia təmin edilməli, 25697,90 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Cavabdehin tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir (384.0.4.). Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi müqavilə münasibətləri əsasında yaranan tələb deyil, cavabdehin cinayət əməli nəticəsində yaranmış tələbdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında cavabdehin iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyan vurması öz təsdiqini tapır. Qeyd edilən cinayət işi üzrə son məhkəmə aktı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17.06.2021-ci il tarixli 1(102)-205/21 saylı qərarı olmuşdur. Eyni zamanda cavabdehin cinayət əməli nəticəsində iddiaçıya (mülkiyyətçiyə) maddi ziyan vurulmuşdur ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsi belə tələblərə iddia müddətinin tətbiq edilməsini istisna edir. Bu səbəbdən hazırkı tələbə iddia müddəti tətbiq edilə bilməz. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 25697 (iyirmi beş min altı yüz doxsan yeddi) manat 90 (doxsan) qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-136/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-136/2022
25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver