Məhkəmə qərarları › İş №2(060)-1538/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1538/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1538/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 (on iki min) manat əsas borc, borc pulun ödənildiyi günə qədər hesablanmış illik 7.25% bank uçot dərəcəsi kimi 870 manat pulun və dövlət rüsumunun ödənilməsinə görə 126 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bağ qonşusu vasitəsilə tanıyıb, onların yaşadıqları bağ evinnin yanında bağ evi tikməklə məşğul olduqlarına görə onunla orada tez-tez görüşürdülər. Həmin vaxtdan da onların yaxın münasibətləri yaranmışdır. 2024-cü ilin avqust ayının 20-də onlar görüşən zaman cavabdeh ondan qısa müddətə qaytarmaq şərti ilə borc pul istəmişdir. O, da cavabdehə inandığından, xahişini yerə salmayıb, 12 000 (on iki min) manat borc pul verməyə razılaşmış və onlar elə həmin günü Sumqayıt şəhəri, 13-ci mikrorayon ərazisində yerləşən Sumqayıt şəhər 1 saylı notariat ofısində Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 12 000 (on iki min) manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndində də qeyd olunmuşdur ki, “Borc alan” borcu 3 (üç) ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək “Borc verənə” tam məbləği qaytarmağı öhdəsinə götürür. Həmçinin də Cavabdeh ona götürdüyü borcu vaxtında tam şəkildə qaytaracağına söz versə də, verdiyi vədə sahib çıxmamış və götürdüyü borcu qaytarmaqdan boyun qaçırmışdır. Borcun qaytarılması istiqamətində etdiyi cəhdlərə baxmayaraq verdiyi pulu cavabdehdən ala bilməmişdir. Cavabdeh tərəfindən öhdəliyin icrasının yerinə yetirilməsi gündən düz bir aydan çox vaxt keçməsinə baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Cavabdeh hazırda qanunsuz olaraq ona məxsus puldan istifadə edir və borcun qaytanlması barədə düşünmür. Borcun qaytarılmaması onun maddi durumuna mənfi təsir göstərir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlib. Həmin Məcəllənm 21.2 maddəsinə görə, zərər dedıkdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mərkəzi Bankın 2021-ci ilin oktyabr ayında uçot dərəcəsi 7%, 2023-cü ilin dekabr ayında isə 8% olmuş və beləcə 2021-2024-cü illər üzrə orta faiz dərəcəsi 7,5% təşkil etmişdir. Hazırki tarixdə, yəni xx.xx.2024-cü ildə isə Mərkəzi Bankın vahid uçot dərəcəsi 7.25% təşkil etdiyindən müvafıq qaydada hesablanmış 870 manat məbləğində zərər tutularaq ona ödənilməlidir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, cavabdeh keçən məhkəmə iclasında etdiyi ödənişlərə dair məhkəməyə sübutlar təqdim edəcəyini bildirsə də, bugünkü məhkəmə iclasına gəlməmişdir. Əsas borcun qaytarılması hissəsində iddia tələbini müdafiə edirlər. Hazırda borcun icra edilmə müddətindən çox keçməmişdir. Bu səbəbdən Mərkəzi Bankın uçor dərəcəsinə uyğun faia borcun tutulması hissəsində iddianın həllini məhkəmənin mülahizəsinə verir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Əvvəlki məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddiaçı ona faizə pul verərək onu aldatmışdır və hazırda onun evini mənimsəməyə çalışır. O, iddiaçıya aralarında olan bu məsələyə görə hətta borc müqaviləsi bağlamağı da təklif edib. Bildirir ki, iki dəfə iddiaçıya 2700 manat olmaqla ödəniş edib, ümumilikdə cavabdehə 5400 manat pul verib, həmin pulları iddiaçının kartına göndərib. Qeyd etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim edə bilər.

6. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materillarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 12.000 (on iki min) manat məbləğində borc pul vermişdir.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 11.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 12.Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 13.Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 14.Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).

15. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh borc müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə isə 12000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və həmin hissədə iddia təmin edilməlidir.

16. Məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəmə iclasında iddiaçıya sözügedən müqavilə üzrə ümumilikdə 5400 manat pul ödədiyini və bununla bağlı məhkəməyə sübut təqdim edəcəyini bildirsə də, növbəti məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə istinad etdiyi hallarla bağlı hər hansı sübut təqdim etməmişdir. 17.Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 19.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 20.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 21.Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad edərək Cavabdeh borclu olduğu pulu vaxtında ona qaytarmamaqla ondan faydalandığına istinad edərək həmin pulun müəyyən faizi (illik 7.25% olmaqla) qismində hesablanmış 870 manat məbləğində pulun tutulmasını xahiş etsə də, sözügedən məbləği hansı müddət üçün və hansı qaydada hesabladığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 22.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi borc pulun ödənildiyi günə qədər hesablanmış illik 7.25% bank uçot dərəcəsi kimi 870 manat pulun tutulması hissəsində təmin edilməməlidir.

23. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 126 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.

24. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

25. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 12000 (on iki min) manat əsas borc və 126 (bir yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar