Məhkəmə qərarları › İş №2(060)-1448/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1448/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1448/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı Əyub-zadə Aytən Eldar qızının, Cavabdeh iştirakı ilə İddiaçı Əyub-zadə Aytən Eldar qızının Cavabdeh qarşı “alimentin artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əyub-zadə Aytən Eldar qızı Cavabdeh qarşı “alimentin artırılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-2391/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əyub-zadə Aytən Eldar qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2391/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq, xx xxxxxx 2012-ci il təvəllüdlü övladı X1 üçün qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7338/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh X1 üçün tutulan alimentin məbləğinin 50%-i X5mın xeyrinə onun adına açılmış bank hesabına köçürülməsi qət edilmişdir. Cavabdehin ailə vəziyyəti dəyişmişdir. Belə ki, cavabdehin himayəsində yetkinlik yaşına çatmayan iki yaşlı övladı, hamilə yoldaşı və əmək qabiliyyəti olmayan valideynləri vardır. Bunlardan əlavə bildirmək istəyir ki, cavabdehlə birgə nikah dövründə ailə məqsədləri üçün borca pul vəsaiti götürülmüşdür ki, bu borcun qaytarılması öhdəliyi tamamilə cavabdehin üzərinə düşür. Belə ki, Abşeron rayon Məhkəməsinin 2(012)-6063/20l8 saylı, 2018-ci il tarixli barışıq sazişinin 4.1-ci bəndinə əsasən X4 qaytarılmalı olan qalıq 30.000 (otuz min) ABŞ dolları Cavabdeh tərəfindən ödəniləcək. Hal-hazırda bu borc ödənilməmiş qalır. O, cavabdehlə yaxın qohum olduğu üçün vurğulanan məqamlardan xəbərdardır. Yuxarıda qeyd etdiklərinə əsasən, hesab edir ki, Cavabdeh, övladı X2 üçün ödədiyi alimenti onun xeyrinə sabit pul məbləğində ödəməlidir. Aliment ödəyənin gələcək imkanlarını və ödənilən alimentin miqdarında yaranacaq dəyişikliklərin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, övladının saxlanılmasının sabitliyini təmin etmək məqsədilə alimentin sabit pul məbləğində təyin edilməsini məqsədə uyğun sayır. Övladının vəziyyətinin əvvəlki kimi maksimum səviyyədə təmin edilməsi məqsədi ilə sabit aliment 400 manat məbləğində təyin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2391/2016 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədinə əsasən xx xxxxxx 2012-ci il təvəllüdlü övladı X1 üçün iddiaçı Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin razılığını, həmçinin yetkinlik yaşına çatmayan uşağın mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2391/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxxx 2012-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 400 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2391/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı Əyub-zadə Aytən Eldar qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar