Məhkəmə qərarları › İş №2(060)-1379/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1379/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1379/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Mehralı qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Mehralı qızı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin 2(032)- 287/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan xx.xx.2012-ci il tarixdə X6 və xx.xx.2013-cü il tarixdə X7 adlı iki uşaqları anadan olmuşdur. Ailə nikah münasibətləri uyğun gəlmədiyi üçün nikahları məhkəmə qaydasında pozulmuş və xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 onun himayəsində saxlanılmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-287/2019 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul miqdarında alimentin alınıb mənə verilməsi qət edilmişdir. Lakin ölkədə gedən iqtisadi inkişaf və hər gün uşaqların maddi təlabatı artırdığı üçün o, iş üzrə Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qət edilən və hazırda qanuni qüvvədə olmaqla icra edilən məhkəmə qətnaməsi 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa aid olmasını da heç demək olmaz. Belə ki, o ildən hazırkı yaşadıqları 2020-ci ilə kimi yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa 6 dəfə dəyişiklik edilmiş və yaşayış minimumu artırılaraq 170 manat məbləğində müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, icra edilməkdə olan məhkəmə qətnaməsi 2014-cü ilin yaşayış səviyyəsinə uyğundur. Lakin 2020-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Azyaşlı uşaqların ana qayğısına ehtiyacı olduğu kimi normal yaşamaq, təhsil almaq və sair hüquqları vardır. Məhkəmə qətnaməsi ilə qət edilmiş 200 manat sabit pul məbləğində olan aliment xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 onların maddi və sair təlabatlarına çatmır. Belə ki, hazırda X6 və X7 hər ikisi məktəblidirlər. O, heç bir yerdə işləmir. İşlə təmin olunmaq üçün dəfələrlə Məşğulluq Mərkəzinə müraciət etsə də, heç bir işlə təmin edilməmişdir. Şirvan Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(032)- 287/2019 saylı qətnaməsi qəbul edilərkən Cavabdeh Mirxahq oğlu heç bir yerdə işləmirdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Salyan regional ərazi şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdehin adına işləməsi barədə qüvvədə olan əmək müqaviləsi bildirişi mövcuddur. Qanunla nəzərdə tutlumuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şirvan şəhərində yaşadığını, hər dəfə məhkəmə iclasına gəlib-gedə bilmədiyini bildirdi və məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaya etiraz edir. O, satıcı işləyir və aylıq qazancı 320 manat təşkil edir. Həmin məbləğlə hər ay 200 manat aliment ödəyir. Başqa qazancı və gəliri yoxdur. Eləcə də endokrinoloji kabinetdə qeydiyyatdadır və valideynləri onun himayəsindədir. İddia edilən məbləğdə aliment ödəməyə imkanı yoxdur. Aylıq qazancından aliment ödənişini etdikdən sonra qalan 90 manat məbləğlə dolanışığını çətinliklə təmin edir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş Şirvan Şəhər Məhkəməsinin 2(032)-287/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh X2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin elektron sorğusu ilə əldə olunmuş elektron məhkəmə sistemi məlumatlarından görünür ki, Cavabdeh əmək müqaviləsi əsasında işləməklə əmək haqqı 320 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan iki övladının olması, uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də X11 Məhkəməsinin qərarlarından formalaran hüquqi mövqeyə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulmalıdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı cavabdehin əmlak, maddi vəziyyətində alimentin müəyyən edilmiş miqdarının artırılmasını təmin edə biləcək dəyişikliyin - kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləği müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Məhkəmə həmçinin, hesab edir ki, cavabdehin aylıq qazancı iddia edilən aliment məbləğini ödəmək üçün kifayət etməməklə yanaşı, iddia edilən aliment məbləğinin tutulması onun əmlakı vəziyyətini çətinləşdirməklə və onu əlverişsiz vəziyyətə salmaqla minimum dolanışıq xərclərindən məhrum olunması ilə nəticələnə bilər. Məhkəmə tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Mehralı qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar