Məhkəmə qərarları › İş №2(060)-1498/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1498/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1498/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2050 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin iyul ayında cavabdehə 2050 manat məbləğində borc pul vermişdir. Bu barədə cavabdehin öz xətti ilə yazdığı əlyazması da var. Aralarında olan razılaşmaya görə cavabdeh hər ay hissə-hissə olaraq həmin pulu ona qaytarmalı idi. Lakin cavabdeh aralarında olan razılaşmaya əməl etməmişdir. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə o, müxtəlif bahanələr gətirərək iddiaçıya olan borcunu ödəməkdən yayınır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə iş yoldaşı olmuşdur. Onlar bir müddət birlikdə şüşə sexində işləmişlər. Cavabdeh ona olan borcunu yazılı formada öz imzası ilə təsdiq etmişdir. Lakin pulun cavabdehə verildiyi tarixi dəqiq xatırlamır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışılarından görünür ki, iddiaçı xx.xx.1985-ci ildə, Qubadlı rayonu, Xocahan kəndində anadan olmuş, hazırda Qubadlı rayonu, Xocahan ərazi dairəsi, Xocahan kəndində qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1971-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına cavabdeh tərəfindən yazılmış əlyazmanın surəti əlavə olunmuşdur. Həmin əlyazmada göstərilmişdir ki, “Cavabdeh İddiaçıla öz aramızda razılaşaraq 2050 manat hissə-hissə ödəyəcəyimi öz öhdəmə götürürəm.” Əlyazmanın sonunda “Nurullayev” soyadı yazılmış və imzalanmışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan yazılı qəbzdə cavabdeh iddiaçıya borcu olduğunu etiraf etdiyi üçün həmin qəbzə borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcu qaytarmaq öhdəliyi yaranmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla bağlı mövqeyini ifadə etməmişdir. İşdən göründüyü kimi iddiaçı cavabdehə 2050 manat pul vermiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, həmin pulu iddiaçıya qaytarmamışdır. Buna görə də iddia təmin edilməli, 2050 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2050 (iki min əlli) manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar