Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1482/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 15.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25% dərəcəsi ilə 36 ay müddətində 20000 manat məbləğində kredit verilmişdir. 11 dekabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 30 may 2013-cü il tarixədək müəyyən edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 15.11.2019-cu ildə zaminlik müqavilələri bağlanmışdır. 2021-ci il noyabrın 26-dək Cavabdeh1 banka 15.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 20824.26 manat əsas borc, 6434.46 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 27258.72 manat borcu vardır. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20824.26 manat əsas borc, 6434.46 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 27258.72 manat məbləğində borcun və 171.78 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X1 izahatında bildirdi ki, iddia ərizəsi ilə cavabdehlərdən 15.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 20824.26 manat əsas, 6434.46 manat faiz borcu olmaqla, cəmi 27258.72 manat borcun tutulması tələb olunmuşdur. Lakin əsas borc məbləğindən Cavabdeh1 tərəfindən məhkəmə icraatı gedişində ödəmələr həyata keçirilmişdir. Bununla bağlı maliyyə arayışı məhkəməyə təqdim edildiyi üçün əsas məbləğin maliyyə arayışında qeyd olunan məbləğdə, faiz məbləğinin isə iddia ərizəsində göstərilən miqdarda tutulmasına etiraz etmədiyini bildirərək, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, 15.11.2019-cu il tarixdə "xxxx" ASC-dən kredit götürmüş, 2020-ci ilin mart ayına qədər ödəniş etmiş, lakin pandemiya ilə əlaqədar olaraq iş yeri bağlandığından daha sonra ödənişləri vaxtında edə bilməmişdir. Qardaşı qazidir, onun müalicəsi üçün də xərc çəkdiyini, iki uşağının olduğunu, ödənişləri etmək niyyətindədir. Lakin hər ay 300-400 manat pul ödəyir.İddiaçı tərəf isə bununla razılaşmır. Onun isə bundan artıq məbləğdə ödəniş etməyə imkanı yoxdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişlər. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 15.11.2019-cu il tarixli, 4-MZ2-2-0-1067-19 saylı kredit müqaviləsi və ona edilmiş 1 saylı əlavədən görünür ki, tərəflər arasında müqavilə əsasında 36 ay müddətinə, 25% məbləği əsasında 20000 manat məbləğində kredit verilmiş, 15.12.2019-cu il tarixdən başlayaraq hər ay ödəniş edilməsi barədə cavabdeh R.H. Hümbətov üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 15.11.2019-cu il tarixli, 4-MZ2-2-0-1067-19 saylı zaminlik müqavilələrindən görünür ki, əsas borclu Cavabdeh1 15.11.2019-cu il tarixli, 4-MZ2-2-0- 1067-19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin edilmiş və zaminlər əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 26.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 20824.26 manat əsas borc, 6434.46 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 27258.72 manat məbləğində borcu vardır. İş materiallarında olan 4-MZ2-2-0-1067-19 saylı kredit müqaviləsinə 11 dekabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 30 may 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı 01.11.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 5 gün müddətində İddiaçı ASC-nə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdehlər onlara edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 07.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 20472.44 manat əsas borc, 8327.61 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 29547.27 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 746-cı maddəsinə əsasən borc vermək vəd edildikdə vəd edən borc verməkdən o halda imtina edə bilər ki, digər tərəfin əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olsun. Borc vermək vədi yazılı surətdə tərtib edilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə şərtlərinə kredit vermək öhdəliyini iddiaçı "xxxx" ASC tərifindən yerinə yetirilsə də, cavabdehlər tərəfindən müqavilənin şərtlərinə əməl olunmayaraq pozulmuşdur. İşin müəyyən edilən hallarına əsasən cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatdan və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-nə 15.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 07.04.2022-ci il tarixə 20472.44 manat əsas borc, 8327.61 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 29547.27 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən iddiaçı "xxxx" ASC-nin təqdim etdiyi 07.04.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edildi ki, Cavabdeh1 tərəfindən müəyyən məbləğdə ödəniş edilməsi nəticəsində ödənilən məbləğ əsas borc məbləğindən çıxıldığı üçün faiz məbləği artmışdır. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi R.N.Abdullayevin məhkəmə iclasında verdiyi izahatı nəzərə alaraq hesab edir ki, əsas borc yeni maliyyə arayışında nəzərdə tutulan miqdarda tutulmaqla, faiz məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxta olan məbləğ nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 20472.44 manat əsas, 6434.46 manat faiz borcu olmaqla, ümumilikdə 26906.9 manat borc və 171.78 manat ödənilmiş dövlət rüsumu tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 20472.44 manat əsas, 6434.46 manat faiz borcu olmaqla, ümumilikdə 26906.9 (iyirmi altı min doqquz yüz altı manat doxsan qəpik) manat borc və 171.78 (yüz yetmiş bir manat yetmiş səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1482/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1482/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver