Məhkəmə qərarları › İş №2(060)-1404/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1404/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1404/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 5145,15 manat əsas, 346,84 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 5522,39 manatın müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 030-EMB-1382-19 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə 5328 manat kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Lakin, cavabdehlər öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcları yaranmışdır. Cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, o öhdəlikləri icra etməmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi Cavabdeh1 xx.xx.1984-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1976-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 030-EMB-1382-19 saylı kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 24 ay müddətinə, illik 24%-lə 5328 manat kredit vermişdir. Həmin müqaviləyə görə kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı qarşısında zamin olmuşdur. Müqaviləyə 1 saylı əlavəyə əsasən kredit müqaviləsi üzrə iddiaçıya 24 ay müddətinə hər ay 282 manat, sonuncu ay 273,46 manat ödəniş edilməli idi. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixinə banka əsas borc üzrə 5145,15 manat, faiz borcu üzrə 346,84 manat olmaqla, cəmi 5491,99 manat borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4-cü bəndində göstərilmişdir ki, borcalan və ya zamin müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə bank bu müqaviləni birtərəfli qaydada ləğv edə və kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2020-ci il tarixinə banka əsas borc üzrə 5145,15 manat, faiz borcu üzrə 346,84 manat borcu qalmışdır. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 də müştərək qaydada tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və bununla əlaqədar ondan tutulmuş 0,40 manat bank xidmət haqqı cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 5145,15 manat, faiz borcu üzrə 346,84 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 5522 (beş min beş yüz iyirmi iki) manat 39 (otuz doqquz) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar