Məhkəmə qərarları › İş №2(060)-1396/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1396/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1396/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 63500 manat pulun və ödənilmiş 285 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının dostudur. xx.xx.2022ci il tarixində cavabdeh iddiaçıdan 63500 manat borc pul almış, həmin məbləği xx.xx.2022ci il tarixinədək qaytaracağına söz vermişdir. Lakin, cavabdeh bu günə kimi həmin məbləği iddiaçıya qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat vermiş və həmçinin bildirdi ki, o keçmiş prokurorluq işçisidir. Onun adına aktiv VÖEN olsa da faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Cavabdeh isə həkimcərrahdır. Cavabdeh ondan pulu tibbi ləvazimatlar almaq üçün istəmişdir. O, cavabdehlə dostluq münasibətləri olduğu üçün pulu cavabdehə vermişdir. Cavabdeh borcdan yayınmadığını və hazırda borcu ödəmək imkanının olmadığını bildirsə də, borcu ödəmir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə sonuncu məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1968-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1974-cü ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. 7 saylı Mənzil Kommunal Sahəsinin 55 saylı, xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, cavabdeh Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 9/77, mənzil 67 ünvanında yaşayır. 10 saylı Mənzil Kommunal Sahəsinin 62 saylı, xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 12, mənzil 24 ünvanında yaşayır. İşə əlavə edilmiş yazılı iltizamda göstərilmişdir ki “Mən Cavabdeh Sumqayıt şəhər sakini dostum İddiaçı 63500 (altmış üç min beş yüz) manat pulu borc aldım. Dostum İlqara aldığım 63500 man xx.xx.2022-ci ildə qaytarmağa söz verirəm”. Qəbz cavabdehin adından imzalanmış və tarixi xx.xx.2022-ci il kimi göstərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddianı etiraf etmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 285 manat dövlət rüsumu ödəmişdir. MPM-də göstərilmişdir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.). Göründüyü kimi cavabdeh məhkəmə iclasında təqdim etdiyi ərizədə iddianı etiraf etdiyini bildirmişdir. İddianın etiraf edilməsi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını pozmur. Bu isə iddianın təmin edilməsi üçün əsasdır. Mübahisənin mahiyyətinə gəldikdə isə qeyd edilməlidir ki, iş materiallarında olan yazılı iltizamda cavabdeh iddiaçıya borclu olduğunu etiraf etdiyi üçün həmin iltizama borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcun qaytarmaq öhdəliyi yaranmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı cavabdehə 63500 manat pul vermiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, həmin pulu iddiaçıya qaytarmamışdır. Buna görə də iddia təmin edilməli, 63500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 285 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 63500 (altmış üç min beş yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 285 (iki yüz səksən beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar