Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1414/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 24.06,2022-ci il tarixli, 2(060)- 3629/2022 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008ci il təvəllüdlü X1 üçün onun xeyrinə təyin edilmiş hər bir uşağın saxlanması üçün hər ay sabit pul məbləğində - bir uşağa görə 193 manat, ümumilikdə 386 (üç yüz səksən altı) manat məbləğində alimentin miqdarını artırılaraq cavabdehdən hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3629/2022 saylı qətnaməsinə əsasən onun məhkəməyə vermiş olduğu iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008- ci ii təvəliüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 29 aprel 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bildirmək istəyir ki, onunla Cavabdeh arasında 08 iyun 2007-ci il tarixdə, Sumqayıt Şəhər Nikah Evi tərəfindən 822 saylı nikahları qeydə alınmışdır. Onların birgə nikahlarından iki övladları - xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. O, iki övladı ilə birlikdə təkbaşına yaşayır. Bir neçə ildir ki, cavabdeh onları tərk edərək, Rusiya Federasiyasına getmişdir. O, Rusiyaya getdikdən sonra onlarla mobil telefon vasitəsi ilə əlaqə saxlayır və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixii, 2(060)-3629/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini hər ay vaxtı-vaxtında ödəyir. Cavabdehdən artıq övladlarının böyüdüyünü və xərclərinin artdığını bildirərək, əlavə pul ödəməsini xahiş etsə də, ona bildirir ki, qətnamə ilə müəyyən edilmiş alimentdən başqa pul ödəməyəcəyək. O, məcbur olub bu ciddi məsələ ilə bağlı Sumqayıt 1 saylı Mediaasiya təşkilatına müraciət etmişdir. Cavabdeh iştirak etmədiyi üçün ona arayış və ödədiyi pulun qəbzi təqdim edilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. xx.xx.2008-ci il təvəllüdlü X7 xəstədir. Aygün ağır dərəcəli skelyoz xəstəliyindən oğlu xx.xx.2007-ci il təvəllüdlü X6 isə ağır epilepsiya xəstəliyindən əziyyət çəkir. Qızı gecələr yata bilmir. Bir ana kimi çox əzab və izdirab çəkir. Çox ciddi şəkildə nəfəs darlığı çəkir, gecələr yata bilmir. Yaşadıqları evin şəraiti olmadığı üçün qızının səhhəti günü gündən pisləşir və üstəlik müalicə olunmadığı üçün qızının hər günü ağrı və izdirab içərisində keçir. Cavabdeh isə bütün bunlara biganə yanaşaraq, öz həyatını yaşayır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, birgə nikahdan olan uşaqlarının hər ikisinin səhhətində problemləri var. Oğlu epilepsiya xəstəsidir. Qızı isə skelyoz xəstəliyindən əziyyət çəkir, müalicə edilməlidir, hətta əməliyyatı üçün 20000 manat pul lazımdır. Bu səbəbdən alimentin artırılmasına çox ehtiyacı var. Cavabdeh 2021-ci ildən ölkəni tərk edib. Hal hazırda Rusiyadadır. Bəzən gecikmələr olsa da, cavabdeh alimenti ödəyir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan AZ-İİ 013376 saylı və AZ-İİ 307241 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 adlı iki övladları anadan olmuşdur. İş materiallarında olan AZ İ 331299 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə Sumqayıt Nikah Evində nikaha girərək ailə qurmuşlar və və bu nikah 822 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Behbudova soyadı verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3629/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008- ci ii təvəliüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 29 aprel 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 onurğanın döş tipli skoliozu dördüncü dərəcə diaqnozu qoyulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli epikrizdən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 G40.3 Generalizə olunmuş epilepsiya diaqnozu qoyulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 3629/2022 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəfələrlə dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə uşaqların hər ikisinin səhhətində ciddi problemlərin olmasını, onların tələbatlarını və 2024-cü il üçün yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 3629/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 386 manatdan 470 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 1008 ((470-386) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 30.08 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, ödənilmiş mediasiya xərci (50 manat) ödənilməli olan dövlət rüsumundan (30.08 manat) çoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3629/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1414/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1414/2024
11.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver