Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1571/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13172/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136,60 manat sabit pul məbləğində alimentin iddiaçıya verilməsi qət edilmişdir. Lakin, cavabdehin ödədiyi aliment uşağın saxlanması üçün kifayət etmədiyindən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdehin maddi imkanı çox yaxşıdır. Onda olan məlumata görə cavabdeh neft şirkətində işləyir.O, tələb olunan alimenti ödəyə bilər. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, o, cavabdehin həyat yoldaşıdır. Onlar ailədə 6 nəfərdirlər və iki uşaqları vardır. Cavabdeh neft şirkətində fəhlə işləyir. Lakin onun işi daimi deyildir. Cavabdehin ən çoxu 150 manat məbləğində aliment ödəməyə maddi imkanı çatar. Bu qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1980-ci ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. 11 saylı Mənzil Kommunal Sahəsinin 1824 saylı arayışında göstərilmişdir ki, cavabdeh ünvan 2 ünvanında yaşayır. 13 saylı Mənzil Kommunal Sahəsinin 659 saylı arayışında göstərilmişdir ki, iddiaçı ünvan 3 ünvanında yaşayır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2007-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13172/2017 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136,60 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, cavabdeh xx.xx.2013-cü ildə X4 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan onun xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı övladları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Eyni zamanda bir uşaq üçün yüksək məbləğdə alimentin tutulması digər uşağın hüquqlarının pozulmasına səbəb olmamalıdır. İddiaçı övladı üçün 170 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh yeni nikaha daxil olmuşdur və həmin nikahdan iki uşağı vardır. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 13172/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 155 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırda iddiaçı alimentin 136,60 manatdan 170 manata qədər artırılmasını (34 manat) tələb etdiyi üçün tələb üzrə 1 illik ödəmələrin məcmusu 500 manatdan azdır. Buna görə iddiaçı 20 manat dövlət rüsumu ödəməli idi. MPM-in 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən cavabdehdən ödənilməli olan 20 manat məbləğində dövlət rüsumunun 10 manatı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13172/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 155 (yüz əlli beş) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1571/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1571/2021
30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver