Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1497/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı X3 Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 12500 manat və 6000 ABŞ dollarının alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdeh ondan 2500 manat borc almış və xx.xx.2016-cı il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdeh ondan 10000 manat borc almış və xx.xx.2016-cı il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdeh ondan 6000 dollar borc almış və xx.xx.2016-cı il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin pulları öz kommersiya işlərini görmək üçün almış və söz vermişdir ki, gətirdiyi malları satandan sonra qaytaracaqdır. Lakin sonradan bildirdi ki, onun kommersiya işləri yaxşı getməyib, mallar gəlməyib və sairə. Hər dəfə də pulunu tələb edəndə ona vaxt verməyini xahiş edirdi. Hətta bir çox tanışlarını da yanına xahişə göndərmişdir. O da insanlıq edib illərlə gözləmişdir. Sonda isə demişdi ki, evini satıb pulunu verəcəkdir. Hətta bunun üçün bir şəxsi də yanına göndərib zaminlik etdirmişdi. Lakin sonradan eşitdi ki, evini sataraq qaçıb gedib. İllər ərzində pulunu ondan hüquqi qaydada tələb etməməyinin səbəbi onun xahişləri və yalvarışları olmuşdur. İndi isə onu aldadaraq ölkədən çıxıb gedəndən sonra başa düşdü ki, onun könüllü surətdə pulu qaytarmaq fikri yoxdur. Ona görə də hazırkı iddia ilə məhkəməyəmüraciət edir. Cavabdeh kredit müqaviləsinə əsasən ondan borc pul alaraq həmin pulu qaytarmaq öhdəliyi götürmüş, lakin bu vaxta qədər həmin pulları ona qaytarmamışdır. Ona görə də həmin borc məbləği olan 12500 manat və 6000 ABŞ dolları cavabdehdən alınaraq ona verilməlidir.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında nümayəndəsi olduğu X2 cavabdeh olduğu 2(060)-7800/2024 saylı məhkəmə işi vardır. İddia ərizəsində qeyd edilən tələbə etiraz edərək aşağıdakı dəlillərə əsaslanaraq iddianı qəbul etmir: 1. İddiaçı ilə X5 arasında 4 saylı Notariat Kontorunda bağlanılan xx.xx.2016, xx.xx.2016 və xx.xx.2016-cı il tarixli kredit müqavilələri uydurma əqdlərdir. Belə ki, qeyd olunan müqavilələrdə göstərilən pul məbləğləri müvafiq Notariat Kontorunun depozit hesabına qoyulmamış və cavabdeh tərəfindən də həmin pul məbləğləri götürülməmişdir. İddiaçı müqavilələrdə göstərilən pul məbləğlərini faktiki olaraq cavabdehə verməsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Bu müqavilələr sadəcə formal olaraq bağlanılmışdır. Belə ki, müqavilədə göstərilən məbləğlər X4 deyil, başqa şəxsə verilmişdir. Lakin iddiaçı həmin şəxslərə etibar etmədiyi üçün cavabdehlə formal müqavilələr bağlamışdır. 2. İddiaçı iddia ərizəsini iddia müddətinin tələblərini pozaraq məhkəməyə təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin məcəllənin 745.4-cü maddəsinə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Göründüyü kimi, yuxarıda qeyd etdiyi uydurma müqavilələrin bağlanılması tarixlərindən artıq 8 ildən çox müddət keçmişdir, amma idiaçı hələ indi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə olunan sənədlər ona xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə çatdırılmışdır.
İddia müddətinin tətbiqi haqqında ərizənin əsaslandırıldığı hallar:
4. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmənin icraatında nümayəndəsi olduğu X2 cavabdeh olduğu 2(060)-7800/2024 saylı məhkəmə işi vardır. Müvafiq iş üzrə İddiaçı ilə X2 arasında xx.xx.2016, xx.xx.2016 və xx.xx.2016-cı il tarixlərində uydurma əqdlər – kredit müqavilələri bağlanılmışdır. İddia ərizəsinin verilməsinə etiraz olaraq bildirmək istəyir ki, müvafiq iddia, iddia müddətinin ötürülməsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi müqavilələrin bağlanması və şəxsin müqavilə üzrə borcun tələb etməsi tarixindən artıq 8 ildən çox müddət keçmişdir və bununla da iddiaçı iddia müddətini ötürmüşdür. Yuxarıda göstərilən faktiki halları, Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərini rəhbər tutaraq iddia müddətinin ötürülməsi ilə iddianın məhkəməyə verildiyini nəzərə alaraq iddia müddətinin ötürülməsi barədə iş üzrə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh işini bitirdikdən sonra pul məbləğini qaytarmalı idi. İddiaçının onlarla heç bir işləri olmamışdır. İddiaçı ona borc pul vəsaiti verdiyi üçün cavabdeh iddiaçıya əlavə məbləğ verməli idi. Qarşı tərəf etiraz ərizəsində iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla əlaqədar bildirmişdir ki, bu müddət ərzində qarşı tərəf pul vəsaitini ödəyəcəyini etiraf etmiş, eyni zamanda iddiaçıdan möhlət verilməsini istəmişdir. Eyni zamanda iddiaçı cavabdehin qardaşı Elşən adlı şəxsə də borc vermişdir. İddiaçı cavabdehdən pulunu tələb edən zaman cavabdehin qardaşı həm öz borcunu, həm də qardaşının borcunu qaytaracağını, sadəcə möhlət verilməsini xahiş etmişdir. İddiaçı cavabdehin işlərinin yolunda getmədiyini gördüyü üçün onlara möhlət vermişdir. Evi satdıqdan sonra iddiaçının borcunu qaytaracaqlarını bildirmişdirlər. 2024-cü ilin yay aylarında iddiaçı həmin evə yaxınlaşmış və başqa şəxs evin onun tərəfindən alındığını bildirmişdir. Hesab edir ki, cavabdeh, eləcə də qardaşı borcu ödəmək üçün illərlə iddiaçıdan möhlət istədiyi üçün iddia müddətinin axımı dayanmışdır. Eyni zamanda bildirir ki, 10000 manatdan artıq pul vəsaiti oduqda məbləğ depozit hesabına köçürülür. Ondan aşağı olan məbləğlərin depozit hesabına köçürülməsinə ehtiyac yoxdur. Burada hər hansısa depozit hesabına pul köçürülməməsi pul vəsaitinin verilməməsi demək deyildir.
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəflə ortaq deyildir. Onlara sadəcə borc pul vermişdir. Cavabdeh ona verdiyi borc pul vəsaiti ilə işlərini gördükdən sonra borc məbləğindən əlavə pul vəsaiti verməli idi. Bu səbəbdən ona borc vermişdir. Möhlət verilməsi ilə bağlı cavabdehlə danışıqları olmuşdur. Daha sonra həmin telefon nömrəsi ilə əlaqə saxlamaq istəsə də, həmin nömrəyə zəng çatmamışdır. Cavabdeh evi satıb borcunu qaytaracağını bildirmişdir. Lakin avqust ayında evi satıb yoxa çıxmışdır. Möhlət verilməsi ilə bağlı sadəcə telefon danışıqları olmuşdur. Qarşı tərəf Vüqar Rəhimovla qohumluq əlaqəsini olduğunu bildirsə də, həmin şəxslə qohumluq əlaqəsi yoxdur.
7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, Vüqar adlı şəxs pampers biznesi ilə məşğul idi. Maddi çətinlikləri olduğu üçün iddiaçı ilə tanış etmişdir. Vüqarı tanıdığı üçün müqaviləni o imzalamışdır. Lakin pul vəsaiti birbaşa Vüqar adlı şəxsə verilmişdir.
8. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, iddiaçının nümayəndəsi və vəkili qarşı tərəfin borcu etiraf etdiyini bildirir, lakin buna dair hər hansısa sübut təqdim edə bilməmişdirlər. Tərəf pulu notarial qaydada verdiyini iddia edir. Belə olduqda pul vəsaiti notariusun depozit hesabına keçməlidir. Cavabdeh sözügedən pul vəsaitinin ona verilmədiyini, eyni zamanda pulun notariusun depozit hesabına keçmədiyini bildirmişdir. Pul vəsaiti başqa şəxsə, tərəfin qohumu X6 verilmişdir. Sadəcə olaraq cavabdeh zamin qismində iştirak etmişdir. İddiaçı həmin şəxsə etibar etmədiyi və cavabdehlə tanış olduğu, cavabdeh də Vüqar adlı şəxsi tanıdığı üçün müqaviləni formal şəkildə bağlamışdırlar. Cavabdehə sözügedən pul vəsaiti verilməmiş və cavabdeh həmin pul vəsaitini almamışdır. Borcun etirafına dair, həmçinin iddia müddətinin kəsilməsinə dair sübutlar yoxdur.
Şahid ifadələri:
9. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirdi ki, cavabdeh qardaşı, iddiaçı isə qardaşının dostudur. Vüqar adlı şəxs pampers biznesi ilə məşğul olurdu. Türkiyədən gətirilməsini həyata keçirirdi. İddiaçı pampers satışından əldə olunan gəlirdən pay almaq üçün ona müəyyən məbləğlərdə pul vəsaiti vermişdir. Vüqar adlı şəxsi iddiaçı ilə onlar tanış etdiyi üçün təminat olaraq müqavilələri qardaşı və o imzalamışdır. Pul vəsaiti birbaşa Vüqar adlı şəxsə verilmişdir. İddiaçı bir neçə dəfə onun qabağını kəsərək borcunu ödəməsini bildirmiş, lakin o isə ona hər hansı borcunun olmadığını bildirmişdir. İddiaçıya evi sataraq borcu ödəyəcəyini deməmişdir. Çünki ona borcu yoxdur.
Tədqiq olunan sübutlar: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 2500 manat məbləğində pul borc verməyi, borcalan krediti xx.xx.2016-cı il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
10. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 1000 manat məbləğində pul borc verməyi, borcalan krediti xx.xx.2016-cı il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
11. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 6000 ABŞ dolları, yəni 9900 manat məbləğində pul borc verməyi, borcalan krediti xx.xx.2016-cı il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).”
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
16. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
17. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 2500 manat məbləğində pul borc verməyi, borcalan krediti xx.xx.2016-cı il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən borcverən borcalana 1000 manat məbləğində pul borc verməyi, borcalan krediti xx.xx.2016-cı il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixdə tərəflər arasında yenidən kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcverən borcalana 6000 ABŞ dolları, yəni 9900 manat məbləğində pul borc verməyi, borcalan krediti xx.xx.2016-cı il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
18. Göründüyü kimi, İddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti barədə razılığa gəlmişlər.
19. Məhkəmə qeyd edir ki, iddia əsaslı sayılsa da cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyinindən və belə ərizənin verilməsi iddiadan imtina üçün əsas olduğundan məhkəmə hesab edir ki, iddia müddəti tətbiq olunaraq iddia tələbi rədd edilməlidir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış yuxarıda adları qeyd edilən müqavilələrin icra edilməsi müddəti müvafiq olaraq 28 fevral 2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il olmuşdur. Yəni cavabdeh müqavilə üzrə öhdəliyini həmin tarixlərədək icra edəcəyini öz üzərinə götürmüşdür. İddiaçı isə öhdəliyin icrası müddəti bitdikdən uzun müddət sonra, yəni 19 noyabr 2024-cü il tarixdə borcun qaytarılmasına dair tələblə məhkəməyə müraciət etmişdir.
20. Məhkəmə qeyd edir ki, sözügedən müqavilənin icra edilməsi müddətinin bitməsi anından 9 ildən artıq müddət keçmişdir. Ödənişlərin icra edilməsi müddətinin xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il tarixlərədək müəyyən edildiyi nəzərə alındıqda, cavabdehin iddiaçı qarşısında öhdəliyinin müddətinin qeyd olunan tarixlərdə bitməsi, bu müddət ərzində sözügedən kredit müqavilələri üzrə icra edilməmiş öhdəliyinin olması və iddiaçının bu halı sorğulamaması ağlabatan deyildir.
21. İddiaçının cavabdehə möhlət verməsinə dair dəlillərinə gəldikdə isə məhkəmə qeyd edir ki, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
22. Hazırki halda isə iddiaçı tərəfindən məhkəməyə iddia müddətinin axımının kəsilməsinə əsas ola biləcək hallara dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh də qeyd edilən halı, yəni iddiaçı tərəfindən ona möhlət verildiyini etiraf etməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı iddia müdətinin axımının kəsilməsinə və ya dayanmasına səbəb olan hallar müəyyən edilməmişdir.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etdiyindən iddia təmin edilməməlidir.
Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı X1 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva