Məhkəmə qərarları › İş №2(060)-1388/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1388/2021

15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1388/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.05.2004-cü il təvəllüdlü X6 oğlu və 18.09.2006-cı il təvəllüdlü X7 oğlu yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş hər uşağa ayrılıqda 75 manat aliment miqdarının artırılaraq hər ay onun xeyrinə bir uşağın saxlanması üçün 170 (bir yüz yetmiş) manat olmaqla, iki uşağın saxlanması üçün cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 29.12.2006-cı il tarixdə isə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından 31.05.2004-cü il təvəllüdlü X6 oğlu və 18.09.2006-cı il təvəllüdlü X7 oğlu adlı iki övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2-1788/2008 saylı, 24.06.2008-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilməsi, Cavabdeh 31.05.2004-cü il təvəllüdlü X6 oğlunun və 18.09.2006-cı il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün 26.05.2008-ci il tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1421/2009 saylı, 21,04.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan 27.12.2007-ci il tarixdə bağlanmış nikahları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-982/2013 saylı, 26.02.2013-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2-1788/2008 saylı, 24.06.2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh 28.01.2013-cü il tarixdən başlayaraq 31.05.2004-cü il təvəllüdlü X6 oğlunun və 18.09.2006-cı il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 60 manat olmaqla, ümumilikdə 120 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-664/2013 saylı, 15.05.2013-cü il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-982/2013 saylı, 26.02.2013-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh 28.01.2013-cü il tarixdən başlayaraq 31.05.2004-cü il təvəllüdlü X6 oğlunun və 18.09.2006-cı il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 75 manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Elə həmin tarixdən də cavabdeh hər ay bir uşağa görə 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində aliment göndərməklə valideynlik borcunu bitmiş hesab edir. Övladlarının saxlanması onun üçün çox çətindir. O, övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Keçən bu neçə il ərzində yaşayış minumumu dəfələrlə artsa da, cavabdehin yaşayış səviyyəsində kifayət qədər artım baş versə də cavabdeh aliment miqdarını artırmamışdır. 2013-cü ildən indiyə qədər yaşayış minumumu haqqında qanun bir neçə dəfə artırılmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. O, yalnız özü üçün yaşayır. Cavabdeh valideynlik borcunu dərk etmir. Alimentin artırılması üçün cavabdehin maddi durumunda diqqətə layiq halın baş verməsini məhkəmədə sübut edəcəkdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 31.05.2004-cü il təvəllüdlü X6 oğlu və 18.09.2006-cı il təvəllüdlü X7 oğlu yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş hər uşağa ayrılıqda 75 manat aliment miqdarının artırılaraq hər ay onun xeyrinə bir uşağın saxlanması üçün 170 (bir yüz yetmiş) manat olmaqla, iki uşağın saxlanması üçün cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçı ilə 2006-cı ilin dekabr ayında ailə həyatı qurmuş və birgə nikahlarından iki övladları var. Sonradan münasibətləri pisləşdiyi üçün ayrılmışlar. Daha sonra iddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 26.02.2013-cü il tarixli qətnaməsi ilə birgə nikahlarından olan övladlarının saxlanması üçün ondan hər ay hər uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırda o, ikinci dəfə ailə həyatı qurmuş, ailə öhdəlikləri artmışdır. İkinci nikahından iki övladı vardır. Lakin buna baxmayaraq o, iddiaçının aliment tələbinin artırılması ilə bağlı iddianı qismən qəbul edir və hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment ödəyə bildirərək qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan, AZ-İV № 172145 saylı 12.10.2018-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 oğlu 31.05.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 79 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İV № 172144 saylı 11.10.2018-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 oğlu 18.09.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 70 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 228207 saylı, 21.11.2015-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə Məşiyeva Səbinə Qulamhüseyn qızı arasında olan nikah 05.12.2012-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-1788/2008 saylı, 24.06.2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 31.05.2004-cü il təvəllüdlü Elvin və 18.09.2006-cı il təvəllüdlü Rəvanın saxlanılması üçün İddiaçı xeyrinə 26.05.2008-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatana qədər hər ay 80 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin № 2(060)-1421/2009-cu il tarixli, 21.04.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh Bağışova (Məşiyeva) Səbinə Qulamhüseyn qızı arasında Sumqayıt şəhəri nikah evində qeydə alınmış 2140 nömrəli 29 dekabr 2006-cı il tarixli nikah qeydi ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 15.05.2013-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2013-cü il tarixli, 2(060)-982/2013 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2-1788/2008 saylı, 24 iyun 2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh 28 yanvar 2013-cü il tarixdən başlayaraq hər ay 31 may 2004-cü il təvəllüdlü X6 oğlunun və 18 sentyabr 2006-cı il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşağa görə 60 manat olmaqla, ümumilikdə 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 26 fevarl 2013-cü il tarixli, 2(060)-982/2013 saylı qətnaməsi dəyişdirilməsi, Cavabdeh 28 yanvar 2013-cü il tarixdən başlayaraq hər ay 31 may 2004-cü il təvəllüdlü X6 oğlunun və 18 sentyabr 2006-cı il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün, hər ay hər bir uşağa görə 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ № 786580 saylı, 28.07.2016-cı il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 13.07.2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş və doğum haqqında akt qeydləri kitabında 577 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ № 543778 saylı, 10.06.2015-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 oğlu 20.05.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş və doğum haqqında akt qeydləri kitabında 3766 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsinin 19.11.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 5-də qeydiyyatdadır, lakin yaşamır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 8-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2021-ci il üçün “X3” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 31.05.2004-cü il təvəllüdlü X6 oğlu və 18.09.2006-cı il təvəllüdlü X7 oğlunun yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi təmin edilməklə, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-664/2013 saylı iş üzrə çıxartdığı 15 may 2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 31.05.2004-cü il təvəllüdlü X6 oğlu və 18.09.2006-cı il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-664/2013 saylı 15 may 2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 31.05.2004-cü il təvəllüdlü X6 oğlu və 18.09.2006-cı il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar