Məhkəmə qərarları › İş №2(060)-1437/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1437/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1437/2022 26.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 02.12.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşasının və 21.07.2020-ci il tarixli, 017R**********S saylı sazişin ləğv edilməsini, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 4023,58 manat məbləğində kredit borcu, 948,97 manat faiz borcu və 1550,12 manat məbləğində cərimə olmaqla, ümumilikdə, 6522,67 manat məbləğində borcun və ödənilmiş 85,23 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 02.12.2019-cu il tarixli, 017L**********07 saylı kredit müqaviləsinə əsasında 120 ay müddətinə, 300 000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 02.12.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması əsasənda 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 6000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 21.07.2020-ci il tarixli 017R**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişləri dəfələrlə yubatmış, kredit müqaviləsi üzrə 04.01.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1976,42 manat ödəniş etmiş, onun iddiaçıya 4023,58 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 09.12.2021-ci il tarixə 339 gün üçün hesablanmış faiz borcu 948,97 manat, 09.12.2021-ci il tarixə 339 gün üçün hesablanmış cərimə 1550,12 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Sumqayıt Şəhər Məhkəməsinin 26.04.2022-ci il tarixli, 2(060)-1437/2022 saylı qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh4 aid hissədə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, banka olan borcunu etiraf edir. Lakin faiz və cərimə borclarının məbləğləri şişirdilib. Borcunu hissəhissə ödəyə bilər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1990-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1994-cü ildə anadan olmuşdur. Cavabdeh3 isə xx.xx.1953-cü ildə Qusar rayonu, Gedezeyuxur kəndində andadan olmuşdur. O, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6 ünvanında qeydiyyatdadır. Cavabdeh1 ilə iddiaçı arasında bağlanan 02.12.2019-cu il tarixli, 017L**********07 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1ə 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə bağlanmış 02.12.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər iddiaçı qarşısında zamin olmuşlar. 02.12.2019-cu il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdeh Cavabdeh1ə 24 ay müddətinə, aylıq 2,0833 faizlə, 6000 manat kredit verilmişdir. Kreditin cavabdehə verilməsini eyni tarixli köçürmə qəbzi də təsdiq edir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21.07.2020-ci il tarixli 017R**********S saylı sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilmişdir. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh1 02.06.2022-ci il tarixədək ödəniş etməlidir. Cavabdeh1 ödəniş planı ilə tanış edilmiş və öz imzası ilə ödəniş planı ilə razı olduğunu bildirmişdir. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh1 09.12.2021-ci il tarixə əsas borc üzrə 4023,58 manat, faiz borcu üzrə 948,97 manat, cərimə üzrə 1550,12 manat olmaqla, cəmi 6522,67 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzlərindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı 85,23 manat dövlət rüsumu ödəmişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, aylıq 2,0833 faizlə, 6000 manat kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən məbləğdə əsas borc və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 4023,58 manat əsas borc məbləğinə 1550,12 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 400 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşlar. Zaminlik müqavilələrinə əsasən onlar iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1lə birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 85,23 manat dövlət rüsumunun 50 manatı cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 4023,58 manat, faiz borcu üzrə 948,97 manat, cərimə üzrə 400 manat olmaqla, cəmi 5372 (beş min üç yüz yetmiş iki) manat 55 (əlli beş) qəpik məbləğində pul və iddia ərizəsi verilməsi üçün ödənilmiş 85,23 manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar