Məhkəmə qərarları › İş №2(060)-1448/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1448/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1448/2022 29.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 29 aprel 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.02.2020-ci il tarixli müqaviləyə əsasən Braun markalı ütü, Hascevher markalı 2 ədəd tava və mini Soba üçün 250.4 (iki yüz əlli manat, qırx qəpik) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 12.02.2020-ci il tarixli müqaviləyə əsasən, Braun markalı ütü, Hascevher markalı 2 ədəd tava və mini Soba üçün tava almış və nəticədə mağazaya 250.4 (iki yüz əlli manat, qırx qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 392.4 (üç yüz doxsan iki, qırx qəpik) manat (12 ay x 32.7 manat + 0 manat ilkin ödəniş ) olan Braun markalı ütü, Hascevher markalı 2 ədəd tava və mini Soba tava üçün ümumilikdə 250.4 (iki yüz əlli manat, qırx qəpik) manat olmaqla, ondan 250.4 (iki yüz əlli manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 142 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddia iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ütüdə heç bir texniki problem yoxdur. Bu hal məhkəməyə təqdim edilmiş rəydə də öz əksini tapır. Bundan başqa hazırda ütü Binəqədi anbarındadır. Hətta məhkəmə gedişində cavabdehlə əlaqə saxlayaraq ütünün işlək vəziyyətdə olduğunu, istədiyi vaxt ütünü götürə biləcəyini bildirmiş, cavabdeh isə yoldaşı ilə məsləhətləşəcəyini demişdir. Onu da qeyd edir ki, cavabdeh digər məhsullar üzrə də ödənişlərini etməmişdir. Nümayəndə qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC-nin iddia tələbi əssasız olduğundan təmin edilməməlidir. İddia predmeti, yəni Ütü Braun (qiyməti 250 manatdır), hal-hazırda iddiaçının təmir emalatxanasındadır və ona qaytarılmayıb. Belə ki, həmin ütü alındıqdan sonra işləmədiyinə görə iddiaçı onu 3 dəfə təmir üçun qəbul edib, lakin təmir edə bilməyib. 2-ci təmirdən sonra ondan 28 manat tələb etmişlər. Sonuncu, yəni 4-cü dəfə ütünü təmir üçün qəbul etdikdən sonra isə onu qaytarmayıblar. Tələb etmişlər ki, əvvəl ütünün pulunu tam ödəsin sonra qaytarsınlar. O, razı olmadıqda isə təklif etmişlər ki, 130 manat ödəsin, ütü onlarda qalsın və borcu bağlasınlar. O, yenə razı olmamışdır və bildirmişdir ki, ütü işlədiyi halda, pulunu nağd şəkildə tam ödəməyə razıdır. Onlar onun təklifini rədd etmiş və ütünü ona qaytarmamışlar. İddiada göstərilən digər məişət əşyalarının dəyərinin ödənilməsi barədə heç bir mübahisə yaranmayıb və həmin əşyaların iddia ərizəsində göstərilməsi, sadəcə olaraq qaytarılmasından yayınmaq məqsədi daşıyır. Məhkəmənin nəzərə çatdırır ki, iddiaçı müştərilərin hüquqi savadsızlığından istifadə edərək onlara satılan keyfıyyətsiz məişət əşyalarnı dəyişdirmək (təmir etmək, qüsurlu əşyaları uyğun markalarla əvəz etmək və s.) əvəzinə onları, get-gələ salır və sonradan kiçik iddialara dair üzrə sadələşmiş icraat qaydasında ərizə vermək yolu ilə hüquqdan sui istifadə edərək həmin keyfıyyətsiz məişət əşyalarının dəyərini almağa çalışır və çox təəssüf ki, əksər hallarda buna nail olur. Qeyd edir ki, bu iddianın predmentinə aid işə 2021-ci ildə də baxılıb. Həmin məhkəmə baxışında iddiaçıya təklif edilmişdir ki, təmir üçün apardıqları ütünü təmir edərək və ya yenisi ilə əvəz edərək cavabdehə qaytarsınlar. Lakin iddiaçı söz verməsinə baxmayaraq nə ütünü gətirmiş, nə də məhkəmə iclasına gəlmişdir, nəticədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, sözügedən məhsulu, yəni ütünü 2020-ci ilin fevral ayında almış, təxminən 1 ay işlətməmişdir. Daha sonra ütüdən istifadə etmək istədikdə onun işləmədiyini görmüşdür. Bununla əlaqədar mağazaya yaxınlaşanda ütünü Servisə aparmalı olduğunu bildirmişlər. 18.05.2021, 01.07.2021 və 09.09.2021-ci il tarixlərdə ütünü servisə aparmış, hər dəfə ütünü götürdükdən sonra evdə eyni problemin qaldığını görmüşdür. Sonuncu dəfə servisdə ütünü mağazaya aparmalı olduğunu bildirmişlər və o, da məhsulu mağazaya təhvil vermişdir. Ondan sonra ütü mağazada qalmışdır, hal-hazırda da onda deyil. Qeyd edir ki, ütü servisdə olduğu halda o, ödənişlər etmişdir. Sonra məsələ ilə bağlı mağaza ilə əlaqə saxlayanda heç kim məhsulun harada olduğunu bilməmişdir. O, bunu araşdırımış və çox çətinliklə öyrənmişdir ki, məhsul Binəqədidə təmir anbarındadır. Hazırda məhsul onda deyil. Cavabdeh əlavə olaraq bildirdi ki, mağazada alanda da orada ütünü mart ayında işlətməyə başlayacağını bildirmişdir. Hər dəfə servisdən götürəndə ütü yenə su axıtmışdır. Bu barədə video görüntülər də var. Məhkəmənin nəzərinə onu da çatdırır ki, digər məhsulların ödənişləri ilə heç bir problemi yoxdur, belə ki, ödənişləri vaxtı-vaxtında etmiş, tavaların qiymətini ödəmişdir. Ütünün qiyməti həddində borcu qaldıqda isə ödənişləri dayandırmışdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 12.02.2020-ci il tarixli, 20095820 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan əşyaları aşağıda göstərilən şərtlərlə verir, müştəri isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə görə bu müqavilə üzrə əşyalar aşağıdakılardır: Braun markalı ütü, Hascevher markalı 2 ədəd tava və mini Soba üçün tava. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin predmetini təşkil edən “Mala” dair geniş məlumat və “Malın” qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 3.8-ci bəndinə görə əşyaya verilən təminat şərtləri mal ilə birlikdə “Müştəri”yə verilən zəmanət talonunda göstərilir. İş materiallarında olan 21 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12.02.2020-ci il tarixli, 20095820 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə 250.4 manat məbləğində borcu vardır. İşdə olan 12.02.2020-ci il tarixli əşyaların təhvil təslim aktından görünür ki, Braun markalı ütü, Hascevher markalı 2 ədəd tava və mini Soba üçün tava Cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 12.02.2020-ci il tarixli, 20095820 nömrəli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 12.02.2020-ci il tarixli Əlavədən görünür ki, Braun markalı ütü (qiyməti 250.8 manat), Hascevher markalı 2 ədəd tava (55.2 manat + 40.8 manat) və mini Soba üçün tava (45.6 manat) ümumilikdə 392.4 manat məbləğindədir. Həmin Əlavənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İşdə olan 28.04.2021-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan X4 Xidmət Mərkəzinin 08.04.2021-ci il tarixli texniki rəyindən görünür ki, Braun markalı ütüyə texniki baxış keçirilmiş və malda qüsur aşkar olunmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfıyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfıyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfıyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfındən müqavilə şərtləri və qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, cavabdehə keyfıyyəti alqı-satqı müqaviləsinə uyğun gələn mal (ütü) təhvil verilməmiş, cavabdehin həmin malın dəyişdirilməsi barədə müraciəti təmin olunmamış, ütü zəmanət müddəti və şərtləri daxilində cavabdehdən qəbul edilərək təmir olunmuş vəziyyətdə cavabdehə qaytarılmamışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, hazırda mübahisəli məhsul iddiaçıdadır. Halbuki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfıyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfıyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi tələb etmək hüququna malikdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfıyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 08.04.2021-ci il tarixli texniki rəydə mala (ütüyə) texniki baxış keçirildiyi və malda hər hansı qüsur aşkar olunmadığı qeyd edilmişdir. Göründüyü kimi texniki rəyin məzmunundan aydın olur ki, rəydə malda qüsur aşkar edildiyi və aradan qaldırıldığı qeyd edilməmiş, malda ümumiyyətlə hər hansı qüsurun aşkar edilmədiyi qeyd edilmişdir. Halbuki malın qüsurlu olması, yəni ütünün altından su axması cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərdən aydın görünür. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin edilməməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehə keyfiyyəti alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gələn əşya verdiyini sübut edə bilməmişdir. Bu səbəbdən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh tərəfindən edilən ödənişlər iddiaçı tərəfindən onun aldığı hər üç məhsula (ütü, müxtəlif ölçülü tavalar) silinmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən edilən ödənişlər onun aldığı digər məhsulların (müxtəlif ölçülü tavalar) dəyəri kimi qəbul edilməli, hazırda cavabdehdən tələb edilən məbləğ isə ütünün dəyəri həcmində (40 qəpik az olmaqla) olduğundan iddia ümumilikdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar