Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1495/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Z.Tağıyev 12 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 19, mənzil 14 ünvanında qeyri-qanuni yaşayan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi, həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Tağıyev-12 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 19, mənzil 14 ünvanında qanunsuz yaşayır. Kirayə müqaviləsi ilə ev onun adına deyildir, sənədinin olmamasının səbəbindən göstərilən ünvanda qeyri-qanuni yaşayır. Tərəflərindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, həmin mənzil AR Müdafiə Nazirliyinin balansında olan xüsusi təyinatlı mənzildir. Cavabdehə qanuni əsaslarla kirayə müqaviləsi ilə mənzil verilməmişdir, o, qanunsuz əsaslarla yaşayır. Dəfələrlə cavabdehə həmin mənzilin təcili boşaldılmasına dair xəbərdarlıq edilsə də belə o, bu xəbərdarlığa məhəl qoymamış və bu səbəbdən də həmin mənzilin boşaldılmasına görə iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Belə ki, mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməyə əngəl yaradır. Mənzildə qanunsuz yaşayan şəxslər mənzildən çıxarıİmalıdırlar, belə ki, hazırda mənzilə ehtiyacı olan və mənzil növbəsində duran çoxlu sayda hərbi qulluqçular vardır. Qeyd edilənlərə əasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh Tağıyev-12 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 19, mənzil 14 ünvanında qanunsuz yaşayır. Onunla kirayə müqaviləsi bağlanmamışdır. Həmin mənzil AR Müdafiə Nazirliyinin balansında olan xüsusi təyinatlı mənzildir. Dəfələrlə cavabdehə həmin mənzilin boşaldılmasına dair xəbərdarlıq edilsə də, o bu xəbərdarlığa məhəl qoymamışdır. Halbuki, hazırda mənzilə ehtiyacı olan və mənzil növbəsində duran çoxlu sayda hərbi qulluqçular vardır. Onu da qeyd edir ki, digər sakinlər də cavabdehdən narazıdırlar. Belə ki, o həmin mənzilə kənardan çoxsaylı şəxslər gətirir. 1 ildən çoxdur ki, cavabdeh kommunal ödənişləri də etmir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırda həmin mənzildə tək yaşayır. Anası hərbi hissədə xidmət edib və mənzil anasına verilib. Anası rəhmətə gedib, hazırda heç kimi yoxdur. Mənzil üçün kirayə haqqının verilməməsindən xəbəri olmayıb. O valideyn himayəsindən məhrum olmuş şəxsdir. Ona dövlət tərəfindən ev verilməlidir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. 5.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin 18 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Hüseynova Səadət Balabəy qızı Sumqayıt şəhəri Z.Tağıyev 12 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 19, mənzil 14 ünvanında sənədsiz yaşamışdır. Halhazırda mənzil sənədsizdir. 7.İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görüğnür ki, Cavabdeh Sumqayıt şəhəri Z.Tağıyev 12 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 19, mənzil 14 ünvanında qanunsuz yaşayır. 8.İşdə olan AZ-İ 549053 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2003-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası Hüseynova Səadət Balabəy qızıdır. 9.İşdə olan 159 nömrəli, xx.xx.2024-cü il tarixli, 188 nömrəli, xx.xx.2024-cü il tarixli, 196 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Cavabdeh qanunsuz yaşadığı Sumqayıt şəhəri Z.Tağıyev 12 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 19, 14 saylı mənzilin boşaldılması bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 10.İşdə olan AZ-İİ 254860 saylı ölüm haqqında şəhadətnamənin suətindən görünür ki, Hüseynova Səadət Balabəy qızı xx.xx.2022-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 99 nömrə ilə qeyd edilmişdir. 11.İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri Z.Tağıyev 12 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 19, 14 saylı mənzil Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin balansındadır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 dövlət mənzil fonduna aid yaşayış sahəsidir. Cavabdeh həmin mənzildə yaşayır. İddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılması barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 14.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 15.Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 17.Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 18.“İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 19.Mənzil Məcəlləsinin 17-ci maddəsinə görə mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2). İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu (17.3). Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır (17.4). Mənzil fondunun dövlət uçotu mənzil fondunun uçotunun digər formaları ilə yanaşı, onun texniki uçotunun aparılmasını, o cümlədən mənzil fondunun inventarlaşdırılmasını və texniki pasportlaşdırılmasını (yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğunun təmin edilməsi ilə əlaqədar yaşayış sahələri barədə texniki və digər məlumatları özündə əks etdirən sənədlərin – yaşayış sahələrinin texniki pasportlarının tərtib edilməsi (rəsmiləşdirilməsi) də daxil olmaqla) nəzərdə tutmalıdır (17.5). 20.Mənzil Məcəlləsinin xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri barədə müddəalarına görə xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri (91.1). Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir (92). Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur (93.1). Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir (98.1).
21. Məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1-də heç bir qanuni əsas olmadan yaşayır. Belə ki, həmin mənzil Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisinin (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarı ilə ayrılmamış, o cümlədən mənzilə dair Cavabdeh ilə kirayə müqaviləsi bağlanmamışdır. 22.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1-ə hər hansı hüququ mövcud olmayan cavabdehin bu mənzildə yaşaması həmin mənzilə hüquqları mövcud olan iddiaçının hüquqlarını məhdudlaşdıran haldır. Bu səbəbdən iddia tələbi ünvan 1 ünvanında qeyri-qanuni məskunlaşmış Cavabdeh həmin mənzildən çıxarılması hissəsində təmin edilməlidir.
23. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə hər hansı istifadə hüququ olmadığından onun Sumqayıt şəhəri Z.Tağıyev 12 hərbi şəhərciyi, K.Kərimov küçəsi, ev 19, 14 saylı mənzildən istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbinin təmin edilməsinə zərurət yoxdur.
24. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri Z.Tağıyev 12 hərbi şəhərci, K.Kərimov küçəsi, ev 19, 14 saylı mənzildən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva