Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1450/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 16.10.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh oğlundan hər ay onun xeyrinə tutulması qət edilmiş alimentin məbləğinin dəyişdirilərək hər ay 170 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu ilə 2001-ci ilin aprel ayında Sumqayıt şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və birgə nikahdan 10.12.2002-ci il təvəllüdlü X4 və 16.10.2006-cı il təvəllüdlü X5 adlı iki uşaqları doğulmuşdur. Birgə yaşadıqları müddət ərzində xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri tədricən pozulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah qeydinin ləğv edilməsi, uşaqların onun himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 100 manat, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin, məhkəmə qətnaməsindən sonra bu günə kimi cavabdeh ona poçt vasitəsi ilə hər ay cəmi 100 manat məbləğində aliment ödəmişdir. Hazırda, 2020-ci il üçün Azəbaycan Respublikasında yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edildiyindən, hesab edir ki, 16.10.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən tutularaq ona ödənilməsi qət edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 170 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə ondan tutulan aliment məbləğinin artırılmasına qətiyyən razı deyil. Heç bir yerdə işləmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2014-cü il tarixli 2(060)-1129/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh oğluna qarşı «nikahın pozulması, uşaqların himayəsində qalması və sabit pul məbləğində alimentin tutulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 04 aprel 2002-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış nikah pozulmuş, 10.12.2002-ci il təvəllüdlü X3 və 16.10.2006-cı il təvəllüdlü X2 anaları X1 yanında qalmaları müəyyən olunmuş, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin tutularaq Ağayeva (Babayeva) Aynurə Xanlar qızına ödənilməsi, alimentin tutulmasının başlanğıcının 16 yanvar 2014-cü il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 2 övladlarının olması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırda tərəflərin birgə nikahdan olan övladlarından biri böyüyərək, həddi-büluğa çatmışdır. Digər uşaq, 16.10.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatmamışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Plenum Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16.10.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin 25 fevral 2014-cü il tarixli 2(060)-1129/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh oğlundan İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 140 manat sabit pul məbləğində aliment tutulmalıdır. 30 manat dövlət rüsumu Cavabdeh oğlundan tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin qeyd olunan məbləğdə aliment ödəməyə maddi imkanının olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, uşağa baxmaq, maddi tələbatlarını ödəmək, qayğısına qalmaq hər iki valideynin vəzifəsidir və uşağın bütün maddi qayğılarının yalnız bir nəfərin üzərinə qoyulması ədalətsizdir. İddiaçı 1 saylı Sumqayıt şəhər Xəstəxanasında tibb bacısı işləyir və hər ay 381 manat əmək haqqı alır. Aldığı əmək haqqı və övladının tələbatlarının ödənilməsi üçün cavabdehdən tutulan aliment məbləği uşağın günün tələblərinə uyğun təmin edilməsinə imkan verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16.10.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2014-cü il tarixli 2(060)-1129/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh oğlundan İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 140 manat sabit pul məbləğində aliment tutulsun. 30 manat dövlət rüsumu Cavabdeh oğlundan tutularaq Dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1450/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1450/2021
09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver