Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1493/2024 24.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 sentyabr 2007-ci il təvəllüdlü X4 və 26 oktyabr 2010-cu il təvəllüdlü X1 üçün hər uşağa ayda 235 manat olmaqla ümumillikdə 470 manat alimentin və mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 01 dekabr 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 28 sentyabr 2007-ci il təvəllüdlü X4 və 26 oktyabr 2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5000/2020 saylı mülki iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında 01 dekabr 2006-cı ildə Sumqayıt Şəhər Nikah evində bağlanmış 1920 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 28 sentyabr 2007-ci il təvəllüdlü X4 və 26 oktyabr 2010-cu il təvəllüdlü X2 onun yanında qalması və 24 avqust 2010-cu il tarixdən başlayaraq 28 sentyabr 2007-ci il təvəllüdlü X4 və 26 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən İddiaçı alimentin miqdarının artırılması və digər xərclərin ödənilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, hal-hazırda işsizdir. Heç bir gəliri yoxdur. İddiaçının məhkəmədə alimentin miqdarının artırılması və digər xərclərin ödənilməsi tələbinə dair iddia qaldırması onu təəccübləndirir ki, nəyə əsaslanıb qeyd edilən tələblərini edir. İddia tələbi ilə əlaqədar məhkəmyə onun iş fəaliyyətində olan dəyişikliklərlə bağlı mötəbər sübutlar təqdim etməlidir. O, bu sübutların olmayan yerdə nəyini təqdim edəcəkdir? O, iki uşağa 340 manat manat aliment ödəyir. MPM, AM və Azərbaycan Respublikasının Konstutsiyasına görə uşaqları hər iki valideyn saxlamalıdır. İddiaçı SOCAR Qazixrac İdarəsi Abşeron X8 sahəsində işləyir və ayda 800 manata yaxın əmək haqqı alır. Məhkəmə iclasında iddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Belə ki, qarşı tərəf alimenti uşaqlarına verməlidir. Cavabdeh də borc qoymuş və getmişdir. Hər dəfə qapısı döyülür və ondan borc istənilir. Cavabdehlə əlaqəsi yoxdur. Olduğu yeri də bilmir. İş yeri və gəliri barədə də məlumatı yoxdur. Hər uşaq üçün 235 manat miqdarında aliment tələb edir. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5000/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə Behbudova (Əliyeva) Kəmalə Vaqif qızı arasında xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış 1920 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 ananın – İddiaçı yanında qalmaları, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-691/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt şəhər məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəvllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiyaya dair 50 manat xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. - Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı iki övladları vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşaqlar doğulmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə həmin nikah pozulmuşdur. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ilə alimentin məbləği hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği dəyişdirilmiş və hər uşaq üçün 130 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-691/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-691/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulub uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alır. İddiaçı aliment məbləğinin 130 manat məbləğindən dəyişdirilərək 235 manat tələb etməsinə baxmayaraq, tələbini təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Ailə Məcəlləsinin müddəlarına əsasən aliment məbləğinin artırılması ilə bağlı iddia tələbi irəli sürülərkən cavabdehin maddi vəziyyətində yaxşılaşmaların olması sübut olunmalıdır. Həmçinin qeyd olunan vəziyyətdə uşaqların əsaslı mənafeləri də mütləq nəzərə alınmaqla, alimentin hər ay davamlı ödənilməsini təmin etmək üçün, cavabdehin gəlirləri buna imkan verməklə yetərli olmalıdır. Məhkəmə, iddianın mediasiya xərci ilə bağlı olan hissəsini araşdıraraq hesab edir ki, iddia təmin edildiyindən tələb bu hissədə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1000 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-691/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 180 manat, ümumillikdə 360 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh ödənilmiş 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1493/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1493/2024
24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver