Məhkəmə qərarları › İş №2(060)-1395/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1395/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1395/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 6500 manat əsas borc, müqavilənin rəsmiləşməsi üçün ödənilmiş 92 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 6622 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə xx xxxxxx 2014-cü ildə borc müqaviləsinə əsasən 8500 manat borca pul vermişdir. Qarşılıqlı razılaşmaya əsasən 2 dəfə ayrı-ayrı vaxtlarda müqavilənin müddəti 3 il uzadılmışdır. Cavabdeh borcundan iddiaçıya 2000 manat qaytarmışdır. Kredit müqaviləsi xx xxxxxx 2014-cü ildə Sumqayıt “Asan xidmət” Mərkəzində Notariat kontorunda bağlanmışdır. İddiaçı cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, o borcu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Kredit müqaviləsi imzalanan tarixdə yəni, xx xxxxxx 2014-cü ildə müqavilənin rəsmiləşməsi üçün “xxxx” ASC-nin Xətai filialına 92,20 manat, ümumilikdə, 92 manat ödəniş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borc tələbinə etiraz etmir. Borcu ev almaq üçün götürmüşdür. Həmin vaxt restoranda işləyirdi. Pandemiya dövründə işləmədiyindən borcu ödəmək imkanı olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1972-ci ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Tərəflər arasında Sumqayıt “Asan xidmət” Mərkəzində Notariat kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 8500 manat məbləğində pul vermiş, cavabeh isə həmin pulu 2 il müddətinə hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, iddiaçı “xxxx” ASC-nin Sumqayıt şöbəsində müqaviləni rəsmiləşdirmiş və 92,20 manat ödəniş etmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdehə 8500 manat borc vermişdir. Cavabdeh bu borcdan 2000 manatı qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya 6500 manat əsas borcu qalmışdır. Buna görə də iddia təmin edilməli, 6500 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə iddiaçının müqavilənin rəsmiləşdirilməsi üçün ödədiyi 92 manat pul da cavabdehdən tutulmalıdır. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (106.3.). İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6500 manat borc məbləği, müqavilənin rəsmiləşdirilməsi üçün ödənilmiş 92 manat olmaqla, ümumilikdə 6592 (altı min beş yüz doxsan iki) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar