Məhkəmə qərarları › İş №2(060)-1491/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1491/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1491/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 915,40 manat əsas borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, idiaçının Sumqayıt filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 29 ay müddətinə, illik 27 faiz olmaqla 1900 manat məbləğində kredit vermişdir. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 2941 saylı məktubu ilə müəyyən edilir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda cavabdehlər ödəniş cədvəlinə əsasən ödəməli olduqları kredit və hesablanmış faizləri banka ödəməkdə yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Bu səbəbdən banka olan borc ödənilməmiş qalır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1491/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən iddiaçının xeyrinə 684,40 manat əsas borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Minarə Əhmədova onun və digər cavabdehin anasıdır. Onun iddia tələbinə etirazı yoxdur və borcu etiraf edir. Lakin, hər ay 50 manat məbləğində ödəniş etməyə imkanı çatır. Pandemiya və əməliyyat olması ilə əlaqədar 2 ay ödəniş edə bilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, iştirak edən şəxslərin izahatlarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 xx.xx.1973-cü ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh1 isə xx.xx.1968-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ilə X4 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Minarə Əhmədovaya illik 27 faiz ilə 29 ay müddətinə 1900 manat məbləğində kredit vermişdir. Qeyd edilən məbləğin borcalana verilməsini xx xxxxxx 2018ci il tarixli məxaric orderi təsdiq edir. Kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən borcalan kredit borcunu 29 ay müddətinə, ayda 90 manat, sonuncu ay 86,39 manat ödəniş etməklə icra etməli idi. xx.xx.2019-cu il tarixli, 014161 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, borcalan X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 2941 saylı məktubu ilə müəyyən edilir ki, xx.xx.2019-cu ildə vəfat etmiş X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və cavabdehlər tərəfindən qəbul edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 20/1038 saylı maliyyə arayışına əsasən Minarə Əhmədovanın xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 915,40 manat borcu vardır. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 21/401 saylı maliyyə arayışına əsasən cavabdehin xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 684,40 manat borcu vardır. Təqdim edilmiş ödəniş cədvəli ilə cavabdehin kredit müqaviləsi üzrə ödənişlər etdiyi müəyyən edilir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh Minarə Əhmədova arasında kredit (borc) müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdehlər Minarə Əhmədovanın hüquqi varisləri olmaqla onun kredit müqaviləsinə əsasən üzərinə götürdüklər üzrə cavabdehlik daşıyırlar. Lakin, onlar öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə əsas borc üzrə iddiaçıya 684,40 manat borcları qalmışdır. İddiaçı hazırda həmin borcu tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 684 (altı yüz səksən dörd) manat 40 (qırx) qəpik, ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu və bank xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar