Məhkəmə qərarları › İş №2(060)-1396/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1396/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1396/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1690 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, xx.xx.1965-ci ildə Xaçmaz rayonu, Zaliyevka kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır və himin ünvanda da yaşayır. O, yaşadığı evin həyətində ərzaq məhsulları satır. Cavabdeh onun qonşusudur. Cavabdeh ondan müxtəlif vaxtlarda nisyə olaraq ərzaq məhsulları götürmüşdür. Cavabdeh bir müddət nisyə olaraq götürdüyü ərzaqların pulunu ödəmiş, sonradan ödənişləri ödəməmişdir. Ona görə də cavabdehin ona 1690 manat məbləğində borcu yaranmışdır. Bu barədə cavabdeh ona öz dəsti xətti ilə qəbz də yazıb vermişdir. Dəfələrlə cavabdehə müraciət edərək, pulu tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, 1690 manat pul cavabdehdən alınıb ona verilməlidir. Həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərdi ki, o, hərbiçi olmuş və hərbidən də təqaüdə çıxmışdır, 720 manat pensiya alır. Onun iddiaçıdan başqa, başqa adamlara da, borcu vardır. Ona görə də, iddiaçıya olan borcunu ödəyə bilmir. Buna baxmayaraq o, iddiaçıya olan borcunu tez bir vaxtda ödəyəcəkdir. Ona görə də, iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o, iddiaçıya olan 1690 manat borcunu etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sadə yazılı əlyazma qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1690 manat borcu olduğunu qeyd etmiş və həmin qəbzi öz imzası ilə imzalamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1690 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1690 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar