Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1366/2021 13.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh Mönsum oğluna qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh Mönsum oğluna qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mönsum oğlundan 3100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh Mönsum oğlunu təxminən 4 ildir ki, tanıyır. Belə ki, onların qeyri-rəsmi münasibətləri olmuşdur. Təxminən 2 il bundan qabaq cavabdeh ondan 4000 manat məbləğində borca pul istəmiş və o, həmin məbləği ona borc vermişdir. Cavabdeh həmin pulun 900 manatını ona qaytarmışdır. Hazırda cavabdehin ona 3100 manat məbləğində borcu var. Dəfələrlə cavabdehə müraciət edərək, borcunu tələb etmişdir. Lakin onun xahişinə məhəl qoymamış və bu günə kimi borcunu ödəməmişdir. O, məcbur olub cavabdeh barəsində Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə şikayət etmişdir. Şikayəti əsasında cavabdehin izahatı alınmış və izahatında ondan 4000 manat pul aldığını, həmin pulun 900 manatını ona qaytardığını və hal-hazırda ona 3100 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin 29 oktyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə cinayət işinin başlanılması rədd olunmuşdur. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-dən ona izah olunmuşdur ki, mülki qaydada məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 3100 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid olunmalıdır. İddiaçı məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin 29 oktyabr 2019-cu il tarixli cinayət işinin başlanmasnın rədd edilməsi haqqında qərarının məzmunundan görünür ki, X1 şikayət ərizəsi əsasında araşdırma aparılmış və araşdırma zamanı dindirilən Cavabdeh izahatında göstərmişdir ki, X3 ilə təxminən 4 il bundan əvvəl tanış olmuşlar, həmin vaxtdan qeyri rəsmi olaraq münasibətdə olmuşlar, eyni zamanda həmin vaxtdan qeyri rəsmi olaraq ər-arvad münasibətində olmuşlar, həmin ərəfələrdə yəni, təxminən iki il bundan əvvəl o, pul lazım olduğu üçün Səbinədən borca 4.000 manat pul almış, həmin puldan 900 manatı qaytarmışdır, onun Səbinəyə 3100 manat borcu var. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı cavabdehə 4000 manat borc pul verdiyini, həmin borcdan 900 manatın qaytarıldığını, 3100 manat borcun cavabdeh tərəfindən qaytarılmadığını iddia edir və həmin məbləğin qaytarılmasını tələb edir. İddiaçı iddia tələbinin əsası olaraq iddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmiş cavabdehin izahatına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 882-ci maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, 3100 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Mönsum oğlundan 3100 (üç min bir yüz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1366/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1366/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver