Məhkəmə qərarları › İş №2(060)-1410/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1410/2022

10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1410/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, atası X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 12.03.2018-ci il tarixli, 2(105)-1204/2018 saylı qətnaməsi ilə cavabdehdən 15.09.2009-cu il təvəllüdlü X2 və 17.12.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin məbləğini dəyişərək cavabdehdən hər ay uşaqların hər biri üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı cavabdehlə 17.10.2008-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından iki övladları anadan olmuşdur: 15.09.2009-cu il təvəllüdlü X5 və 17.12.2012-ci il təvəllüdlü X6. Xasiyyətləri uyğun gəlmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2997/2013 saylı, 01.10.2013-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah qeydinin pozulması, azyaşlı Dilarə və Nurayın iddiaçının yanında qalmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 93 manat, ümumilikdə 186 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17120/2017 saylı, 14.12.2017-ci il tarixli qətnaməsi ilə alimentin miqadarı dəyişdirilərək, hər ay hər uşağa görə 100 manat olmaqla, ümumlikdə 200 manat sabit pul məbləğində müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12.03.2018-ci il tarixli, 2(105)-1204/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 14.12.2017-ci il tarixli qətnaməsi dəyişdirilərək cavabdehdən hər ay hər uşağa görə 110 manat olmaqla, ümumilikdə 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir və davamlı gəliri yoxdur. O, ixtisasca psixoloqdur və sağlamlıq imkanları məhdud uşaqlarla məşğul olur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, cavabdeh onun oğludur. Oğlu iddiaçı ilə rəsmi nikaha daxil olmayıb. O, alimenti vaxtıvaxtında ödəyir. Lakin iddiaçı uşaqların cavabdehlə görüşünə mane olur. İddiaçı iddia tələbini qismən qəbul edir. Hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 280 manat ödəməyə razıdır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. 9 saylı Mənzil-Kommunal Sahəsinin 15.12.2021-ci il tarixli arayışına əsasən cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/26, mənzil 35 ünvanında yaşayır. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən X5 15.09.2009-cu ildə, X6 17.12.2012-ci il tarixdə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 12.03.2018-ci il tarixli, 2(105)-1204/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17120/2017 saylı, 14.12.2017-ci il tarixli qətnaməsinin hər uşaq üçün 100 manat olmaqla, iki uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair hissədə dəyişdirilməsi, 15.09.2009-cu il təvəllüdlü X2 və 17.12.2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. “Azərbaycan Sahibkarlıq, Özəl Elm və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi”nin 03.02.2022-ci il tarixli arayışında cavabdehin Sahibkarlıq, Özəl Elm və X7 Həmkarlar İttifaqı Respublika Komitəsində mütəxəssis vəzifəsində çalışdığı və 990 manat əmək haqqı aldığı, həmçinin müvafiq tutulmalar çıxıldıqdan sonra cavabdehin əmək haqqının 831,75 manat təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Ailə Məcəlləsində həmçinin qeyd olunur ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı (76.1.). “Azərbaycan Sahibkarlıq, Özəl Elm və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi”nin 03.02.2022-ci il tarixli arayışında cavabdehin əmək haqqının 831,75 manat olduğu göstərilsə də həmin məbləğin 1/3 hissəsi təxminən 277 manat təşkil edir. Bu zaman hər uşağın saxlanması üçün olan məbləğ 138-139 manat təşkil edir. Bu isə uşaqların saxlanması üçün kifayət deyildir. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 12.03.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin tutulmasını məqsədə uyğun hesab edir. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırda alimentin məbləği 220 manatdan 320 manata qədər artırıldığı üçün illik ödəmənin məcmusu 1200 manat təşkil edir ki, iddiaçı bunun üçün 32 manat dövlət rüsumu ödəməli idi. MPM-in 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən cavabdehdən ödənilməli olan 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15.09.2009-cu il təvəllüdlü X2 və 17.12.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 12.03.2018-ci il tarixli, 2(105)-1204/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar