Məhkəmə qərarları › İş №2(060)-1558/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1558/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1558/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə təxminən 2011-ci ildə tələbə vaxtı tanış olmuşdur. 2023-cü ilin oktyabr - noyabr aylarında ticarətlə məşğul olduğunu, hətta bacararsa iddiaçıya da işlərdən həvalə edə biləcəyini bildirdi. İddiaçı da bu sahədən anlayışsız olduğunu bildirmişdir ki, Cavabdeh iddiaçını inandırdı ki o, ticarətlə məşğul olur. İddiaçı da sözügedən ticarətdən əlavə gəlir götürmək məqsədi ilə Cavabdeh iddiaçıda olan və başqa bir tanışından aldığı pulları təxminən 11000 manat hissəli şəkildə vermişdir. 2023-cü ilin dekabr ayından Cavabdeh pulunu hissə-hissə geri qaytarmasını istəsə də, cavabdeh iddiaçıya qaytardığı pulları çox gec yeni deyilən vaxtda qaytarmadı. 2024-cü ilin yanvar ayında şəxsi istifadəsində olan “Toyota Prius” markalı avtomobilini sataraq borc aldığı şəxsə qalıq borcunu ödədi. Şəxsi avtomobilini satıb Cavabdeh əvəzindən borc bağlasa da o, bu qədər yaxşılığının qarşılığında iddiaçıya hər zaman yalan danışdı və ona olan inamından su-istifadə etdi. Zamanla onun iddiaçıya borcu 4150 manat qaldı. 2024-cü ilin dekabr ayının əvvəli cavabdeh ilə əlaqə yaradaraq iddiçıya ay sonuna kimi 300 manat pul verməsini xahiş etdi ki, o da iddiaçıya hər zamanki kimi vədlər verdi. Dekabr ayında iddiaçıdan yenidən 15 manat borc aldı və ay sonunda 315 manatı geri verəcəyini bildirdi. Lakin dekabr ayının 30-u iddiaçıya yalnız 150 manat pul verərək qalan hissəni də bir neçə saata göndərəcəyini bildirdi, hələ də heç bir ödəniş etməyib. Göstərilənlərə əsasən Cavabdeh 4150 manat və məhkəmə xərclərinin iddiaçıya dəymiş ziyan olaraq qiymətləndirərək ümumi məbləğin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək tələbin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 4150 manat məbləğində pul vermiş, lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə Cavabdeh İddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırda iddiaçı borcun qaytarılmasını tələb edir, cavabdeh də iddiaçıya borclu olduğunu etiraf edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

7. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

12. Göründüyü kimi borc məbləği 3000 manatdan çox olduğuna görə, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə əsassız varlanmaya dair maddi hüquq normaları tətbiq olunmalıdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

14. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

15. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, bu halda iddiaçının tələb etdikləri sübut olunur, lakin cavabdehin borcu tam qaytarması barədə bildirdikləri sübut olunmur. Halbuki, sübutetmə yükü cavabdehin iddiaçının bildirdiklərini təsdiq etdiyi andan cavabdehə keçib və borcu qaytarmağını, ona borcunun olmadığını iddiaçı deyil, cavabdeh sübut etməlidir. Yekun nəticə olaraq iddiaçının cavabdehə pul verdiyi təsdiq olunur, lakin cavabdehin iddiaçıya pulu tam qaytarmağı sübut olunmur.

17. Həmçinin, iş materiallarında olan “whatsapp” yazışmalarından müəyyən olunur ki, cavabdehin iddiaçıya həqiqətən də borcu yaranmışdır. Eyni zamanda, məhkəmə iclasında Cavabdeh İddiaçı 4150 manat məbləğində borcu olduğunu etiraf etmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

19. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

20. Beləliklə, məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.

21. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4150 (dörd min bir yüz əlli) manat məbləğində pul və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.

22. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4150 (dörd min bir yüz əlli) manat məbləğində pul və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar