Məhkəmə qərarları › İş №2(060)-153/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-153/2022

20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-153/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X3, Cavabdeh və onun nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 21513 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qızı ilə 2016-cı ildə rəsmi nikahla ailə həyatı qurmuş və 1 övladı vardır. Cavabdehin adında Abşeron rayon Saray qəsəbəsində 3 sota yaxın torpaq sahəsi olmuş və o, həmin torpaq sahəsi üzərində 3 otaqdan ibarət ibarət tikili tikmiş, lakin təmir işləri aparmamışdır. Qızının toy ərəfəsində cavabdeh iddiaçıya bildirmişdir ki, onun maddi imkanı aşağıdır və həmin evdə şərait yaratmaq üçün ona pul lazımdır. Həmin işlərin aparılmasında ona maddi yardım etdikdən sonra cavabdeh pulu iddiaçıya yavaş-yavaş qaytaracaqdır. İddiaçı ona inanaraq həmin tikiliyə tikinti materialları almaq üçün hər dəfə 1500 manat olmaqla 3 dəfəyə 4500 manat məbləğində pul vermiş və sonradan o evin tavan və döşəməsinə taxtaların vurulması məqsədi ilə 3000 manat, evə emulsiya və boya almaq üçün 240 manat, havalandırıcı üçün 100 manat, kombi sistemi üçün 1450 manat, ustaya zəhmət haqqı vermək üçün 400 manat, divar kağızının alınması üçün 600 manat, kafel-metlax işlərinin görülməsi üçün 620 manat, lak və karnizlərin alınması üçün 250 manat, santexnik işləri üçün 300 manat, darvaza üçün 550 manat, hamam aksessuarları üçün 800 manat, mətbəxt mebeli üçün 1350 manat, şadlıq sarayına olan borcunun və qızıla qalan borcun ödənilməsi üçün 3803 manat, əlavə də anasının xəstəliyi və toyqabağı xərclərin qarşılanması üçün ümumilikdə 4000 manat pul almış və bu puldan 450 manat qaytarmışdır. Sonradan iddiaçı cavabdehdən ondan aldığı və evinin təmirinə çəkilmiş xərcləri qaytarmasını istəmiş, lakin o hər dəfə bir bəhanə gətirməklə aldığı pulları ona qaytarmamış və bunun müqabilində iddiaçıya 21513 manat maddi ziyan vurmuşdur. İddiaçı həmin ziyanı da cavabdehdən tələb edir. Cavabdeh iddiaçıya borclu olması barədə yazılı iltizam da vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdeh onun kürəkənidir. Cavabdeh ondan borc pulu evi təmir etdirmək üçün, həmçinin toy xərcləri və cavabdehin anasının müalicəsi üçün almışdır. Həmin puldan cəmi 450 manat pul qaytarmışdır. Qalan məbləği isə qaytarmaqdan imtina etmişdir. Cavabdeh iddiaçıya olan borcunu yazılı qəbzdə etiraf etməsinə baxmayaraq, heç bir ödəniş etməyib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil X7 məhkəm iclasında izahat verərək bildirdi ki, cavabdeh dəfələrlə qərəzli şəkildə ekspertizadan yayınaraq həqiqətin aşkar olunmasının qarşısını alıb. Cavabdeh öz iradə ifadəsi ilə yazılı qəbzdə iddiaçıdan pulların alınmasını təsdiq edib. Qəbzdə də qeyd olunur ki, həmin pullar evin təmiri və sonuncu dəfə cavabdehin anasının xəstəliyi ilə əlaqədar alınıb. Cavabdeh iddiaçıya cəmi 450 manat pul qaytarıb. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıdan aldığı pulun hamısını qaytarıb. O, həmin pulu 400, 500 və 600 manat olmaqla, ödənişləri hissə-hissə yerinə yetirmişdir. Bununla bağlı onun şahidləri də var. Öncəki təşkil edilən ekspertiza zamanı evdə olsa da, ekspert onunla əlaqə saxlayaraq Qarabağ bölgəsinə ezam olunması ilə bağlı getməli olduğunu bildirmişdi. Bu səbəbdən ekspertizanın keçirilməsi təxirə salınıb. Daha sonra cavabdeh növbəti ekspertizanın tarixinin bir gün öncədən ona məlumat verilməsini bildirsə də, bu haqda məlumat verilməmişdir. İddiaçı iddia etdiyi pulla bağlı məhkəməyə sübut təqdim etməyib. İltizamda 10.000 manata yaxın pul götürüldüyü qeyd edilib. Həmin pulun çox hissəsi iddiaçıya qaytarılıb. Sonuncu dəfə aldığı 2000 manat pulu isə anasının xəstəliyi ilə əlaqədar almışdır. Evin təmir işlərini onun tanışı olan Elşən adlı uşta 600 manata həyata keçirib. Digər xərcləri də nəzərə aldıqda evin təmiri 4000 manata başa gəlib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh iddiaçıdan 10000 manata yaxxın pul götürüb və onu qaytarıb. İddiaçı tərəf evin təmirinə 21 000 manat xərc çəkildiyini bildirsə də, bu sübuta yetirilməyib. İddiaçı həmçinin iddia ərizəsində 1350 manat mətbəx mebeli üçün cavabdehə pul ödədiyini bildirmişdir. Onların məhkəmədə digr hakimin icraatında cehiz-əmlak tələbi ilə bağlı işləri olmuş və iddiaları rədd olunmuşdur. Həmin əmlakın içərisində iddiaçının iddia etdiyi mətbəx mebeli də var. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1965-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1989-cu ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən cavabdehlə X1 arasında nikah xx.xx.2016-cı il tarixində, Sumqayıt Nikah evində bağlanmışdır. İş materiallarına cavabdeh tərəfindən yazılmış əlyazmanın surəti əlavə olunmuşdur. Həmin əlyazmada göstərilmişdir ki, “Mən Cavabdeh öz izahatımla bildirirəm ki, mənim Saray qəsəbəsində Tərlan şadlıq sarayını arxasında olan 3 otaqlı tikdirdiyim evi, 2 otağının, dəhlizin pulunu, suvağını və 1 otağını ağartmışdım. Digər təmirləri imkanım olmadığı üçün saxlamışdım. Su, qaz kanalizasiya və işıq xəttini özüm çəkdirmişəm. Qapı və pəncərələri özüm, damını özüm vurdurmuşam. Ancaq 2016-cı ildə X1 ilə ailə qurarkən onun anası, mənim qaynanam İddiaçı mənim evimi öz şəxsi vəsaiti ilə tam təmir elətdirmiş, kombi çəkdirmiş, darvaza qoydurmuş və toydan əvvəl mənə iki min manat pul vermişdi. O pulun 450 manatını qaytarmışan. Hal-hazırda anam xəstə olduğu üçün yenidən iki min manat borc pul alıram və söz verirəm ki, aldığım borcları tam geri qaytaracam”. Əlyazmanın aşağı hissəsində cavabdehin ad və soyadı qeyd edilmiş və imzalanmışdır. Tarix “xx.xx.2020” kimi göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, cavabdehlə “Karvan” ticarət mərkəzində birgə işləyirlər. İddiaçının bir neçə dəfə ticarət mərkəzində görmüşdür. Təxminən 2-3 dəfə ayrı-ayrı vaxtlarda cavabdeh ona 100 manat, 200 manat, 10 manat məbləğlərində pul vermiş və bildirmişdir ki, həmin pulu qaynanası gəlib ondan götürəcək. Pulun nə məqsədlə verildiyini cavabdehdən soruşmamış və bu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, cavabdehlə birlikdə “Karvan” ticarət mərkəzində işləyirlər. İddiaçını tanımır. Cavabdehin ona pul verməsini görməmişdir. Sadəcə olaraq cavabdeh ondan 2-3 dəfə 100 manat, 50 manat və 150 manat məbləğlərində borc pul götürüb. Səbəbini cavabdehdən soruşduqda isə qaynanasına verəcəyini bildirmişdir. Cavabdeh onun özündən pulu borc olaraq təxminən 1 il öncə alıb və qaytarıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Hazırkı iş üzrə iddiaçı cavabdehə məxsus olan fərdi yaşayış evinin təmiri və digər məqsədlər üçün cavabdehə ümumilikdə 21513 manat borc pul verdiyini və cavabdehin həmin pulu qaytarmadığını bildirərək, həmin pulu cavabdehdən tələb edir. Cavabdeh isə iddiaçıdan əslində 10000 manat borc pul aldığını və həmin pulu qaytardığını bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (106.3). Göründüyü kimi cavabdeh iddiaçıdan 10 000 manat pulu borc olaraq aldığını etiraf etmişdir. Belə olan halda iddiaçı öz iddiasının əsaslılığını həmin hissədə sübut etmək vəzifəsindən azad edilir və həmin pulun qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Eyni zamanda cavabdeh onun tərəfindən yazılaraq imzalandığını inkar etmədiyi yazılı iltizamda iddiaçının şəxsi vəsaiti hesabına ona məxsus olan fərdi yaşayış evini tam təmir etdirdiyini, kombi çəkdirdiyini, darvaza qoydurduğunu, toydan əvvəl ona 2000 manat pul verdiyini və iltizam yazılan vaxt yenə də iddiaçıdan 2000 manat borc pul götürdüyünü etiraf etmişdir. Məhkəmə hesab edir ki, həmin iltizama borcun etiraf edilməsi barədə müqavilə kimi baxılmalıdır. Mülki Məcəlləyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Cavabdeh yazılı iltizamda iddiaçı tərəfindən ona məxsus mənzilin təmir edildiyini etiraf etdiyindən məhkəmə tərəfindən həmin mənzilin təmirinə çəkilmiş xərclərin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir. İş qiymətləndirmənin keçirilməsi üçün bir dəfə müstəqil qiymətləndiriciyə göndərilmişdir. Fərdi yaşayış evinə baxış keçirilməsi üçün şərait yaradılmadığından müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmənin aparılmasından imtina edilmişdir. Sonradan iş ekspertiza keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və ekspert fərdi yaşayış evinə baxış keçirilməsinə şərait yaradılmadığından rəy verməkdən imtina etmişdir. MPM-də göstərilmişdir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (97.5.). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2.). Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmadığından cavabdehə məxsus Abşeron rayon Saray qəsəbəsində yerləşən fərdi evin təmirinə çəkilmiş xərclərin dəyəri iddiaçının bildirdiyi məlumatlar əsasında müəyyən edilməlidir. İddiaçının hesablamalarına görə həmin təmir işləri üçün cavabdehə ümumilikdə 14160 manat pul vermişdir. Tərəflər arasında hər hansı hədiyyə verilməsi ilə bağlı münasibətlər olmadığı üçün məhkəmə fcavabdehə məxsus evin təmirinə çəkilmiş xərcləri borc kimi qiymətləndirir və hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda cavabdeh yazılı iltizamda iddiaçıdan 2 dəfə, hər dəfə 2000 manat olmaqla, cəmi 4000 manat pul aldığını etiraf edərək, həmin puldan 450 manat qaytardığını bildirmiş və qalan məbləği qaytaracağını vəd etmişdir. İddiaçı isə cavabdehin ona 450 manat pul qaytardığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qaytardığı məbləğ həmin 4000 manatdan çıxılmaqla, yerdə qalan 3550 manat təmir xərcinin üstünə əlavə edilməli və cəmi 17710 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şahid ifadələrinə gəldikdə qeyd edilməlidir ki, Rəhilə Rüstəmova cavabdehin ona təxminən 300 manat pul verdiyini və həmin pulun iddiaçı tərəfindən ondan alındığını bildirmiş, lakin pulun verilmə məqsədinin nə olduğunu bilməmişdir. Digər şahid isə cavabdehin ondan qaynanasına vermək üçün borc pul aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, həmin ifadələr ümumi xarakterli olmaqla cavabdeh tərəfindən iddiaçıya borcun qaytarılmasını təsdiq edə bilməz. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17710 (on yeddi min yeddi yüz on) manat pul və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar