Məhkəmə qərarları › İş №2(060)-139/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-139/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-139/2024 25.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atkişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.800 (bir min səkkiz yüz) manat məbləğində pulun, eləcə də 38 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh onun qonşusudur və usta fəaliyyəti ilə məşğul olmasını dostu vasitəsi ilə öyrənmişdir. Belə ki, evində təmir işləri aparmaq üçün onunla əlaqə saxlamış və razılığa gəlmişdir. Cavabdehə işlərin görülməsi üçün hissə-hissə olmaqla ümumilikdə 1.800 (bir min səkkiz yüz) manat məbləğində ödəniş etmişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş, artıq 20 gündən çoxdur ki, evdə heç bir iş görmür, gördüyü işi isə tamamilə səhv görmüşdür. Belə ki, onun yol verdiyi nöqsanları aradan qaldırmaq üçün həmin işlərin yenidən görülməsi zərurəti yaranmışdır. Cavabdehə dəfələrlə işini gəlib görməsini, eləcə də yol verdiyi nöqsanları aradan qaldırmasını tələb etsə də, hər dəfə ona gəlib işləyəciyini söyləmiş, lakin heç bir iş görməmişdir. Bütün bunlarla bağlı cavabdehlə olan vatsap yazışmaları, eləcə də səs yazıları vardır. Həmin yazışmalar da iddia ərizəsinə əlavə ediləcək, səs yazıları isə məhkəmə iclasında tərəfındən təqdim olunacaqdır. Əlavə olaraq qeyd etmək istəyir ki, cavabdeh bir neçə dəfə ondan xırda məbləğlərdə borc istəmişdir. Həmin məbləğlər qeyd etdiyi kimi xırda olduğundan ondan tələb etmir. Lakin hesab edir ki, evin təmiri məqsədi ilə ödədiyi 1.800 manat məbləğində pul, eləcə də 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd edilən hallar ilə bağlı tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilsə də, məsələ mülki xarakter daşıdığından məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Tural onun qonşusudur. Evində təmir işlərinin görülməsi üçün onunla razılaşmışdır. Tural ona evini 1200 manata təmir edəcəyini bildirmişdir. Tural verdiyi vədə əməl etməyərək evində təmir işlərini yaxşı şəkildə görməyib və ümumiyyətlə təmiri yarımçıq qoyub getmişdir. O, təmir işlərinin davam etdirilməsi üçün artıq başqa usta ilə də danışıb. Onu da bildirir ki, bundan başqa Tural ondan 50 manat və 70 manat olmaqla borc pul da almışdır. Ümumilikdə cavabdehə 1800 manat pul vermişdir. Balaca məbləğdə verdiyi borcları tələb etmir. Tural onun evinin 1 otağını təmir edib, təmir işləri isə normal deyil, yararsız vəziyyətdədir. Bir daha qeyd edir ki, cavabdeh bir müddət təmir işlərini etmiş, lakin daha sonra ondan təmir üçün əlavə ödənişlər də istəmiş və ödəniş etmədiyi təqdirdə təmiri davam etməyəcəyini bildirmişdir. Cavabdeh ondan 70 manat borc istəmişdir, o da, 30 manat verə biləcəyini bildirmişdir. Cavabdehin gördüyü işlərin qiyməti ilə bağlı əlində qeydlər var. O, cavabdehə 70 manat çilçırağın alt hissəsi, 60 manat olmaqla 4 ədəd düzbücaq, 50 manat otaqla eyvanın arası, 70 manat televizor yeri, 40 manat şəkil yeri, 40 manat tumbada şəkil yeri, 70 manat böyük otaqda kant düzəldilməsi, 70 manat həmin kanta astar çəkilməsi, 25 manat həmin kanta bordur vurulması, 60 manat koridora kant vurulması, 35 manat koridorun kantına bordur vurulması, 60 manat kuxnada kant vurulması, 15 manat da həmin kanta bordyur vurulması üçün ümumilikdə 665 manat olmaqla ödəniş edib. Bundan başqa 240 manat elektrik xətti çəkilməsi üçün və 1200 manat da ümumilikdə bütün işlər üçün pul verib. Onu da bildirir ki, ödənişlər əlbəəl, bəzi hallarda isə 40-50 manat olmaqla kartla olmuşdur. Məsələ ilə bağlı polisə də müraciət etmişdir, orada çəkilən xərci dəqiq deyil, təxminən 1800 manat olduğunu bildirmişdi. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının evində təmir işlərinin 1200 manata görülməsi barədə razılığa gəlmişdirlər. O, evə işıq xətti çəkmişdir. Bundan başqa evdə hər işi gördükcə iddiaçının fikrini öyrənmiş, o da hər şeyin yaxşı olduğunu bildirmişdir. Qeyd edir ki, may ayında iddiaçının evində təmir işlərinə başlamışdır. 1 ay olar ki, iddiaçının evinə getmir. Təmir işlərini bitirə bilməmişdir. Səbəbi isə anasının onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar olmuşdur. Bildirir ki, ev 3 otaqlıdır. 2 otağın təmir işlərini demək olar ki, 90% görüb qurtarmışdır. İddiaçı ona təxminən 1200-1300 manat pul vermişdir. Bir daha qeyd edir ki, qarşı tərəfin qeyd etdikləri həqiqəti əks etdirmir. Həmçinin iddiaçının qeyd etdiyi kimi ona 2105 (iki min yüz beş) manat ödəniş edilməyib, siyahıdakı rəqəmlər şişirdilib. Evin elektrik işini ümumilikdə 240 manata danışmışdılar. O, evin 1 otağını, mətbəxi, koridorları və başqa fiqurlar var idi ki, onları düzəltməli idi. Bundan başqa alçıpan vurulmasını hər kvadrat metr üçün 8 manata yerinə yetirmişdir. İddiaçının evində təxminən 50 kvadrat metr alçipan işləmişdir. Astar vurulması üçün isə hər kvadrat metr üçün 5 manatdan razılaşmışdırlar. Astar işini təxminən 300 kv.metr sahədə işləmişdir. Ekspert rəyi ilə isə razı deyil. Ekspertiza keçirilən gün hüzr olduğundan iştirak edə bilməmişdir. Ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Sumqayıt şəhər Prokuroluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin podrat müqaviləsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Maddə 752.1). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (Maddə 752.2). Həmin Məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2). Məcəllənin 763-cü maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (763.1). Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ona məxsus mənzildə təmir işlərinin aparılması üçün Cavabdeh ilə razılaşmışdır. Cavabdeh təmir işlərinin bir hissəsini yerinə yetirmiş, iddiaçı təmir işlərində qüsurlara yol verildiyini bildirərək cavabdehdən həmin qüsurların aradan qaldırılmasını tələb etmiş, cavabdeh isə iddiaçının tələblərini yerinə yetirməmişdir. Bununla əlaqədar İddiaçı Cavabdeh tərəfindən təmir işlərinin yarımçıq və yararsız vəziyyətdə görüldüyünü iddia edərək cavabdehə ödədiyi 1800 manat pulun geri qaytarılması barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh tərəfindən təmir işlərinin tam yerinə yetirilmədiyini və qüsurlu olduğunu sübut edə bilmişdir. Belə ki, Cavabdeh təmir işlərini tam yerinə yetirmədiyini məhkəmə iclasında verdiyi izahatında etiraf etmiş, bunu anasının xəstə olması ilə əlaqələndirmişdir. Cavabdeh tərəfindən görülmüş təmir işlərinin lazımi qaydada aparılıb-aparılmamasını müəyyən etmək üçün isə Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8336 saylı ekspert rəyindən görünür ki, ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən mənzilin şpatlyovka vurulan divarlarında əyriliklərin olduğunu, tavana vurulmuş şpatlyovka qatının cilalanmadan üzərinə boya (emulsiya) vurulduğunu, tavana vurulmuş alçıpan təbəqəsinin aralandığını, alçıpanın bəzi hissələrinə şurup vurulmadığını, tavanın künclərinə vurulmuş lepkaların kənarlarının tam birləşdirilmədiyini, otağın divarına quraşdırılmış elektrik açarının və taxıc yuvasının hündürlüklərinin fərqli olduğunu nəzərə alaraq, həmin görülmüş işlərin təmir-tikinti işlərinin aparılması texnologiyasına uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus evdə görülmüş işlərin təmirtikinti işlərinin aparılması texnologiyasına uyğun olmadığı ekspert rəyi ilə təsdiqini tapmışdır. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasında olan vatsap yazışmalarının mətninə və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən görülmüş işlərin lazımi keyfiyyətdə olmaması ilə bağlı cavabdehə bildirmiş, cavabdeh nə təmir işlərini tamamlamamış, nə də həmin qüsurları aradan qaldırmamışdır. Bununla əlaqədar iddiaçı əvvəlcə polis orqanına, sonda isə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh şərtləşdirilmiş təmir işlərini tam yerinə yetirmədiyindən, yerinə yetirdiyi işlər isə təmir-tikinti işlərinin aparılması texnologiyasına uyğun olmadığından İddiaçı ödədiyi pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə ödənilmiş pulun məbləğinə gəldikdə isə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin dəqiq miqdarı barədə məhkəməyə hər hansı sübut təqdim edilməsə də, cavabdeh məhkəmə iclasında verdiyi izahatında məhkəmə tərəfindən görülən işlərin hər kv.metrinin dəyəri və həmin işlərin miqdarı barədə verilən suallara cavabında iddiaçı tərəfindən təxminən həmin məbləğdə pul verildiyini etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 38 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci də cavabdehə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının xərci olaraq iddiaçı Cavabdeh 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar