Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1500/2023 06.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Yelobank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1726,28 manat əsas, 339,89 manat faiz, 431,18 manat cərimə borcu olmaqla, ümumilikdə 2497,35 manat məbləğində borcun və 44,97 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 22 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən X7 iddiaçıdan illik 19,3 faizlə 24 ay müddətinə 2200 manat məbləğində kredit götürmüşdür. 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 3338 №-li, 15 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və X8 miras əmlakdan pay almalıdırlar. 2023-cü ilin yanvarın 10-dək X5 iddiaçıya 22 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1726,28 manat əsas, 339,89 manat faiz borcu, 862,36 manat cərimə borcu olmaqla, ümumilikdə 2928,53 manat borcu vardır. X5 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya ümumi cərimə borcu 862,36 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 431,18 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, həyat yoldaşı Namik Namazov 13 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlak yalnız birdəfəlik ödənilən xəstəlik müavinətindən ibarətdir. Digər 350 manat ödəniş isə dəfn xərcidir ki, onu bələdiyyədən arayış təqdim etməklə almışdır. İddiaçının tələb etdiyi məbləği ödəməyə maddi imkanı yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsin xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1977-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin surətinə əsasən X7 ilə cavabdeh arasında nikah xx.xx.2007-ci ildə, Sumqayıt şəhər Nikah evində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Namazov, arvada Həsənova soyadları verilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə Namik Namazov arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı Namik Namazova 24 ay müddətinə, illik 19,3%-lə, 2200 manat kredit vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Namik Namazovun həmin tarixə borcu əsas borc üzrə 1726,28 manat, faiz borcu üzrə 339,89 manat, cərimə üzrə 862,36 manat olmaqla, cəmi 2928,53 manat təşkil edir. Ölüm haqqında şəhadətnamənin və “Elektron notariat” X1 vasitəsilə “X3” AQİS-dən çıxarışın surətlərinə əsasən X7 xx.xx.2022-ci ildə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun 5 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 44,97 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə sorğusu əsasında xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair xx.xx.2022-ci il tarixdə, reyestrdə 2V-1648 nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin surəti məhkəməyə göndərilmişdir. xx.xx.2022-ci il tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri, arvadı Cavabdeh və qızı X6r. Şəhadətnamə verilən miras əmlak “Azəriqaz” İB tərəfindən xx.xx.2022-ci il tarixli, 01/01 MS-04-3 nömrəli məktubuna əsasən 199,15 xəstəlik müavinətindən ibarətdir. “Azəriqaz” İB tərəfindən Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən 13 yanvar 2022-ci ildə vəfat etmiş işçi X5 hesabına ödənilməli 350,00 manat dəfn müavinəti və 199,15 məbləğində xəstəlik müavinəti vardır. Bu ödənişlərin qanunvericiliyə uyğun olaraq vərəsəsi - arvadı Cavabdeh hesabına vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edildikdən sonra köçürülməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). İşdən göründüyü kimi iddiaçı ilə cavabdeh X7 arasında kredit müqaviləsi bağlanmış və 2200 manat məbləğində kredit məbləği iddiaçı tərəfindən Namik Namazova verilmişdir. Namik Namazov xx.xx.2022-ci ildə vəfat etmişdir. Hazırda iddiaçı cavabdehin Namik Namazovun vərəsəsi olmasına əsaslanaraq kredit borcunu ondan tələb edir. Mülki Məcəlləyə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (1306.1.). Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar (1306.2.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyi nəzərə alınaraq qeyd edilməlidir ki, cavabdeh Namik Namazovun vərəsəsi olaraq onun iddiaçı qarşısında öhdəliyi üzrə yalnız Namik Namazovdan miras kimi ona keçmiş əmlakla həddində məsuliyyət daşıya bilər. Həmin əmlak isə 199,15 manat xəstəlik müavinətindən ibarətdir. Bu səbəbdən iddia yalnız həmin həddə təmin oluna bilər. Həmin məbləğin kredit müqaviləsi üzrə hansı borclara aid edilməsi ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır (432.4. ). Məhkəmə hesab edir ki, 199,15 manat həddində öhdəlik kredit müqaviləsi üzrə faizlərə aid edilməli və həmin məbləğdə faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 44,97 manat dövlət rüsumunun 10 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 199 (yüz doxsan doqquz) manat 15 (on beş) qəpik məbləğində faiz borcu və 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «Yelobank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1500/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1500/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver